Əbu-Dabi Mədəniyyət və Turizm Departamenti və Avroliqa Basketbol Təşkilatı Avropa klub basketbolu mövsümünün rəsmi açılışını edəcək yeni turnirin - Avroliqa Basketbol Superkubokunun təsis edildiyini elan ediblər.
ArabAZ xəbər verir ki, ilk turnir 18-19 sentyabr tarixlərində Əbu-Dabinin Yas adasında yerləşən "Etihad Arena" kompleksində keçiriləcək. Superkubok Avroliqa Basketbol Təşkilatının yarışlar portfelinə maraqlı əlavə olmaqla yanaşı, Avropanın elit klub basketbolunu nümayiş etdirən illik tədbir yaradır və liqanın qlobal miqyasda nüfuzunu daha da genişləndirir. İlk yarışın Əbu-Dabidə təşkil olunması əmirliyin beynəlxalq basketbol sferasında artan fəal rolunu vurğulayır.
Açılış Superkuboku Avropa klub basketbolu mövsümünün rəsmi startını verəcək ikigünlük tədbir çərçivəsində dörd nəhəng klubu - Avroliqanın hazırkı çempionu "Olimpiakos Pirey", 2025-ci il Avroliqa çempionu "Fənərbaxça Tarfin İstanbul", 2026-cı ilin finalçısı "Real Madrid" və BƏƏ-ni təmsil edən "Dubay Basketbol" klubunu bir araya gətirəcək.
Yarış hər gün iki oyun olmaqla "Dördlər finalı" formatında təşkil ediləcək. 18 sentyabr cümə günü "Olimpiakos Pirey" saat 18:00-da "Fənərbaxça Tarfin İstanbul" ilə, "Dubay Basketbol" isə saat 21:00-da "Real Madrid" ilə qarşılaşacaq. Turnir 19 sentyabr şənbə günü başa çatacaq; üçüncü yer uğrunda görüş saat 18:00-da, ilk Avroliqa Basketbol Superkubokunun final oyunu isə saat 21:00-da start götürəcək. Göstərilən bütün saatlar Körfəz Standart Vaxtı (GST) ilə verilib.
"Avroliqa Basketbol Superkubokunun ilk buraxılışı Əbu-Dabinin Avroliqa Basketbol Təşkilatı ilə uzunmüddətli tərəfdaşlığında növbəti mühüm mərhələdir və azarkeşlər üçün dünya səviyyəli təcrübələr yaradaraq bu idman növünü inkişaf etdirmək istiqamətindəki ortaq arzularımızı əks etdirir.Yeni mövsümün açılışı üçün dörd elit klubu Əbu-Dabiyə gətirmək əmirliyin yüksək səviyyəli idman tədbirləri üzrə qlobal məkan kimi mövqeyini daha da gücləndirir, eyni zamanda turizm iqtisadiyyatımız, yerli biznesimiz və cəmiyyətimiz üçün davamlı dəyər formalaşdırır. Beynəlxalq idman təqvimimizi genişləndirməyə davam etdiyimiz bir vaxtda Superkubok kimi tədbirlər gənc nəsil oyunçuları ruhlandırmaqda və qlobal auditoriyanı Əbu-Dabiyə cəlb etməkdə mühüm rol oynayır".- deyə, Əbu-Dabi Mədəniyyət və Turizm Departamentinin Turizm üzrə Baş Direktoru Saleh Məhəmməd əl-Gəziri bildirib.
Əbu-Dabidə təşkil olunmuş Avroliqa Dördlər Finalının uğuruna əsaslanan yeni Superkubor Avroliqa Basketbol Təşkilatı ilə Əbu-Dabi Mədəniyyət və Turizm Departamenti arasındakı uzunmüddətli tərəfdaşlığın yeni səhifəsini təmsil edir.
"Avroliqa Basketbol Superkubokunun təsisi Avropa klub basketbolu üçün həyəcanverici yeni bir dövrün başlanğıcıdır. Yeni mövsümün startını qeyd etmək üçün ən uğurlu klublardan bəzilərini bir araya gətirəcək bu yarışın ilk buraxılışında Əbu-Dabi Mədəniyyət və Turizm Departamenti ilə tərəfdaşlıq etməkdən məmnunuq. Əbu-Dabi basketbola və möhtəşəm beynəlxalq idman tədbirlərinin təşkilinə güclü sadiqlik nümayiş etdirib və bu da onu yeni turnir üçün ideal məkana çevirir".-deyə Avroliqa Basketbol Təşkilatının Prezidenti Deyan Bodiroqa bildirib.
Avroliqa Basketbol Təşkilatının Baş İcraçı Direktoru Çus Bueno isə qeyd edib ki, Avroliqa Basketbol Superkuboku daim yeniliklər etmək və Avropa klub basketbolunun əhatə dairəsini genişləndirmək istəyini əks etdirir.
"Bu yeni turnirin Əbu-Dabidə başlaması bizə yeni auditoriyaları cəlb etməyə imkan verir, eyni zamanda azarkeşlərə, klublara və tərəfdaşlara idmanımızın ən yaxşı cəhətlərini nümayiş etdirən yüksək səviyyəli tədbir təqdim edir. Biz Superkuboku beynəlxalq basketbol təqviminin əsas flaqman turnirlərindən birinə çevirməyi səbirsizliklə gözləyirik", - deyə o əlavə edib.
Avroliqa Basketbol Superkuboku 2026 üçün tam tədbir paketi biletləri artıq "Etihad Arena"nın rəsmi internet səhifəsində satışa çıxarılıb.