BAKI, VOA
Çin 1917-ci il avqustun 14-də Birinci Dünya müharibəsində neytrallıq siyasətindən imtina edərək Almaniyaya müharibə elan edib.
Müharibənin əsas məqsədlərindən biri müharibədən sonrakı danışıqlarda iştirak etmək və Yaponiyanın nəzarətinə keçən Şandun yarımadası üzərində mövqelərini bərpa etmək olub. Çin bununla yanaşı, bölgədə əsas rəqibi olan Yaponiyaya qarşı siyasi mövqeyini gücləndirməyə çalışıb.
Lakin 1919-cu ildə Versal Sülh Konfransında Şandunla bağlı mübahisədə müttəfiqlər Yaponiyanın mövqeyini dəstəkləyib. Bu qərar Çində geniş etirazlara səbəb olub və mayın 4-də Pekində kütləvi nümayiş keçirilib.
Versal qərarlarına qarşı yaranan hərəkat sonrakı illərdə Çində radikal millətçiliyin güclənməsinə və 1921-ci ildə Çin Kommunist Partiyasının formalaşmasına təsir edən amillərdən biri olub.