#İranın nüvə proqramı

İran xarici işlər naziri Abbas Əraqçi, ölkənin zənginləşdirilmiş uran ehtiyatlarının İsrail və ABŞ tərəfindən iyun ayında həyata keçirilən hücumlarda zərbə alan nüvə obyektlərinin dağıntıları altında qaldığını açıqlayıb. Nazirin sözlərinə görə, qiymətləndirmə başa çatdıqdan sonra hesabat İranın Ali Milli Təhlükəsizlik Şurasına təqdim ediləcək və ölkənin təhlükəsizlik maraqları nəzərə alınaraq növbəti addımlar barədə qərar veriləcək.

Son üç ay ərzində Misir intensiv diplomatik fəaliyyət göstərərək İranın xarici işlər naziri Seyid Abbas Əraqçi və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossini Qahirədə qəbul edib. Görüşlərin əsas məqsədi İranla Agentlik arasında əməkdaşlığı tənzimləyəcək yeni mexanizmin yekun mətnini hazırlamaq olub. Bu dövrdə Misir xarici işlər naziri Bədr Əbdülati, Əraqçi və Qrossi arasında 12-yə yaxın diplomatik təmas qurulub. Onlardan üçü üzbəüz görüş, qalanları isə telefon danışıqları şəklində baş tutub. Bundan başqa, ABŞ-ın xüsusi nümayəndəsi Stiven Vitkoff da prosesə fəal şəkildə cəlb olunub. Misir XİN sözçüsü Təmmim Xilaf bildirib ki, bu fəaliyyət İranın nüvə proqramı ilə bağlı “qaneedici razılaşmaya doğru irəliləyiş” deməkdir. Onun sözlərinə görə, Qahirə iyunun ortalarından etibarən İranla MAQATE arasında əməkdaşlığı bərpa etmək, gərginliyi azaltmaq və regional sabitliyi gücləndirmək üçün vasitəçilik missiyasını həyata keçirir.

İranın xarici işlər naziri Abbas Əraqçi ilə Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas Dohada görüş keçirib. Danışıqlar zamanı əsas diqqət üç Avropa ölkəsinin (Böyük Britaniya, Fransa və Almaniya) əvvəlki BMT Təhlükəsizlik Şurası qətnamələrini yenidən tətbiq etmək qərarına yönəlib.

İranla Beynəlxalq Atom Enerjisi Agentliyi (UAEA) rəsmilərinin Vyanada yeni əməkdaşlıq modelini müəyyənləşdirmək üçün ekspertlər səviyyəsində görüşəcəyi bildirilib. İran dövlət televiziyasına danışan İranın BMT-nin Vyana ofisi yanındakı daimi nümayəndəsi Rza Nəcəfi, Tehran nümayəndə heyəti ilə UAEA yetkililəri arasında yeni bir danışıqlar turunun başladığını açıqlayıb. Nəcəfi qeyd edib ki, görüşlər İran parlamenti tərəfindən təsdiqlənmiş və UAEA ilə əməkdaşlığın müvəqqəti dayandırılmasını nəzərdə tutan qanun çərçivəsində, yeni şərtlər daxilində əməkdaşlığın müəyyən edilməsi məqsədilə keçirilir.

Tehran nüvə proqramı ilə bağlı ABŞ-la danışıqlardan imtina etməyib, lakin Vaşinqtonun irəli sürdüyü şərtləri qəbuledilməz hesab edir. Bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib. “ABŞ-la danışıqlar yolu hələ bağlanmayıb. Amma amerikalılar yalnız danışıqlardan yana olduqlarını deyir, masa arxasına əyləşmirlər və əsassız olaraq buna görə İranı ittiham edirlər” – deyə, Laricani “X” sosial şəbəkəsində yazıb.

Avropa üçlüyü (Böyük Britaniya, Almaniya və Fransa) İranın nüvə proqramı üzrə danışıqlarının nəticəsiz qalmasından sonra avqustun 28-də Tehrana qarşı sanksiyaların bərpa olunmasına qərar verə bilər. Məlumata görə, yaxın günlərdə Avropa üçlüyü BMT Təhlükəsizlik Şurasına yazılı şəkildə qərarını təqdim edəcək. Qəbul olunduğu halda, İranın maliyyə, bank, enerji və müdafiə sektorlarına qarşı sanksiyalar 30 gün ərzində yenidən qüvvəyə minəcək.

Avqustun 26-da İsveçrənin Cenevrə şəhərində İran ilə Böyük Britaniya, Fransa və Almaniya arasında xarici işlər nazirlərinin müavinləri səviyyəsində nüvə danışıqları keçiriləcək. İranı bu görüşdə xarici işlər nazirinin müavinləri Məcid Təhravançi və Kazem Qəribabadi təmsil edəcək. İranın yarı rəsmi Təsnim Xəbər Agentliyinin məlumatına görə, danışıqlar 2015-ci il nüvə sazişinin gələcəyini və tərəflərin öhdəliklərini müzakirə etmək məqsədi daşıyır. Böyük Britaniya, Fransa və Almaniya, ABŞ-ın 2018-ci ildə sazişdən birtərəfli çıxmasından sonra İrana qarşı sanksiyaların bərpası ilə bağlı “snapback” mexanizmini işə salmaqla hədələyiblər. Bu bənd razılaşmanı pozduğuna görə BMT-nin İrana qarşı sanksiyalarını bərpa edəcək. İran isə Avropa ölkələrinin sazişin prinsiplərini pozduğunu və bu mexanizmi işə salmaq hüquqlarının olmadığını bildirib. İran xarici işlər naziri Abbas Arakçi, Avropanın müqavilədəki rolunu itirdiyini və hüquqi əsas olmadan hərəkət etdiyini vurğulayıb.