Səudiyyə Ərəbistanı, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İndoneziya, Pakistan, Misir və Türkiyənin xarici işlər nazirləri İsrailin işğal altındakı İordan çayının qərb sahilində torpaqları “dövlət torpağı” elan etməsi ilə bağlı qərarını kəskin şəkildə pisləyiblər. Nazirlər, həmçinin 1967-ci ildən bəri ilk dəfə olaraq işğal altındakı geniş ərazilərdə torpaq mülkiyyətinin qeydiyyatı və rəsmiləşdirilməsi prosedurlarının təsdiqlənməsini də qınayıblar. Birgə bəyanatda bu addımların qeyri-qanuni məskunlaşma fəaliyyətini sürətləndirməyə, torpaq müsadirəsinə, İsrailin faktiki nəzarətini möhkəmləndirməyə və işğal altındakı Fələstin ərazilərində qanunsuz suverenlik tətbiqinə yönəlmiş “təhlükəli eskalasiya” olduğu bildirilib.
#İsrailin Fələstin torpaqlarını işğalı
Türkiyə Xarici işlər naziri Hakan Fidan bu gün İordaniyanın xarici işlər naziri Ayman Səfadi ilə telefon danışığı aparıb. Diplomatik mənbələrin məlumatına görə, danışıq zamanı başda Fələstin məsələsi olmaqla Yaxın Şərqdəki son vəziyyət, regional təhlükəsizlik və humanitar durum ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər bölgədə gərginliyin azaldılmasının və sabitliyin qorunmasının vacibliyini vurğulayıblar.
İsrailin intensiv hücumları altında olan Qəzza zolağının şimal bölgələrində internet və rabitə xidmətləri tamamilə dayandırılıb. Fələstinin telekommunikasiya şirkətləri tərəfindən yayılan yazılı açıqlamada bildirilib ki, İsrail ordusunun hücumlarının hədəfi olan Qəzza şəhəri və Şimal vilayətində sabit internet və əlaqə xidmətləri tamamilə kəsilib. Açıqlamada qeyd olunub ki, İsrail ordusu bölgəyə rabitə və internet xidməti göstərən əsas xətləri hədəfə alıb və nəticədə xidmətlərdə kəsinti baş verib. Həmçinin, təhlükələrə baxmayaraq, rabitə xətlərinin bərpası üçün texniki işlərə başlanıldığı vurğulanıb.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Fələstin probleminin iki dövlətli həllinə dair mühüm qətnamə qəbul edib. Qətnamə, İsrail və Fələstin arasında davam edən münaqişəyə son qoymaq və bölgədə sabitliyi təmin etmək məqsədi daşıyır. Azərbaycan bu tarixi sənədə lehinə səs verən 142 ölkə arasında yer alaraq, beynəlxalq hüququn və ədalətli həll yolunun tərəfində olduğunu bir daha nümayiş etdirdi. Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan da qətnaməni dəstəkləyib.
İsrailin aparıcı silah istehsalçılarından biri olan Elbit Systems, Böyük Britaniyanın Bristol şəhərində yerləşən Aztec West biznes-parkındakı zavodunu bağlayıb. Müəssisənin bağlanması, aylarla davam edən və “Palestine Action” fəal qrupunun keçirdiyi etiraz aksiyalarının nəticəsi kimi qiymətləndirilir. Şirkət hazırda Britaniyada 16 fərqli məkanda fəaliyyət göstərir və 680 nəfəri işlə təmin edir. Elbit Systems, İsrail ordusunun əsas pilotsuz uçuş aparatları (PUA) təchizatçısı hesab olunur. Buna baxmayaraq, şirkət 4,7 milyon funt sterlinq zərər açıqlayıb. Maliyyə çətinliklərinə rəğmən, Elbit, Britaniya Müdafiə Nazirliyinin 2 milyard funt sterlinqlik müqaviləsi uğrunda konsorsiumda iştirak edib.
Təl-Əviv hökuməti bugün Qəzza zolağında işğal planının ilkin əməliyyatlarına başladığını rəsmən açıqlayıb. İsrail ordusunun bəyanatına görə, Qəzza şəhərinin kənarında genişmiqyaslı əməliyyatlar aparılır və hücumun ilk mərhələləri davam edir. Bu əməliyyatlar çərçivəsində İsrail ordusu Qəzza şəhərini mühasirəyə almaq və Hamasın nəzarətindəki ərazilərə daxil olmaq məqsədi daşıyır. Əməliyyatların detalları ilə bağlı rəsmi məlumatlar məhdud olsa da, sosial şəbəkələrdə və xəbər mənbələrində Qəzza şəhərində intensiv bombardmanların olduğu bildirilir.
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə olduqca önəmli və həssas məsələlərə toxunub. Bunlar arasında Azərbaycanın Yaxın Şərq siyasəti, bu regiona yönəlmiş gələcək planları və strateji hədəfləri xüsusi yer tutur. Bu gün Azərbaycan Yaxın Şərq siyasətində sözün əsl mənasında səmərəli nəticələr əldə etməkdədir.
Fələstin Qeyri-Hökumət Təşkilatları Şəbəkəsi BMT Təhlükəsizlik Şurasını fələstinlilərə beynəlxalq qoruma təmin etməyə çağırıb. Çağırış, İsrailin Qəzzada mülki əhaliyə qarşı davam edən hücumları, mülki qurumların hədəfə alınması və BMT-nin bölgədə aclığın baş verdiyini rəsmən elan etməsi fonunda edilib.
Xan Yunisin qərbində köçkünlərin yerləşdiyi çadırlardan biri hədəfə alınaraq dağıdılıb, nəticədə bir neçə nəfər həlak olub. Daha sonra bölgədəki digər çadıra endirilən zərbə nəticəsində əlavə ölüm və yaralıların olduğu bildirilib.
Fələstin Baş naziri Məhəmməd Mustafa, Qəzza zolağını idarə etmək üçün yaxın günlərdə müvəqqəti bir komitə elan ediləcəyini bildirib. Misirə rəsmi səfər edən Baş nazir Mustafa, Misirin Xarici İşlər naziri Bədr Əbdülati ilə birlikdə Misirlə Qəzza arasındakı Rəfah Sərhəd Qapısında mətbuat konfransı keçirib. O vurğulayıb ki, Rəfah keçid məntəqəsi Qəzza xalqı üçün bir yaşayış və nəfəs qapısı olmalıdır və İsrailin xalqı aclığa və zorla köçürməyə məruz qoyan siyasəti qəbuledilməzdir. “Beynəlxalq ictimaiyyət daha təsirli addımlar atmalı və İsraili blokada və aclıq siyasətini dayandırmağa məcbur etməlidir.” - deyə baş nazir qeyd edib.
İsrailin 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağına davam etdirdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saat ərzində 47 nəfər artaraq 61 min 944-ə yüksəlib. Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, son 24 saatda bölgədəki xəstəxanalara 47 şəhidin və 226 yaralının gətirildiyi bildirilib.İsrail ordusunun 19 yanvarda əldə edilən atəşkəsi pozaraq 18 martdan etibarən yenidən başladığı hücumlarda indiyə qədər 10 min 400 Fələstinli həyatını itirib, 43 min 845 nəfər isə yaralanıb. Son 24 saatda Qəzzada humanitar yardım üçün gözləyən mülki şəxslərə edilən hücumlarda 14 nəfər öldürülüb, 132 nəfər yaralanıb. Bu hücumların, 27 maydan bu yana ABŞ və İsrailin nəzarətində fəaliyyət göstərən “Qəzza Humanitar Yardım Fondu” tərəfindən qurulan yardım bölgələrində Fələstinlilərə qarşı sistemli şəkildə həyata keçirildiyi bildirilib.
İsrail ordusunun Qəzza zolağının qərb və mərkəz hissələrinə təşkil etdiyi hava hücumları nəticəsində azı 8 fələstinli həyatını itirib, bir neçə nəfər yaralanıb. Fələstinli xəstəxana mənbələrinin və görgü şahidlərinin bildirdiyinə görə, hava hücumları əsasən mülki vətəndaşları hədəfə alıb. Məlumata görə, Qəzzanın mərkəzində yerləşən Netzarim dəhlizi yaxınlığında yerləşən və guya humanitar yardım paylanan mərkəzdə gözləyən mülki şəxslərə edilən hava zərbəsi nəticəsində 2 fələstinli həlak olub.