BAKI,VOA,Yusif Şərifzadə
Qətər Səudiyyə Ərəbistanının neft obyektlərini hədəf alan pilotsuz uçuş aparatı hücumlarını qətiyyətlə pisləyib və bu cür addımların beynəlxalq hüququn kobud şəkildə pozulması olduğunu bəyan edib.
VOA xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Riyadın İraq ərazisindən həyata keçirildiyini bildirdiyi hücumların Səudiyyə Ərəbistanının suverenliyinə açıq təcavüz, ölkənin təhlükəsizliyi və sabitliyi üçün ciddi təhdid olduğu vurğulanıb.
Doha bu cür hücumların beynəlxalq hüququn və dövlətlərin suverenliyinə hörmət prinsiplərinin kobud şəkildə pozulması olduğunu bildirib.
Qətər hökuməti bəyanatında Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bir daha ifadə edib və krallığın öz suverenliyini, təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq üçün atacağı bütün qanuni addımları dəstəklədiyini açıqlayıb.
Qətərin bəyanatında hücumların mümkün təşkilatçıları ilə bağlı əlavə məlumat verilməyib.