BAKI, VOA, Orxan Qədirzadə
Suriya dövlət başçısının təhlükəsizliyi ilə bağlı Türkiyənin Britaniya kəşfiyyatından yardım istədiyi barədə yayılan iddialar rəsmi səviyyədə təkzib edilib.
VOA xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi bu barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb.
Dezinformasiya ilə Mübarizə Mərkəzinin açıqlamasında bəzi xarici xəbər agentliklərində yayılan “Türkiyə Britaniyanın xarici kəşfiyyat xidməti MI6-dan Suriya dövlət başçısı Əhməd əş Şəraanın qorunmasının gücləndirilməsini istəyib” iddiasının əsassız olduğu bildirilib.
Rəsmi açıqlamada qeyd olunub ki, Milli Kəşfiyyat Təşkilatı beynəlxalq kəşfiyyat strukturları ilə və region ölkələrinin təhlükəsizlik qurumları ilə əlaqəli şəkildə fəaliyyət göstərir.
Bildirilir ki, təşkilat xüsusilə terrorla mübarizə sahəsində müxtəlif tərəfdaş qurumlarla əməkdaşlıq edir və regionda təhlükəsizliyin təmin olunmasına yönəlmiş əməliyyatlarda iştirak edir. Bu çərçivədə Suriya təhlükəsizlik qurumları ilə birgə həyata keçirilən əməliyyatlar nəticəsində İŞİD terror təşkilatına qarşı uğurlu tədbirlər görülüb.
Dezinformasiya ilə Mübarizə Mərkəzi vurğulayıb ki, yayılan xəbərlərdə iddia edildiyi kimi, Milli Kəşfiyyat Təşkilatının Britaniya kəşfiyyatından Suriya dövlət başçısının qorunması ilə bağlı hər hansı müraciəti olmayıb və bu barədə məlumatlar həqiqətə uyğun deyil.