#Rusiya-Ukrayna müharibəsinin sonu

Avropanın aparıcı ölkələrinin liderləri, NATO rəhbərliyi və Avropa Komissiyasının sədri Ukrayna münaqişəsinin həlli yollarını müzakirə etmək üçün sentyabrın 4-də Parisdə toplaşacaqlar. Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə keçiriləcək görüşdə Böyük Britaniyanın baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Mers, NATO-nun baş katibi Mark Rütte və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iştirak edəcəklər. Tərəflər Ukraynanın təhlükəsizliyi ilə bağlı təminatların müzakirəsini davam etdirəcəklər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüş keçirib. Ərdoğan Orta Dəhliz ilə Çinin “Kəmər və Yol” təşəbbüsünün uyğunlaşdırılması üçün birgə addımların əhəmiyyətini vurğulayıb. O, ikitərəfli ticarətin balanslı və davamlı inkişafı üçün sərmayələrin önəmini qeyd edib. Xüsusilə rəqəmsal texnologiyalar, enerji, səhiyyə və turizm sahələrinin böyük potensiala malik olduğunu bildirib. Prezident əlavə edib ki, bu çərçivədə Çin şirkətlərinin Türkiyədə sərmayə yatırmaları üçün əlaqələndirmənin artırılması faydalı olacaq.

ABŞ Dövlət Departamenti, Ukraynaya təxminən 825 milyon dollar dəyərində “Havadan Təhvil Verilən Sursatlar” və əlaqəli logistik avadanlıqları əhatə edən hərbi satışa icazə verib. Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin (DSCA) yaydığı məlumata görə, Ukrayna 3 min 350 ədəd Uzun Mənzilli Hücum Sursatı (ERAM) və bu sistemlərlə uyğun Qlobal Pozisiya Müəyyənetmə Sistemləri də daxil olmaqla müxtəlif hərbi avadanlıqların tədarükünü istəyib. Satış paketi raket konteynerləri, ehtiyat hissələri, texniki sənədlər, proqram təminatı, təlim və digər logistik dəstəyi də əhatə edir.

Rusiya, Ukrayna ilə davam edən müharibədə diplomatik həll yollarına üstünlük verdiyini bəyan etsə də, hava məkanında atəşkəslə bağlı heç bir razılaşmanın əldə olunmadığını açıqlayıb. AFP-nin yaydığı məlumata görə, Kremlin sözçüsü Dmitri Peskov Fransız xəbər agentliyinin sualını cavablandırarkən bildirib ki, “Rusiya Silahlı Qüvvələri üzərlərinə düşən vəzifələri yerinə yetirirlər və hərbi obyektlərə, eləcə də onlara yaxın infrastruktura hücumları davam etdirirlər.” Peskov eyni zamanda qeyd edib ki, Rusiya siyasi və diplomatik yollarla məqsədlərinə çatmaq üçün danışıqlar prosesində iştirakda maraqlıdır.

Kreml Rusiyanın Ukrayna ilə mümkün görüşünə dair mühüm açıqlamalar verdi. Kreml rəsmiləri, Ukrayna ilə görüş mövzusunda “əlaqə saxladıqlarını” bildirsələr də, hələlik dəqiq bir tarix müəyyən edilmədiyini qeyd ediblər. Digər tərəfdən, Rusiya Prezidenti Vladimir Putin ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilə biləcək istənilən görüşün "yaxşı hazırlanmış" olmasının vacibliyinə diqqət çəkilib. Son olaraq açıqlamada, təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynada mümkün Avropa birliyi qüvvələrinin yerləşdirilməsinə Kreml tərəfindən qəti şəkildə mənfi yanaşıldığı vurğulanıb.

Ukrayna Prezidenti Volodimir Zelenski sülh prosesi üçün liderlər səviyyəsində danışıqlara hazır olduğunu bildirib. Digər tərəfdən, Zelenski Rusiyaya qarşı sanksiyalar və tariflər daxil olmaqla bütün variantların masada olması lazım olduğunu vurğulayıb. Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında paylaşdığı açıqlamada ABŞ-ın Prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keith Kellogg ilə görüşdüklərini bildirib. Zelenski Trampın sülhü təmin etmək mövzusundakı qətiyyətinə diqqət çəkərək“ABŞ-nin Ukraynanın təhlükəsizlik strukturlarında rol almağa hazır olmasını dəyərləndiririk. Komandalarımız da bu strukturu qurmaq üçün aktiv şəkildə işləyirlər.”- deyə qeyd edib. Zelenski, Rusiyanı danışıqlara məcbur etmək üçün sanksiyalar və tariflər daxil olmaqla bütün vasitələrin masada qalmalı olduğunu qeyd edərək bildirib ki, “Biz liderlər formatında görüşməyə hazırıq. Əsas məsələlərin həlli üçün bu format zəruridir. Artıq Moskvadan da eyni qətiyyət gözlənilir.” - deyə Zelenski qeyd edib.

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür mesajı ünvanlayıb. Zelenski bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib. “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynanın Müstəqillik Günü ərəfəsində söylədiyi müdrik və səmimi sözlərinə görə böyük minnətdarlıq hissi keçirirəm. Hörmətli Prezident, ölkələrimiz arasında strateji tərəfdaşlığın həm dövlətlərimiz, həm də regional və qlobal sabitlik baxımından həyati əhəmiyyət daşıdığı barədə sizinlə tam razıyam. Sülhün təmin olunması istiqamətindəki şəxsi səyləriniz üçün minnətdarıq və bütün sahələrdə əməkdaşlığımızı inkişaf etdirməyi səbirsizliklə gözləyirik” – deyə paylaşımda qeyd olunub.