ABŞ prezidenti Donald Tramp bildirib ki, iki həftə ərzində Ukrayna münaqişəsi ilə bağlı ya yeni sanksiyalar və rüsumlar tətbiq edə, ya da ümumiyyətlə heç bir addım atmaya bilər. Trampdan ABŞ-ın iki həftə sonra Rusiyaya və Ukraynadakı münaqişəyə yanaşmasını dəyişməyə hazır olub-olmaması barədə sual veriləndə, o cavabında gələcək addımlar barədə qərar qəbul edəcəyini bildirib. “Bu, çox mühüm qərar olacaq: ya ciddi sanksiyalar tətbiq ediləcək, ya rüsumlar, ya hər ikisi, yaxud da ümumiyyətlə heç nə etməyəcəyik və deyəcəyik ki, ‘bu, sizin müharibənizdir’,” – deyə, ABŞ prezidenti vurğulayıb.
#Rusiya-Ukrayna müharibəsinin sonu
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenskinin mümkün görüşündə iştirak etməyi zəruri hesab etmədiyini bildirib. Bu barədə o, jurnalistlərin suallarını cavablandırarkən deyib.
Avropa İttifaqı (Aİ) Ukraynaya ümumilikdə 4,05 milyard avro maliyyə yardımı ayırıb. Bu məbləğin 1 milyard avrosu Ukraynanın Müstəqillik Günü münasibətilə, Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlər hesabına köçürülüb.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, NATO əsgərlərinin Ukraynada sülhməramlı və ya təhlükəsizlik zəmanəti rolunda iştirakını Moskva heç vaxt qəbul etməyəcək. Medvedev ABŞ-da yerləşən X platformasında yazıb ki, Fransa prezidenti Emmanuel Makron Ukraynaya qoşun göndərmək fikrindən əl çəkmir. “NATO əsgərlərinin sülhməramlı kimi qəbul edilməsinə yox deyirik. Rusiya belə bir təhlükəsizlik zəmanətini qəbul etməyəcək”, – deyə o vurğulayıb.
Estoniyanın baş naziri Kristen Mixal Ukraynaya “istəklilər koalisiyası” çərçivəsində hərbi kontingent göndərməyə hazır olduqlarını bəyan edib. Mixal bu barədə "Postimees" qəzetinə açıqlama verib. “Estoniya Ukraynaya bir rota hərbçi göndərməyə və bu ölkəyə dəstək göstərməyə hazırdır”, – deyə baş nazir vurğulayıb.
NATO Baş katibi Mark Rütte, ABŞ prezidenti və Avropa İttifaqı liderləri ilə keçirilən sammitdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.Məlumata görə, söhbət zamanı Ukrayna ilə Rusiya arasındakı sülh prosesində son vəziyyət müzakirə olunub. Ərdoğan və Rütte həmçinin Qara dənizin təhlükəsizliyi məsələsinə toxunublar.
ABŞ Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri çərçivəsində bu ölkənin ərazisinə hərbi qüvvə göndərməyəcək. Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt açıqlama verib.
Böyük Britaniya müharibə başa çatdıqdan sonra Ukraynada seçkilərin keçirilməsinə dəstək göstərəcək. Bu barədə “Express” nəşri Ukrayna Mərkəzi Seçki Komissiyasının sədri Oleq Didenkoya istinadən xəbər yayıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub. Söhbət zamanı ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə Alyaskada keçirdiyi görüş, həmçinin Ukrayna prezidenti Volodimir Zelenski və Avropa liderlərinin iştirakı ilə Vaşinqtonda keçirilən iclasın nəticələri müzakirə edilib.
NATO ölkələrinin müdafiə nazirləri çərşənbə günü Ukrayna ilə bağlı videokonfrans keçirməyi planlaşdırır. Digər tərəfdən, Avropa İttifaqı (Aİ) ölkələri isə Vaşinqtonda aparılan danışıqların yekunlarına həsr olunmuş təcili onlayn sammiti başa çatdırır.
Zelenski əsas məsələlərin yalnız liderlər səviyyəsində həll oluna biləcəyini vurğulayaraq, Putinlə birbaşa danışıqlara hazır olduğunu təsdiqləyib. O, bu istiqamətdə Avropa liderlərinin də dəstəyini aldığını qeyd edib. Zelenski, həmçinin, bu danışıqların baş tutması üçün ABŞ-ın təzyiqinin mühüm rol oynaya biləcəyini bildirib. Prezident qeyd edib ki, potensial görüşün tarixi hələ müəyyən edilməyib, lakin əsas müzakirə mövzularının təhlükəsizlik zəmanətləri və ərazi məsələləri olacağını gözləyir. Onun sözlərinə görə, ABŞ ilə danışıqlar zamanı Ukrayna xəritələri üzərində real vəziyyət ilk dəfə müzakirə edilib.
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Avropa Ukraynaya təhlükəsizlik təminatları verməyə hazırdır. Tramp bu barədə Ağ Evdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən danışıb. Trampın sözlərinə görə, bu məsələdə ABŞ da dəstək göstərəcək, lakin yardımın konkret forması hələ açıqlanmayıb.