Türk Dövlətləri

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) ABŞ və İsrailin İrana hücumlarından sonra Türkiyə sərhədinə doğru böyük köç dalğasının başladığı barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib. Nazirliyin həftəlik mətbuatı məlumatlandırma toplantısında sərhəd təhlükəsizliyi və regional proseslərlə bağlı mühüm açıqlamalar verilib. Nazirlik mənbələri sosial mediada yayılan görüntülərin həqiqətdən uzaq və manipulyativ olduğunu vurğulayıb.

Avropa İttifaqının hazırladığı yeni sənaye qanunu layihəsində Türkiyə ilə bağlı mühüm qərar qəbul olunub. Türkiyənin ticarət naziri Ömər Bolat sosial şəbəkə hesabında paylaşdığı açıqlamada Avropa İttifaqı ilə son dövrdə aparılan intensiv diplomatik və iqtisadi məsləhətləşmələrin müsbət nəticələr verdiyini qeyd edib. Bolat Avropa İttifaqının “Sənaye Sürətləndirmə Qanunu” layihəsində Türkiyənin Gömrük İttifaqı çərçivəsində nəzərə alınmasının ticarət münasibətləri baxımından mühüm addım olduğunu bildirib.

Türkiyənin Hakkari vilayətinin Yüksekova rayonunda Türkiyə Silahlı Qüvvələrinə məxsus döyüş təyyarələrinin sərhəd xətti boyunca patrul uçuşları həyata keçirdiyi bildirilib. Yerli mənbələrin məlumatına görə, İran sərhədi istiqamətində yerləşən ərazilərdə müəyyən fasilələrlə Türkiyə hərbi təyyarələrinin uçuşları müşahidə edilib.

Türkiyə Xarici İşlər Nazirliyi İranın Ankaradakı səfiri Məhəmməd Həsən Həbibullahzadəni nazirliyə çağıraraq rəsmi etirazını bildirib. Türkiyənin Milli Müdafiə Nazirliyi İran ərazisindən buraxılan və Türkiyə hava məkanına doğru yönəldiyi müəyyən edilən ballistik sursatın NATO-nun Şərqi Aralıq dənizində yerləşdirilmiş hava və raketdən müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlamışdı.

NATO-nun sözçüsü Allison Hart yazılı açıqlamasında bildirib ki, alyans Türkiyə də daxil olmaqla bütün müttəfiqlərin təhlükəsizliyinə sadiqdir.Onun sözlərinə görə, İranın regionda ayrı-seçkilik etmədən həyata keçirdiyi hücumların davam etməsi ciddi narahatlıq doğurur. Hart vurğulayıb ki, NATO-nun hava və raketdən müdafiə imkanları daxil olmaqla, deterrensiya və müdafiə mövqeyi güclü olaraq qalır.

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İranın xarici işlər naziri Abbas Araqçi arasında telefon danışığı baş tutub. Diplomatik mənbələrdən əldə edilən məlumata görə, nazir Fidan İrandan atılan və Türkiyənin hava məkanına yönəldiyi təsbit edilərək zərərsizləşdirilən ballistik sursatla bağlı Ankaranın kəskin etirazını qarşı tərəfə çatdırıb. Görüş zamanı Hakan Fidan Yaxın Şərqdəki gərginliyin təhlükəli həddə çatdığına diqqət çəkib. O vurğulayıb ki, münaqişələrin daha da genişlənməsinə və regionun sabitliyinin pozulmasına səbəb olacaq hər növ addımdan qaçınmaq lazımdır. Türkiyə tərəfi öz hava məkanının toxunulmazlığını qorumaq üçün bütün zəruri tədbirləri görəcəyini bir daha iranlı nazirin diqqətinə çatdırıb.

BAKI,VOA NATO müdafiə qüvvələri İrandan atılan ballistik raketin Türkiyə hava məkanına girməzdən əvvəl zərərsizləşdirib. Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına əsasən, İran ərazisindən atılan və İraq ilə Suriya hava məkanından keçərək Türkiyə istiqamətində hərəkət edən ballistik raket Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO hava və raketdən müdafiə sistemləri tərəfindən məhv edilib.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM), bəzi sosial media hesablarında paylaşılan "Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrana hücum edərsə, Türkiyə üçün qanuni hədəf olacaq" şəklindəki iddiaların həqiqəti əks etdirmədiyini açıqlayıb. Mərkəzin sosial şəbəkə hesabından edilən rəsmi açıqlamada bildirilir ki, Türkiyə Respublikasının dövlət qurumları tərəfindən bu yöndə heç bir bəyanat və ya qiymətləndirmə verilməyib.

Ankara Baş Prokurorluğu tərəfindən FETÖ-nün "dövlət qurumlarındakı gizli strukturu"na qarşı aparılan istintaq çərçivəsində 3 nəfərin tutulması barədə qərar verilib. Terror Cinayətlərini İstintaq Bürosu tərəfindən həyata keçirilən araşdırmalar nəticəsində bəzi şübhəlilərin təşkilatdaxili rabitə üçün "operativ xətlərdən" istifadə etdiyi müəyyən edilib. İstintaq materiallarına görə, sözügedən 3 şəxsin təşkilatın gizli xəbərləşmə proqramı olan "ByLock"dan istifadə etdiyi təsbit olunub. Şübhəlilərdən ikisinin daha əvvəl dövlət qulluğundan xaric edildiyi, birinin isə hazırda aktiv vəzifədə olduğu bildirilir. Onların saxlanılması üçün əməliyyatlara başlanılıb.

Nazir İranın "mən batsam, bölgəni də özümlə apararam" strategiyasının həm Tehranın özü, həm də region üçün ağır nəticələr doğuracağını vurğulayıb. Hakan Fidan xüsusilə Körfəz ölkələrinin müharibənin qarşısını almaq üçün göstərdiyi səylərə diqqət çəkib: "Qətər, Küveyt, Oman və digər ölkələr bu müharibənin çıxmaması üçün böyük fədakarlıq etdilər. Lakin İranın heç bir fərq qoymadan vasitəçilik edən bu ölkələri bombalaması çox yanlışdır. İran özü hücuma məruz qaldıqca, dünya iqtisadiyyatı üçün kritik olan enerji infrastrukturuna zərbə vuraraq təzyiq rıçağı yaratmağa çalışır".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) millət vəkilləri ilə keçirilən iftar mərasimində çıxış edərək, beynəlxalq münasibətlər sisteminin dərin böhran içində olduğunu bəyan edib. Dövlət başçısı müasir dünyada ənənəvi diplomatiyanın arxa plana keçdiyini və güc balansının pozulduğunu vurğulayıb. Prezident Ərdoğan İkinci Dünya müharibəsindən sonra formalaşan qlobal nizamın artıq funksionallığını itirdiyini bildirib: "Beynəlxalq təsisatlar təsir gücünü itirir, müqavilələr 'yamaqlı parçaya' çevrilir. İrana qarşı hücumlarla başlayan proses beynəlxalq sistemin böhranını bir daha təsdiqlədi. BMT tərəfindən simvolizə edilən prinsiplər, onları yaradanlar tərəfindən maraqları naminə dağıdılan 'bütlərə' çevrilib".