BAKI,VOA, Fərid Mikayılov
Türkiyə sabah 5G texnologiyasına keçid prosesinə start verəcək.
VOA xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran sosial media hesabında məlumat verib.
O bildirib ki, proses Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçiriləcək mərasimlə başlayacaq.
Duran qeyd edib ki, 5G-yə keçid rabitə infrastrukturunda yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, ölkənin strateji imkanlarının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, “Türkiyə Yüzyılı” çərçivəsində kommunikasiya sahəsində güclü, təhlükəsiz və müstəqil sistemin qurulması prioritet hesab olunur. Bu istiqamətdə 5G texnologiyası məlumatın sürətli, təhlükəsiz və fasiləsiz ötürülməsini təmin edən əsas infrastruktur kimi önə çıxır.
Açıqlamada vurğulanıb ki, 5G investisiyaları yerli və milli imkanlarla dəstəklənir və rəqəmsal suverenliyin gücləndirilməsi hədəflənir. Bu addımlar Türkiyənin qlobal miqyasda daha rəqabətli mövqeyə yüksəlməsinə töhfə verəcək.
Bundan əlavə, 5G texnologiyası ilə ağıllı şəhərlər, müdafiə sənayesi, səhiyyə və nəqliyyat sahələrində mühüm yeniliklərin tətbiqi gözlənilir.