Türkiyə

Türkiyənin Manisa vilayətinin Turgutlu rayonunda 75 il gizli qalan ailə sirri məhkəmə qərarı və DNA testi ilə üzə çıxıb. Uzun illər bioloji atasının kim olduğunu bilməyən Kalbiye Sağlam aparılan hüquqi mübarizədən sonra iş adamı Niyazi Üzmezin qızı olduğunu sübuta yetirib və milyardlarla türk lirəsi dəyərində mirasa hüquqi varis olub.

2026-cı ilin yanvar–iyun aylarında Türkiyədə Çin kapitallı 98 yeni şirkət qeydiyyata alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 şirkət və ya təxminən 14 faiz çoxdur. Qurumdan bildirilib ki, hesabat dövründə Türkiyədə qeydiyyata alınan Çin kapitallı şirkətlərin ümumi nizamnamə kapitalı 356 milyon 86 min 812 türk lirəsi təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 343 milyon 805 min türk lirəsi olub.

2026-cı ilin yanvar–iyun aylarında Türkiyədə Azərbaycan kapitallı 116 yeni şirkət qeydiyyata alınıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 51 şirkət və ya təxminən 78,5 faiz çoxdur. Qurumdan bildirilib ki, hesabat dövründə Türkiyədə fəaliyyətə başlayan Azərbaycan kapitallı şirkətlərin ümumi kapitalı 237 milyon 237 min türk lirəsi təşkil edib. Müqayisə üçün qeyd olunub ki, 2025-ci ilin eyni dövründə bu göstərici 392 milyon 600 min türk lirəsi olub.

2026-ci ilin yanvar-iyun ayında Türkiyədə ABŞ kapitalı ilə 46 şirkət qeydiyyata alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12 şirkət çoxdur. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan ABŞ şirkətlərinin məcmu kapitalı 9 milyard 88 milyon 955 min türk lirəsi olduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 79 milyon 22 min 500 türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Türkiyənin Baykar şirkəti ilə İtaliyanın Leonardo müdafiə və aviasiya şirkəti Böyük Britaniyada keçiriləcək Farnborough Airshow sərgisində insanlı və insansız döyüş platformalarının birgə fəaliyyətinə dair əməkdaşlığın son nəticələrini beynəlxalq ictimaiyyətə təqdim edəcək.

Böyük Birlik Partiyasının (BBP) mərhum sədri Muhsin Yazıcıoğlu və daha beş nəfərin həyatını itirdiyi helikopter qəzası ilə bağlı istintaqda 17 ildən sonra yeni iddialar araşdırma materiallarına daxil edilib. İstintaq çərçivəsində həbs olunan şübhəlilərdən biri, F-4 hərbi təyyarəsində Silah Sistemləri Zabitı kimi xidmət etmiş Ali Armağan barəsində helikopter qəzası ilə bağlı yeni ittihamlar irəli sürülüb.

İstanbul Cumhuriyyət Baş Prokurorluğu tərəfindən Ahbap Fonduna qarşı aparılan istintaq çərçivəsində saxlanılan media platforması rəhbəri Oğuzhan Uğurun polis idarəsində ifadəsinin alınmasına başlanılıb. İstintaq çərçivəsində daha əvvəl Ahbap Fondunun təsisçisi Haluk Levent də daxil olmaqla 18 şübhəli barəsində həbs qətimkan tədbiri seçilmişdi.

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Kipr Sülh Hərəkatının 52-ci ildönümü münasibətilə yaydığı bəyanatda Avropa Parlamentinin Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) ilə bağlı mövqeyini kəskin tənqid edib və Kipr türklərinin gələcəyinə dair qərarların Brüsseldə deyil, Kipr türk xalqı tərəfindən veriləcəyini bildirib.

Türkiyədə İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib. Ölkənin 30 vilayətində aparılan əməliyyat zamanı 119 nəfər saxlanılıb. Şübhəlilər terror təşkilatına üzvlük, təbliğat və maliyyələşdirmə fəaliyyətində iştirak etməkdə ittiham olunurlar. Əməliyyat zamanı çoxsaylı sənəd və rəqəmsal material ələ keçirilib. İyunun sonunda Ankarada İŞİD-lə əlaqədə şübhəli bilinən bir nəfər silahlı qarşıdurmada zərərsizləşdirilmişdi. Daha sonra terror təşkilatları ilə əlaqədə şübhəli bilinən 209 nəfər də saxlanılmışdı. Türkiyə terrorizmlə mübarizə əməliyyatlarını davam etdirəcəyini bəyan edib.