Tramp Cənubi Koreya prezidenti Li Jae Myungu Oval Ofisdə qəbul edərkən jurnalistlərin Qəzzadakı aclıq və humanitar böhranla bağlı suallarını cavablandırıb. O, “Bu vəziyyətə bir an əvvəl son qoyulmalıdır. Aclıq və insanların öldürülməsi kimi problemlər davam edir,” deyərək, Qəzzadakı prosesin sonuna yaxınlaşdığını vurğulayıb. Tramp ABŞ-ın Qəzzaya 60 milyon dollarlıq ərzaq yardımı göndərdiyini və bu yardımın paylanıldığını bildirib. ABŞ dövlət katibi Marko Rubio isə Qəzza ilə bağlı diplomatik səylərin davam etdiyini qeyd edib.
#Qəzzada humanitar böhran
BMT-nin baş katibinin sözçüsü Stefan Düjarrik , BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) məlumatlarına istinadən, İsrailin humanitar yardım karvanlarına qarşı məhdudlaşdırıcı siyasətini davam etdirdiyini qeyd edib. Düjarrik, İsrail hakimiyyətinin bir gün əvvəl koordinasiya tələb edən 15 humanitar missiyadan səkkizini ilkin olaraq rədd etdiyini, qalan yeddi missiyanı isə yerdə blokladığını açıqlayıb. O, həmçinin Qəzzada davam edən hava hücumları və hərbi əməliyyatların, xüsusilə səhiyyə obyektlərinə edilən hücumların daha çox mülki itkilərə səbəb olduğunu və kritik infrastrukturu zədələdiyini və ya məhv etdiyini bildirib. Düjarrik, mart ayının ortalarında atəşkəsin sona çatmasından bəri Qəzzada məcburi köçkünlərin sayının 800 mini keçdiyini, insanların təhlükəsizlik və sığınacaq axtarışı ilə köçkün düşdüyünü vurğulayıb.
İsrail hökuməti Qəzza zolağında insanlığa aid bütün dəyərləri məhv edir. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib. “İsrailin bu gün Qəzzadakı xəstəxanaya təşkil etdiyi hücum nəticəsində beşi jurnalist olmaqla azı iyirmi fələstinli həlak olub. Baş nazir Netanyahunun rəhbərlik etdiyi hökumət insanlığa aid bütün dəyərləri məhv etmək üçün amansız hücumlarını fasiləsiz davam etdirir” – deyə, o vurğulayıb.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə xarici işlər nazirləri iclasından sonra qəbul edilən birgə bəyanatda İsrailin mövqeyi kəskin şəkildə pislənib və bütün dövlətlərə fələstinlilərə qarşı təcavüzün davam etməsinin qarşısını almaq üçün hüquqi və praktik addımların atılmasına dair çağırış edilib. Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən iclasın yekununda vurğulanıb ki, İsrailin Qəzza zolağına hücumun başlanmasından iki ilə yaxın vaxt keçməsinə baxmayaraq vasitəçilərin sülh təşəbbüslərinə cavab verməkdən imtina etməsi, əməliyyatları genişləndirməkdə israrı və atəşkəs çağırışlarını qulaqardına vurması qəbuledilməzdir.
Fələstin Qeyri-Hökumət Təşkilatları Şəbəkəsi BMT Təhlükəsizlik Şurasını fələstinlilərə beynəlxalq qoruma təmin etməyə çağırıb. Çağırış, İsrailin Qəzzada mülki əhaliyə qarşı davam edən hücumları, mülki qurumların hədəfə alınması və BMT-nin bölgədə aclığın baş verdiyini rəsmən elan etməsi fonunda edilib.
Qəzza hökuməti İsrailin şimal bölgələrindən cənuba 1,3 milyon insanı köçürmək planının həyata keçirilməsinin faktiki olaraq mümkünsüz olduğunu açıqlayıb. Hökumətin Media Bürosundan verilən məlumata görə, cənub şəhərlərinin bu qədər insanı yerləşdirəcək potensialı yoxdur, sığınacaq çatışmazlığı isə 96 faizi keçib. Bəyanatda bildirilib ki, İsrail ordusunun elanına baxmayaraq, indiyədək yalnız 10 min çadırın Qəzzaya daxil olmasına icazə verilib. Halbuki, real ehtiyac 250 min çadır və karvan təşkil edir. Bu, tələbatın cəmi 4 faizinə bərabərdir. Bundan əlavə, İsrailin beynəlxalq yardım təşkilatlarının işinə qoyduğu məhdudiyyətlər səbəbindən sərhəd-keçid məntəqələrində sığınacaq materiallarının çatışmazlığı yüz minlərlə köçkün üçün vəziyyəti daha da ağırlaşdırır.
Malayziyanın baş naziri Ənvər İbrahim Qəzza xalqına dəstək məqsədilə yeni yardım paketi elan edib. Ənvər İbrahim Malayziyanın Qəzzadakı fələstinlilərə təxminən 23,6 milyon ABŞ dolları dəyərində əlavə yardım göstərəcəyini açıqlayıb. Baş nazir həmçinin ölkədə fəaliyyət göstərən iri şirkətləri Qəzzanın yenidən qurulmasına dəstək verməyə çağırıb.
Kopenhagendə Fələstinə dəstək məqsədilə keçirilən nümayişdə 10 mindən çox insan iştirak edib. Etirazçılar Qəzzadakı müharibənin dayandırılmasını və Danimarkanın Fələstin dövlətini tanımasını tələb ediblər.
Qəzza zolağında İsrail tərəfindən saxlanılan 13 fələstinli Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə azad edilib. Qeyd olunub ki, Qızıl Xaç Komitəsi mart ayından bəri 5-i qadın olmaqla ümumilikdə 255 fələstinlinin İsrail tərəfindən birtərəfli qaydada azad olunmasına vasitəçilik edib və onların ailələrinə qovuşmasına yardım göstərib. Komitə açıq şəkildə saxlanılan şəxslərin adlarının açıqlanmasını və ailə görüşlərinə icazə verilməsini tələb edib. Açıqlamada vurğulanıb ki, beynəlxalq humanitar hüquqa görə əsirlərə insani münasibət göstərilməli, məqbul saxlanma şəraiti təmin olunmalı və onların ailələri ilə ünsiyyət imkanı qorunmalıdır.
HƏMAS İsrailin Baş naziri Benyamin Netanyahunu əsir mübadiləsi və atəşkəs razılaşmasının əldə olunmasına mane olmaqda ittiham edib. HƏMAS Netanyahunun Qəzza şəhərinin işğalı planına razılıq verməsini razılaşmanı pozmaq istəyi kimi qiymətləndirib.
Son 24 saat ərzində İsrailin Qəzza zolağına qarşı həayat keçirdiyi hücumlarda həlak olanların sayı 62 min 686 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama yayıb. Bildirilib ki, son sutka ərzində Qəzza zolağındakı xəstəxanalara 64 nəfərin meyiti və 278 yaralı gətirilib. İsrail ordusunun yanvarın 19-da əldə olunan atəşkəsi pozaraq martın 18-dən bəri həyata keçirdiyi hücumlarda 10 min 842 fələstinlinin həlak olduğu, 45 min 910 nəfərin isə yaralandığı qeyd olunub.
İsrail mənbələrinin məlumatına görə, baş nazir Benyamin Netanyahu Qəzza şəhərinin işğalını dayandırmaq niyyətində deyil. Əsirlərin azad edilməsi üçün aparılan danışıqlar barədə açıqlamalarına baxmayaraq, o, bu məsələdə tələsmir. Əksinə, Netanyahu şəhərin işğalını sürətləndirmək və hətta əməliyyatın adının dəyişdirilməsi ilə bağlı ordu ilə mübahisəyə girib.