Türkiyənin xarici işlər naziri Hakan Fidan və Suriyanın xarici işlər naziri Esad Hasan Şeybani Dəməşqdə görüşərək Suriya Demokratik Qüvvələri (SDQ) ilə inteqrasiya və Şimal-Şərq bölgəsindəki vəziyyəti müzakirə edib. Nazir Fidan bildirib ki, SDQ Dəməşq ilə aparılan inteqrasiya danışıqlarında irəliləyişə maraq göstərmir. O vurğulayıb ki, SDQ-nin bəzi fəaliyyətlərini İsrail ilə koordinasiya şəraitində həyata keçirməsi, Dəməşq ilə aparılan danışıqlarda ciddi əngəl yaradır. Suriya xarici işlər naziri Şeybani isə qeyd edib ki, Şimal-şərqin inteqrasiyası məsələsində SDQ-dən heç bir iradə görünmür. O əlavə edib ki, Cezire bölgəsinə daha çox diqqət yetiriləcək və Suriya dövləti həmin ərazidə mövcud olacaq.
Türk Dövlətləri
Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın rəsmi təmaslar üçün Suriyanın paytaxtı Dəməşqə səfər edib. Məlumata görə, Türkiyə nümayəndə heyəti Dəməşqdə Suriya Prezidenti Şara və digər yüksək vəzifəli suriyalı rəsmilərlə görüşlər keçirəcək. Səfər çərçivəsində Türkiyə–Suriya münasibətlərinin son bir il ərzindəki inkişafı siyasi, iqtisadi və təhlükəsizlik aspektləri ilə hərtərəfli şəkildə qiymətləndiriləcək.
Türkiyənin Milli Kəşfiyyat Xidmətinin (MİT) rəhbəri İbrahim Kalın HƏMAS-ın Siyasi Bürosunun üzvü və danışıqlar heyətinin rəhbəri Xəlil əl-Həyyənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Məlumata görə, İstanbulda baş tutan görüş Qəzzada atəşkəs razılaşması çərçivəsində təşkil olunub. HƏMAS nümayəndə heyəti atəşkəs şərtlərinə əməl etdiklərini bildirərək, İsrail tərəfinin pozuntuları barədə MİT rəhbərinə məlumat verib.
Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova ölkəsinə göstərilən dəstəyə görə Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA)-nın fəaliyyətini yüksək qiymətləndirib. Məlumata görə, TİKA Şimali Makedoniyanın Ohrid şəhərində yerləşən Ohrid Hidrobiologiya İnstitutuna nəqliyyat vasitələri təqdim edib, həmçinin avadanlıq və təmir dəstəyi göstərib. Layihənin təqdimat mərasimində Şimali Makedoniya prezidenti ilə yanaşı, Türkiyənin Skopyedəki səfiri Fatih Ulusoy, TİKA-nın rəhbəri Abdullah Eren, eləcə də yerli idarəetmə nümayəndələri iştirak ediblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, 300 metr uzunluğunda yeni təyyarədaşıyan gəminin inşa prosesinə rəsmi olaraq başlanılıb. Prezident bu açıqlamanı İstanbul Gəmiqayırma Zavodu Komandanlığında keçirilən dəniz platformalarının xidmətə qəbulu, bayraq qaldırılması və ilk metal kəsmə mərasimi zamanı səsləndirib. Ərdoğan qeyd edib ki, yeni təyyarədaşıyan gəmi TCG Anadolunun daha böyük və inkişaf etdirilmiş versiyası olacaq və Türkiyənin dəniz məkanında strateji çəkindirmə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.
Türkiyə, Müdafiə Sənayesi İcra Komitəsinin qərarları çərçivəsində Çelik Kubbe hava müdafiə sistemini inventarına əlavə edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan layihənin uğurla həyata keçirildiyini və sistemin artıq istifadəyə verildiyini açıqlayıb. Ərdoğan bildirib ki, Müdafiə Sənayesi İcra Komitəsi çərçivəsində başlayan layihələrin nəticələri bir-bir toplanır və Çelik Kubbe də bu müvəffəqiyyətlərin nümunəsidir. Sistem, ölkənin strateji hava müdafiəsini gücləndirəcək və həm Türkiyənin, həm də müttəfiqlərinin təhlükəsizliyinə dəstək olacaq.
19 dekabr 2025-ci ildə Miami şəhərində Türkiyə, ABŞ, Qətər və Misirin nümayəndələrinin iştirakı ilə Qəzza üzrə dördlü toplantı keçirilib. Türkiyəni Xarici İşlər Naziri Hakan Fidan təmsil edib. Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bildirib ki, görüşdə Qəzza sülh planının birinci mərhələsi qiymətləndirilib. Birinci mərhələdə əldə olunan atəşkəsin bəzi pozuntulara baxmayaraq davam etdiyi, rehinələrin azad olunma prosesinin başa çatdığı və qarşıdurmaların böyük ölçüdə dayandırıldığı vurğulanıb.
Türkiyənin Xəzinə və Maliyyə naziri Mehmet Şimşek Türkiyə–Oman 13-cü Dövr Birgə İqtisadi Komitə (KEK) Toplantısı çərçivəsində iki ölkə arasında enerji, təhsil, səhiyyə və nəqliyyat daxil olmaqla 17 fərqli sahəni əhatə edən əməkdaşlıq protokolunun imzalandığını açıqlayıb. Rəsmi səfər çərçivəsində Türkiyəyə gələn Oman Ticarət, Sənaye və İnvestisiya Təşviqi naziri Qais Mohammed Al Yousef və onu müşayiət edən nümayəndə heyəti ilə görüşən Mehmet Şimşek danışıqların məhsuldar keçdiyini bildirib.
“F‑16 tədarükü ilə bağlı problem görmürük. Bizim əsas prioritetimiz F‑35-lərdir. İsrail və Yunanıstanın bu təyyarələrin bizə verilməməsi üçün lobbiçilik etdiyini bilirik. Türkiyə və ABŞ bu problemləri həll edəcək,” – deyə Gülər açıqlayıb. Güler bildirib ki, Türkiyə Böyük Britaniya ilə bağladığı razılaşma çərçivəsində 20 yeni Eurofighter döyüş təyyarəsi alacaq. Təyyarələrin tədarük planı belədir:
Türkiyənin Milli Müdafiə Naziri Yaşar Gülər, Suriya Demokratik Qüvvələrinin (SDQ) Suriya ordusuna inteqrasiya olmayı qəbul etməməsi halında, Türkiyənin lazım olan addımları heç kimə soruşmadan atacağını açıqlayıb. Türkiyədə davam edən “Terrorsuz Türkiyə” prosesinin Suriya aspektlərinə dair danışan Nazir, 10 martda Dəməşq ilə SDQ arasında imzalanan razılaşmaya da diqqət çəkib.
Türkiyədə 6 şəhərdə dələduzluq və sələmçilik fəaliyyəti ilə məşğul olan 9 ayrı mütəşəkkil cinayət dəstəsinə qarşı son iki həftə ərzində genişmiqyaslı əməliyyatlar həyata keçirilib. Əməliyyatlar nəticəsində son iki ildə bank hesablarında 2 milyard 408 milyon lirəlik əməliyyat həcmi müəyyən edilən 61 şübhəli saxlanılıb. Hüquq-mühafizə orqanlarının müdaxiləsi ilə bu cinayət qruplarının törədə biləcəyi sələmçilik, dələduzluq və oğurluq kimi əməllərdən vətəndaşların zərər görməsinin qarşısı alınıb.
Türkiyənin Kocaeli vilayətində aşkar edilən Rusiya mənşəli pilotsuz uçuş aparatının (PUA) yerli sakin tərəfindən ağacdan balta ilə endirildiyi məlum olub. Kəşfiyyat məqsədilə istifadə olunduğu ehtimal edilən “Orlan-10” tipli PUA kənd ərazisinə düşdükdən sonra hadisə yerinə təhlükəsizlik qurumları cəlb edilib. İlkin məlumatlara əsasən, PUA-nın qalıqları ərazi sakinləri tərəfindən aşkarlanıb.