Türk Dövlətləri

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran İsrail hökumətini tənqid edib. O, sosial şəbəkə hesabında paylaşdığı açıqlamada İsrailin bölgədə sülhü pozan əsas qüvvələrdən biri olduğunu bildirib və Türkiyənin Fələstin xalqına dəstəyinin davam edəcəyini vurğulayıb. Duran qeyd edib ki, israilli rəsmilərin bölgədə başqalarının “imperialist niyyətləri”ndən danışması, yaxın keçmişdə tarixin ən ağır soyqırımlarından birini həyata keçirmiş olmaları fonunda ciddi ziddiyyət təşkil edir. Onun sözlərinə görə, bölgəni qeyri-sabitliyə sürükləyən bir güc olan İsrailin Türkiyənin gücü və nüfuzuna qarşı uzun müddətdir davam edən isterik yanaşması yalnız gülünc kimi qiymətləndirilə bilər.

Türkiyədə tamamilə süni intellektlə istehsal olunan ilk cizgi filmi olan “Oyun Ovçuları” TRT Avaz telekanalında tamaşaçılara təqdim edilib. AzerVoice xəbər verir ki, layihə çərçivəsində 18 min vizual material və 60 min saniyəlik video məzmun hazırlanıb. Bu cizgi filmi süni intellekti sadəcə texniki vasitə kimi deyil, insan zəkası və yaradıcılığı ilə birlikdə işləyən bir yaradıcı tərəfdaş kimi təqdim edir.

Azərbaycan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlığı yeni mərhələyə çıxararaq regional risklərin birgə idarə olunmasına yönəlmiş strateji yanaşma formalaşdırır. AzerVoice xəbər veriri ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Bakıda keçirilən II Azərbaycan–Türkiyə II İnvestisiya Forumu çərçivəsində təşkil edilmiş "Aqrar tərəfdaşlıq: dayanıqlı inkişaf və qida təhlükəsizliyi" mövzusunda panel müzakirəsində bildirib.

Türkiyə paytaxtında keçirilən imza mərasiminin xüsusi rəmzi mənası var idi. Belə ki, Starmer Ankaraya müdafiə naziri Con Hili və Böyük Britaniya Hərbi Hava Qüvvələrinin komandanı ilə birlikdə gəldi. Üstəlik, razılaşmanın əhəmiyyətini vurğulamaq üçün Kral Hərbi Hava Qüvvələrinə məxsus 3 “Tayfun” (Typhoon) təyyarəsi də Ankaraya uçuş həyata keçirdi. Türkiyə üçün bu saziş Almaniyanın “Eurofighter” alyansındakı açar roluna baxmayaraq, iki ildən artıq müddətdə danışıqları ləngitməsindən sonra siyasi qələbə sayılır.

ABŞ Prezidenti Donald Tramp Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə bir neçə simvolik hədiyyə göndərib. Həmin hədiyyələr arasında Ağ Evin rəmzi açarı və ABŞ Prezidentinin şəxsi avtoqrafı olan beysbol papağı yer alır. Məlumata görə, etimadnamələrin təqdim olunması mərasimindən sonra keçirilən qısa söhbət zamanı Qazaxıstanın ABŞ-dakı yeni səfiri Məğjan İlyasov Prezident Donald Trampla görüşüb. Söhbət zamanı ABŞ lideri cari ilin noyabrında Oval kabinetdə Kasım-Jomart Tokayevlə keçirdiyi görüşlə bağlı təəssüratlarını bölüşüb.

Türkiyədə son bir həftə ərzində jandarma qüvvələri tərəfindən keçirilən əməliyyatlar çərçivəsində dələduzluq, sələmçilik və miqrant qaçaqmalçılığı ilə məşğul olan 7 ayrı mütəşəkkil cinayət qrupuna qarşı tədbirlər görülüb. Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında verdiyi açıqlamada bildirib ki, əməliyyatlar nəticəsində son 5 il ərzində hesablarında 251 milyon lirəlik maliyyə dövriyyəsi müəyyən edilən 67 şübhəli şəxs saxlanılıb.

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən həyata keçirilən xüsusi əməliyyat nəticəsində İŞİD terror təşkilatının intihar aktı törətmək üçün tapşırıq verdiyi Mehmet Gören Əfqanıstan–Pakistan bölgəsində saxlanılaraq Türkiyəyə gətirilib. MİT-in apardığı kəşfiyyat tədbirləri çərçivəsində Əfqanıstan–Pakistan bölgəsində İŞİD-in tərkibində fəaliyyət göstərən türk mənşəli şəxsin olduğu müəyyən edilib. Araşdırmalar zamanı məlum olub ki, sözügedən şəxs İŞİD-ə məxsus düşərgələrdə aktiv fəaliyyət göstərib və zamanla təşkilat daxilində rəhbər vəzifəyə qədər yüksəlib.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Seul şəhərində (C.Koreya) keçirilən “Sərhədləri aşan miras və (ASEAN) Cənub-Şərqi Asiya Ölkələrinin Ortaq Mədəni İrsi: dəyərlər və regional əməkdaşlıq” mövzusuna həsr olunmuş Beynəlxalq Konfransda iştirak edib. Tədbir Cənubi Koreya Respublikasının Milli İrs Xidməti və UNESCO-nun Asiya-Sakit Okean Regionunda Beynəlxalq Qeyri-Maddi Mədəni İrs İnformasiya və Şəbəkə Mərkəzinin (ICHCAP) birgə təşkilatçılığı ilə baş tutub.

Türkiyənin xarici işlər naziri Hakan Fidan və Suriyanın xarici işlər naziri Esad Hasan Şeybani Dəməşqdə görüşərək Suriya Demokratik Qüvvələri (SDQ) ilə inteqrasiya və Şimal-Şərq bölgəsindəki vəziyyəti müzakirə edib. Nazir Fidan bildirib ki, SDQ Dəməşq ilə aparılan inteqrasiya danışıqlarında irəliləyişə maraq göstərmir. O vurğulayıb ki, SDQ-nin bəzi fəaliyyətlərini İsrail ilə koordinasiya şəraitində həyata keçirməsi, Dəməşq ilə aparılan danışıqlarda ciddi əngəl yaradır. Suriya xarici işlər naziri Şeybani isə qeyd edib ki, Şimal-şərqin inteqrasiyası məsələsində SDQ-dən heç bir iradə görünmür. O əlavə edib ki, Cezire bölgəsinə daha çox diqqət yetiriləcək və Suriya dövləti həmin ərazidə mövcud olacaq.