Xorvatiya Prezidenti Zoran Milanoviç, paytaxt Zaqrebdə rəsmi səfərdə olan İsrailin xarici işlər naziri Gideon Saar ilə Qəzzada davam edən soyqırımı səbəbindən görüşməkdən imtina edib.
#Qəzza sakinlərinin köçü
İsrail ordusu Qəzza zolağının şimalında yerləşən Qəzza şəhərində son 72 saat ərzində hər biri ən azı 7 mərtəbədən ibarət olan və ümumilikdə 209 mənzili əhatə edən 5 çoxmərtəbəli binanı bombalayıb. Bu barədə Qəzzadakı Mülki Müdafiə İdarəsi yazılı açıqlama yayıb. Bildirilib ki, mövcud humanitar böhran şəraitində hər bir mənzildə orta hesabla 20 nəfər yaşayırdı. Bu da ən azı 4 min 100 qadın, uşaq və yaşlının evsiz qaldığı deməkdir. Açıqlamada əlavə olunur ki, yerindən edilən insanlar üçün qurulmuş və hər biri 10 nəfərlik olan 350 çadır da İsrail hücumları nəticəsində dağıdılıb. Nəticədə təxminən 3 min 500 nəfər daha sığınacaqdan məhrum olub.
İsrailin Qəzzaya hücumlarında son 24 saatda 83 fələstinli həyatınıitirib, 223 nəfər yaralanıb. İsrail ordusunun Qəzza zolağına davam edən hücumları nəticəsində son 24 saat ərzində 83 fələstinli həlak olub, 223 nəfər yaralanıb. Bu barədə Qəzzədəki Səhiyyə Nazirliyi yazılı açıqlama yayıb. Məlumata görə, İsrail ordusunun 19 yanvarda əldə olunan atəşkəsi pozaraq 18 martdan bu yana həyata keçirdiyi hücumlarda ümumilikdə 12 min 59 fələstinli həyatını itirib, 51 min 278 nəfər yaralanıb.
İsrail ordusu bu gün, çərşənbə axşamı Qəzza şəhərində yaşayan bütün sakinlərə və şəhərin bütün məhəllələrində olanlara təxliyə əmri verib. Ordunun bəyanatında sakinlərin Rəşid dəhlizi vasitəsilə Mavasi bölgəsində yerləşən “humanitar zona”ya getmələri tələb olunur. İsrail ordusunun sözçüsü Aviçay Adrai sosial şəbəkə “X” üzərindən yaydığı açıqlamada bildirib. “Qəzza şəhərinin bütün sakinlərinə təcili çağırış: qədim şəhərdən Tut əl-Tuffah bölgəsinə qədər şərqdən qərbdəki dənizə qədər — ordu Həmas-ı tamamilə məhv etməkdə qərarlıdır və şəhərdə güclü əməliyyat aparacaq. Öz təhlükəsizliyiniz üçün dərhal Rəşid dəhlizindən Mavasi bölgəsinə gedin. Burada qalmaq olduqca təhlükəlidir.”-deyə o qeyd edib.
İspanya Baş Nazir müavini və Əmək və Sosial İqtisadiyyat naziri Yolanda Diaz belə bildirib: “İspaniya səfirliyi Tel-Əvivdən çıxarılmalıdır. Fələstin bizi gözləyir.” Koalisiya hökumətinin kiçik ortağı olan Sumar ittifaqından Diaz, ölkəsinin İsrailə qarşı sanksiyalar elan etməsindən sonra Bluesky sosial media platformasında mesaj yayıb. O, mesajında “İspaniya səfirliyi Tel-Əvivdən çıxarılmalıdır. Fələstin bizi gözləyir.” ifadələrindən istifadə edib. Baş Nazir Pedro Sançesin Qəzzədəki soyqırımı səbəbindən İsrailə qarşı 9 maddəlik sanksiya qərarını açıqlamasına toxunan Diaz, “Buna görə də hökumətdəyik. Keçən həftə bunu böyük koalisiya ortağımıza (Sosialist İşçi Partiyasına) çatdırdıq. Ölkəmiz soyqırımı dayandırmaq üçün daha çox iş görməli idi.” fikrini bölüşüb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurasının 60-cı sessiyası BMT-nin Cenevrə Ofisində işə başlayıb. Sessiyaya İsveçrənin BMT Cenevrə Ofisindəki Daimi Nümayəndəsi, səfir Yurq Lauberin rəhbərliyi ilə start verilib. Açılışda çıxış edən BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Folker Türk İsrailin Qəzza zolağında törətdiyi hərəkətləri sərt şəkildə tənqid edib. O, İsrailin fələstinli mülki vətəndaşlara qarşı kütləvi qətliamlar həyata keçirdiyini, bu səbəbdən bölgədə təsvirolunmaz əzablar və genişmiqyaslı dağıntılar baş verdiyini bildirib. Türkün sözlərinə görə, İsrailin həyati əhəmiyyətli yardımların Qəzzəyə çatdırılmasına əngəl törətməsi nəticəsində insanlar aclıqdan ölür, jurnalistlər hədəfə alınır və ard-arda müharibə cinayətləri törədilir “Yüksək vəzifəli israilli rəsmilərin açıq şəkildə soyqırım ritorikasından istifadə etməsi və fələstinlilərin insanlıqdan çıxarılması məni dəhşətə gətirir,” – deyə Ali Komissar qeyd edib.
Eyni gün İsrail ordusu və təhlükəsizlik xidməti “Şabak”ın birgə əməliyyatı nəticəsində HƏMAS-ın hərbi qanadı “İzzəddin əl-Qəssam briqadaları”nın maliyyə bölməsinin məsulu Nurəddin Dabbəşin öldürüldüyü elan olunub. Ordu sözçüsü bildirib ki, Dabbəş müharibə dövründə on milyonlarla dollar toplayaraq Qəzzada hərbi qanada ötürüb və bu vəsaitlər döyüş qabiliyyətinin artırılmasına yönəlib.
BMT-nin İnsan Hüquqları Ofisinin sözçüsü Ravina Şamdasani, ötən il İsrail əsgərləri tərəfindən hədəfə alınaraq öldürülən türk aktivist Ayşənur Ezgi Eygi ilə bağlı “Təəssüf ki, bu, İsrail rəsmilərinin istintaq başlatdığı nadir hallardan biri olsa da, hələ də nəticəsini görə bilməmişik” deyə bildirib. BMT İnsan Hüquqları Ofisinin sözçüsü Ravina Şamdasani, 6 sentyabr 2024-cü ildə Türk-Amerika vətəndaşı Eygi-nin işğal altındakı İordan çayının Qərb sahilində İsrail əsgərləri tərəfindən başından vurularaq öldürülməsi və Qəzzədə çalışan jurnalist, insan hüquqları müdafiəçiləri və yardım işçilərinin hədəf alınması ilə bağlı Anadolu Agentliyinin suallarını cavablandırıb.
İsrail ordusunun bu səhərdən etibarən Qəzza zolağının şimalındakı Qəzza şəhərinin müxtəlif bölgələrinə həyata keçirdiyi hücumlarda 16 fələstinli həyatını itirib. Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail ordusu Qəzza şəhərinin müxtəlif yerlərindəki evlərə və köçkünlərin yerləşdiyi çadırlara hücum edib. Qəzza şəhərinin mərkəz hissəsində yerləşən Dərəc məhəlləsində bir evin İsrail qırıcıları tərəfindən hədəf alınması nəticəsində 3 nəfər həyatını itirib, 7 nəfər yaralanıb. Şəhərin cənub-qərbindəki Rimal məhəlləsində yerləşən İslam Universitetinin ərazisindəki köçkünlərin yaşadığı çadır İsrail ordusunun hədəfi olub. Hücum nəticəsində 3 nəfər həyatını itirib.
İsrail ordusunun sözçüsü, briqada generalı İvi Dibrin (Evy Dibrin) cümə axşamı açıqlamasında bildirib ki, ordunun hazırda Qəzza şəhərinin təxminən 40 faizinə nəzarət edir. O, yaxın günlərdə əməliyyatların daha da genişlənəcəyini və intensivləşəcəyini vurğulayıb. Məqsəd şəhərə tam nəzarəti ələ almaq və HƏMAS-ı hərbi cəhətdən zəiflətməkdir. Ötən həftə İsrail Qəzza şəhərini rəsmi olaraq “döyüş bölgəsi” elan edib. Şəhərin bəzi hissələri “qırmızı zona” kimi tanınıb və yerli əhalidən təxliyə olunmaları tələb edilib. İsrail mətbuatının yazdığına görə, 200 minə yaxın fələstinlinin evlərini tərk etməkdən imtina edəcəyi gözlənilir.
Tunisli rejissor Kauzer Ben Haniyanın çəkdiyi “Hind Rəcəbin Səsi” filmi Venesiya Film Festivalında premyerasını edib və festivalın tarixində ən uzun sürən – 22 dəqiqəlik alqışla qarşılanıb. Tamaşaçılar filmin nümayişi zamanı Fələstin bayraqlarını qaldıraraq “Free Palestine” şüarları səsləndiriblər. Sənədli film 2024-cü ildə Qəzzada İsrail ordusu tərəfindən vəhşicəsinə öldürülən 5 yaşlı Hind Rəcəbin real hekayəsini ekrana daşıyır. Əsər, mülki əhalinin faciəsini və uşaqların müharibənin ən böyük qurbanlarına çevrildiyini bütün dünyaya çatdırmağı hədəfləyir.
Dünyanın bir çox ölkəsində yeni tədris ili başlayarkən, İsrailin 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağına qarşı həyata keçirdiyi hücumlar səbəbindən bölgədə təhsil sistemi demək olar ki, tamamilə iflic olub. Qəzzada məktəblər və sinif otaqları ya sığınacaq mərkəzlərinə çevrilib, ya da dağıdılıb. Qəzzadakı Hökumət Mediya Ofisinin rəhbəri İsmayıl Sevabitenin sözlərinə görə, İsrailin ardıcıl hücumları nəticəsində artıq üçüncü ildir ki, təxminən 785 min şagird təhsildən məhrum qalıb. O bildirib ki, təxminən 25 min müəllim də işləyə bilmir, çünki İsrailin hücumları nəticəsində təhsil infrastrukturu tamamilə dağıdılıb.