#Malakka boğazı

İndoneziya və Sinqapur Malakka boğazının bütün ölkələr üçün açıq qalacağını bəyan ediblər. Ölkə rəhbərləri boğazın beynəlxalq dəniz nəqliyyatı üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. İndoneziya bu məsələdə Malayziya və Tailandla əməkdaşlığı davam etdirəcəyini açıqlayıb. Sinqapur isə dənizdə sərbəst hərəkət prinsipinə sadiq olduğunu bildirib. Açıqlama İranın Hörmüz boğazından keçən gəmilər üçün ödəniş tətbiq ediləcəyinə dair bəyanatından sonra verilib. Hörmüz boğazı qlobal enerji ticarətinin əsas marşrutlarından biri hesab olunur. Bu səbəbdən bölgədə baş verən dəyişikliklər beynəlxalq daşımalar üçün xüsusi əhəmiyyət daşıyır. Mütəxəssislər vəziyyətin enerji bazarlarına təsirini diqqətlə izləyirlər.

Beynəlxalq Dəniz Təşkilatının baş katibi Arsenio Dominges Hörmüz boğazında məcburi keçid ödənişlərinin beynəlxalq hüquqa uyğun olmadığını bildirib. O, təhlükəsizlik tədbirlərinin maliyyələşdirilməsi üçün könüllü fond yaradılmasını təklif edib. Dominges bu məsələni Oman rəsmiləri ilə müzakirə etdiyini açıqlayıb. Onun sözlərinə görə, Malakka və Sinqapur boğazlarında tətbiq olunan model Hörmüz üçün nümunə ola bilər. Həmin mexanizm könüllü maliyyə töhfələri hesabına fəaliyyət göstərir. Beynəlxalq Dəniz Təşkilatı müxtəlif variantları üzv dövlətlərin müzakirəsinə çıxarmağı planlaşdırır. Məqsəd regiondakı gərginlik fonunda təhlükəsiz gəmiçiliyin təmin edilməsidir.

Malakka boğazı həm iqtisadi, həm də strateji nöqteyi-nəzərdən Süveyş və Panama kanalları ilə eyni əhəmiyyət dərəcəsinə malik olan dünyanın ən kritik dəniz yollarından biridir. Hind okeanı ilə Sakit okean arasında əsas keçid rolunu oynayan bu boğaz, dünyanın ən çox əhalisi olan üç ölkəsini — Hindistan, İndoneziya və Çini bir-birinə bağlayır. Eyni zamanda Yaponiya, Cənubi Koreya və Tayvan kimi texnoloji nəhənglərin beynəlxalq ticarət dövriyyəsi bu arteriyadan birbaşa asılıdır. Hər il təxminən 50.000 gəminin keçdiyi bu yol, dünya dəniz ticarətinin təxminən dörddə birini təmin edir.

Hörmüz boğazındakı geosiyasi gərginlik və müvəqqəti qapanmalar diqqəti qlobal ticarətin digər mühüm arteriyasına – Malakka boğazına yönəldib. Dünyanın ən işlək dəniz yolu sayılan Malakka boğazı hazırda Yaxın Şərq və Asiya arasında enerji ticarətinin əsas marşrutu kimi strateji əhəmiyyətini artırır. ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) 2025-ci ilin ilk yarısı üçün açıqladığı rəqəmlər göstərir ki, Malakka boğazı gündəlik 23,2 milyon barel neft daşınması ilə Hörmüzü (20,9 milyon barel) geridə qoyaraq dünyanın ən böyük neft keçid məntəqəsinə çevrilib. Bu rəqəm dəniz yolu ilə daşınan qlobal neft həcminin 29%-ni təşkil edir.