ABŞ Prezidenti Donald Tramp İrana quru qoşunlarının göndərilməsi ehtimalını hazırkı mərhələdə "vaxt itkisi" adlandıraraq Tehranın xəbərdarlıqlarını rədd edib. NBC News-a telefon vasitəsilə müsahibə verən Tramp İranın xarici işlər naziri Abbas Araqçının "istənilən quru müdaxiləsi işğalçılar üçün fəlakətlə nəticələnəcək" bəyanatına cavab olaraq bildirib ki, İran artıq itirə biləcəyi hər şeyi itirib. O, İran hərbi dəniz donanmasının tamamilə məhv edildiyini və Tehranın müqavimət potensialının qalmadığını vurğulayaraq Araqçının şərhlərini "boş sözlər" kimi xarakterizə edib.
#İsrail və İran münasibətləri
İran Qızıl Aypara Cəmiyyətinin sədri Pir Hüseyn Kolivənd ABŞ və İsrailin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölkə daxilində 4 mindən çox mülki binanın ciddi zərər gördüyünü açıqlayıb. "Mehr" xəbər agentliyinə danışan Kolivənd qeyd edib ki, indiyədək 3 min 646 yaşayış evi və mülki tikili hücumlara məruz qalıb, 528 ticarət obyekti isə tamamilə məhv edilib. Hücumların miqyası səhiyyə infrastrukturundan da yan keçməyib; İranlı rəsminin sözlərinə görə, 3 xəstəxana fəaliyyətini tamamilə dayandırmalı olub, 14 tibb mərkəzi isə müxtəlif dərəcəli dağıntılara məruz qalıb.
ABŞ və İsrailin İrana qarşı başlatdığı "Epic Fury" (Destansı Öfke) əməliyyatının ilk 36 saatına dair yayımlanan hərbi analizlər hücumların miqyasını və intensivliyini ortaya qoyur. Aparılan araşdırmalara görə, hücumların ilkin mərhələsində 3 mindən çox yüksək dəqiqlikli idarə olunan sursat və önləyici raketdən istifadə edilib. Bu qədər intensiv sursat sərfi Qərbin müdafiə sənayesinin tədarük zənciri və ehtiyatların yenilənməsi imkanları üzərində ciddi təzyiq yaradır. Analizlər göstərir ki, ABŞ ordusu əməliyyatın ilk 36 saatında təkcə GBU-31, GBU-32 və GBU-38 tipli JDAM idarəetmə dəstlərindən təxminən 250 ədəd istifadə edib.
UNICEF ötən həftəsonu ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlarla kəskinləşən gərginlikdə indiyədək 189 uşağın həyatını itirdiyini açıqlayıb. Təşkilatın hesabatında qeyd olunur ki, bölgədəki hərbi hərəkətlilik uşaqlar üzərində artıq dağıdıcı bir təsir yaradıb. İran İslam İnqilabı Keşikçiləri Korpusu və yerli mənbələrin məlumatına görə, hücumların ilk günündə İranın cənubundakı Minab şəhərində yerləşən Şəcərə-i Tayyibə adlı qızlar ibtidai məktəbi vurulub. Hücum nəticəsində yaşları 7 ilə 12 arasında dəyişən azı 175 şagirdin həlak olduğu bildirilir. Görgü tanıqları və beynəlxalq mətbuat orqanları məktəbin bir hərbi kompleksin yaxınlığında yerləşdiyi üçün zərbəyə məruz qaldığını, lakin binanın tamamilə mülki məqsədlər üçün istifadə edildiyini təsdiqləyib.
İranda müvəqqəti Liderlik Şurası yeni ali liderin seçilməsi ilə bağlı proqramı hazırlamaq məqsədilə dördüncü dəfə bir araya gəlib. İran dövlət televiziyasının məlumatına görə, iclasda Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Əli Laricani də iştirak edərək son hərbi və siyasi proseslər barədə məlumat verib.
Diqqət ABŞ və İsrailin İrana qarşı apardığı müharibəyə yönəldiyi bir vaxtda, Qəzza zolağı getdikcə daha mürəkkəb şərtlərlə üz-üzə qalır. Ötən ilin oktyabrında əldə edilmiş atəşkəs şərtlərinin icrasına yönəlmiş siyasi səylər dondurulub, bu isə bölgədəki humanitar böhranı daha da dərinləşdirir. HƏMAS və digər Fələstin qruplaşmaları "Tramp planı"nın ikinci mərhələsinə keçməyə ümid etsələr də, İranla müharibənin nəticələri bu yolu qeyri-müəyyənliyə itələyib. Atəşkəs sazişindən bəri İsrail bir neçə mühüm addımı gecikdirir. Rəsmi Təl-Əviv Qəzzanın idarə edilməsi üçün yaradılan "Milli Komitə"nin anklava daxil olmasına mane olur və qruplaşmaların tərksilah edilməsi üçün təzyiqləri artırır. Eyni zamanda, Vaşinqtonun xahişi ilə açılmış keçid məntəqələri yenidən bağlanıb.
Qətər hakimiyyəti paytaxt Doha yaxınlığında yerləşən və ABŞ-ın regiondakı ən mühüm hərbi mərkəzlərindən biri olan Əl-Udeyd hava bazasını hədəf alan pilotsuz uçuş aparatı (PUA) hücumunun qarşısının alındığını elan edib. Qətər Müdafiə Nazirliyindən verilən rəsmi bəyanatda bildirilir: "Qətər Hava Hücumundan Müdafiə Qüvvələri Əl-Udeyd hava bazasını hədəf alan PUA hücumunu zərərsizləşdirib". Hadisə zamanı Qətər Daxili İşlər Nazirliyi təhlükəsizlik səviyyəsini ən yüksək həddə qaldıraraq, əhalini pəncərələrdən və açıq sahələrdən uzaq durmağa, qapalı məkanlarda qalmağa çağırmışdı. Bir müddət sonra təhlükənin sovuşduğu və vəziyyətin normallaşdığı elan edilib.
Türkiyə Xarici İşlər Nazirliyi İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikasına təşkil etdiyi PUA hücumu ilə bağlı rəsmi bəyanat yayıb.
İordaniya Xarici İşlər və Miqrantlarla İş üzrə Nazirlik İranın Türkiyə Respublikasını və Azərbaycan Respublikasını hədəf alma cəhdini ən kəskin ifadələrlə pisləyib.
Qətər Dövləti Azərbaycan Respublikasında hava limanının İran pilotsuz uçuş aparatları ilə vurulmasını qətiyyətlə pisləyib.
Səudiyyə XİN İranın Türkiyə Respublikasını və Azərbaycan Respublikasını hədəf alma cəhdini ən kəskin ifadələrlə pislədiyini və tənqid etdiyini bildirib.
5 mart tarixində günorta radələrində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilməsi nəticəsində xəsarət alanlardan birinin kimliyi müəyyənləşib.