Beynəlxalq münasibətlərin formalaşması əsrlər boyu müharibələr, güc balansının dəyişməsi və yeni siyasi mərkəzlərin yüksəlişi ilə müşayiət olunub. Vestfaliya sülhündən Birləşmiş Millətlər Təşkilatının yaranmasına qədər hər böyük böhran dünyada yeni qaydaların formalaşmasına səbəb olub.
1648-ci il Vestfaliya sülhü müasir beynəlxalq münasibətlərin başlanğıc nöqtələrindən biri hesab olunur. Otuzillik müharibədən sonra dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilə etməmək prinsipləri ön plana çıxıb, Avropada dini imperiya modelinin yerini milli dövlətlər və qüvvələr balansına əsaslanan sistem tutub.
1789-cu il Fransa inqilabı isə bu sistemi yenidən sarsıdıb. Napoleon Bonapartın yürüşləri Avropadakı monarxik düzəni təhlükə altına salıb və 1805-ci ildə Austerlits döyüşündə Avstriya və Rusiyanın məğlubiyyəti qitədə güc balansını dəyişdirib.
Napoleonun 1815-ci ildə Vaterloda məğlubiyyətindən sonra keçirilən Vyana Konqresi yeni siyasi tarazlığın əsaslarını müəyyən edib. Böyük dövlətlər qüvvələr balansını qorumaq, böhranları məsləhətləşmələr yolu ilə həll etmək və Avropada genişmiqyaslı müharibələrin qarşısını almaq barədə razılığa gəliblər. Bu sistem təxminən bir əsr ərzində qitədə nisbi sabitliyin qorunmasına imkan verib.
Lakin XIX əsrin sonlarında dövlətlər arasında möhkəm hərbi ittifaqların yaranması, millətçiliyin yüksəlişi və müstəmləkə rəqabəti Avropanı yeni qarşıdurmaya sürükləyib. 1914-cü ildə Sarayevoda Avstriya-Macarıstan vəliəhdi Frans Ferdinandın öldürülməsi Birinci Dünya müharibəsinin başlanmasına gətirib çıxarıb.
Müharibədən sonra yaradılan Millətlər Liqası kollektiv təhlükəsizliyi təmin etməyə çalışsa da, ABŞ-ın quruma qoşulmaması və digər siyasi ziddiyyətlər onun təsir imkanlarını məhdudlaşdırıb. 1919-cu il Versal müqaviləsinin Almaniyaya tətbiq etdiyi ağır şərtlər isə ölkədə narazılığı artıraraq sonrakı siyasi radikallaşmaya zəmin yaradıb.
İkinci Dünya müharibəsindən sonra beynəlxalq sistem yenidən qurulub. 1945-ci ildə BMT yaradılıb, ABŞ və Sovet İttifaqının başçılıq etdiyi ikiqütblü sistem formalaşıb. Soyuq müharibə dövründə nüvə çəkindirməsi birbaşa böyük müharibənin qarşısını alsa da, Koreya, Vyetnam, Əfqanıstan və digər ölkələrdə dolayı qarşıdurmalar davam edib.
1991-ci ildə Sovet İttifaqının dağılması ilə ABŞ-ın üstün olduğu birqütblü mərhələ başlayıb. Lakin sonrakı onilliklərdə Çin və Rusiyanın güclənməsi, BRİKS kimi platformaların meydana çıxması və iqtisadi-siyasi güc mərkəzlərinin çoxalması dünyanı yenidən çoxqütblü sistemə doğru aparıb.
Beynəlxalq münasibətləri izah edən əsas yanaşmalardan biri realist məktəbdir. Bu baxışa görə, dövlətlər üçün əsas məqsəd təhlükəsizliyini və milli maraqlarını qorumaq, gücünü artırmaqdır. Liberal yanaşma isə dövlətlər arasında iqtisadi qarşılıqlı asılılığın, demokratiyanın və beynəlxalq təşkilatların əməkdaşlığı gücləndirə biləcəyini müdafiə edir.
Hazırda beynəlxalq sistem iqlim dəyişikliyi, miqrasiya, enerji təhlükəsizliyi, kibertəhlükələr, regional münaqişələr və Hörmüz boğazındakı gərginlik kimi problemlərlə üz-üzədir. Bu məsələlər yalnız ayrı-ayrı dövlətlərin milli maraqları ilə həll edilə bilməyəcək qədər geniş miqyas alır.
Tarix göstərir ki, böyük beynəlxalq sistemlər çox vaxt dağıdıcı müharibələrdən sonra yenidən qurulub. İndi əsas sual isə yeni dünya nizamının növbəti qlobal fəlakətdən sonra, yoxsa diplomatiya və beynəlxalq əməkdaşlıq yolu ilə formalaşacağıdır.