Yarımfinala qədər yüksələrək tarixi uğura imza atan Misir milli komandası Rumıniyada keçirilən 18 yaşadək qadın həndbolçular arasında dünya çempionatında bürünc medal uğrunda matçda Danimarkaya 23-19 hesabı ilə məğlub olub. Misir dördüncü pillə ilə kifayətlənməli olsa da, bu nəticə yarış tarixində yarımfinala yüksələn ilk Afrika və ərəb komandası kimi böyük bir ilkin təməlini qoyub.
Misir yığması mübarizəyə Xorvatiya üzərində 27-24 hesablı qələbə ilə başlayıb, daha sonra Fransa ilə qarşılaşmada da eyni hesabla mühüm qalibiyyət qazanıb. Cənubi Koreya (28-27) və Danimarka (23-22) üzərindəki qələbələr də onların bu parlaq çıxışının diqqətçəkən məqamları arasında yer alıb.
Daha sonra dörddəbir finalda Çinə 30-29 hesabı ilə qalib gələn Misir adını son dörd komanda arasına yazdırıb. Lakin yarımfinal görüşündə İspaniyaya gərgin mübarizədə 27-26 hesabı ilə uduzub.
Misir komandası onları bu tarixi dördüncü pilləyə daşıyan baş məşqçi Məhəmməd Əbdülkərimin rəhbərliyi altında təsirli bir turnir keçirib.
Misir həndbol milli komandasının keçmiş kapitanı Hüseyn Zəki bütün oyunçuların turnir boyunca müstəsna oyun nümayiş etdirdiklərini, Misir, Afrika və ərəb dünyasının idman tarixinə yeni bir səhifə yazdıqlarını bildirib.
O, heyətdə yer alan bir sıra həndbolçuların gələcəkdə əsas milli komandada çıxış edəcəyini əlavə edib.
"Misir qadın milli komandası son dünya çempionuna (İspaniya) qarşı kəsərli oyun nümayiş etdirdi. Cəmi bir top fərqli məğlubiyyət komandanın gücünü və qarşılaşmanın nə qədər başabaş keçdiyini göstərdi".deyə, Zəki vurğulayıb.
Milli komandanın keçmiş oyunçusu Saber Hüseyn isə qadın həndbolunun son illərdə ciddi inkişaf yolu keçdiyini, hazırda Misirin Avropa liqalarında, xüsusilə Fransa və Macarıstanda peşəkar oyunçularının olduğunu diqqətə çatdırıb.
"Komanda mühüm oyunlar keçirdi və biz komandanı qadın həndbolunda bu tarixi uğura çatdıran böyük məşqçi Məhəmməd Əbdülkərimin sayəsində Misir həndbolu üçün yeni ulduzlar kəşf etdik".-deyə o əlavə edib.
Hüseyn bildirib ki, Misirdə bu idman növünün yüksəlişi 1990-cı illərdən başlayıb və bunun nəticəsi olaraq kişi milli komandası 2001-ci ildə Fransada keçirilən dunya çempionatını dördüncü pillədə başa vurub.