BAKI,VOA Analitik Təhlil Mərkəzi, Orxan Qədirzadə
Hörmüz boğazındakı geosiyasi gərginlik və müvəqqəti qapanmalar diqqəti qlobal ticarətin digər mühüm arteriyasına – Malakka boğazına yönəldib. Dünyanın ən işlək dəniz yolu sayılan Malakka boğazı hazırda Yaxın Şərq və Asiya arasında enerji ticarətinin əsas marşrutu kimi strateji əhəmiyyətini artırır. ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) 2025-ci ilin ilk yarısı üçün açıqladığı rəqəmlər göstərir ki, Malakka boğazı gündəlik 23,2 milyon barel neft daşınması ilə Hörmüzü (20,9 milyon barel) geridə qoyaraq dünyanın ən böyük neft keçid məntəqəsinə çevrilib. Bu rəqəm dəniz yolu ilə daşınan qlobal neft həcminin 29%-ni təşkil edir.
İndoneziya, Malayziya və Sinqapur arasında yerləşən 900 kilometrlik bu dar keçid təkcə neft deyil, həm də qlobal dəniz ticarətinin 22%-nin daşındığı kritik zonadır. Malayziya dəniz naviqasiya məlumatlarına görə, 2025-ci ildə boğazdan keçən gəmilərin sayı 102 mini keçərək tarixi rekorda imza atıb. Lakin bu yüksək intensivlik özü ilə ciddi risklər gətirir. Sinqapur yaxınlığındakı Fillips kanalında boğazın eninin cəmi 2,7 kilometrə qədər daralması böyük gəmilərin manevr qabiliyyətini məhdudlaşdırır, toqquşma və ekoloji fəlakət ehtimalını artırır.
Malakka boğazının təhlükəsizliyi xüsusilə Çin üçün milli sağ qalma məsələsidir. Ekspertlər qeyd edir ki, Çinin Yaxın Şərq və Afrikadan idxal etdiyi xam neftin 75%-i məhz bu yolla gəlir. Regiondakı son hərbi gərginliklər Pekində "Malakka dilemması" adlanan köhnə qorxunu yenidən alovlandırıb: boğazın qapanması və ya Cənubi Çin dənizindəki gərginlik fonunda blokadaya alınması Çin iqtisadiyyatının enerji təchizatını tamamilə iflic edə bilər. Bundan əlavə, boğazda artan piratlıq hadisələri (keçən il 104 insident) və gəmidən-gəmiyə qanunsuz neft transferləri ərazinin təhlükəsizlik memarlığını sınağa çəkir.
Nəticə etibarilə, Hörmüz boğazındakı qeyri-müəyyənlik Malakkanı sadəcə bir tranzit yolu deyil, qlobal iqtisadiyyatın ən həssas "boğulma nöqtəsi" (choke point) halına gətirib. Alternativ yolların tapılması və dəniz yollarının diversifikasiyası məsələsi Asiya dövlətlərinin gündəmində artıq iqtisadi seçim deyil, hərbi-strateji zərurət kimi dayanır.