#Trampın Qəzza planı

İran Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqdə sülh çağırışını riyakarlıq adlandıraraq, bu bəyanatın Vaşinqtonun regionda və İrana qarşı təcavüzkar hərəkətləri ilə ziddiyyət təşkil etdiyini bildirib. Nazirliyin çərşənbə axşamı yaydığı bəyanatda qeyd olunur ki, “Trampın sülh və dialoq istəyi, ABŞ-ın İran xalqına qarşı həyata keçirdiyi aqressiv və cinayətkar siyasətlə uyğun gəlmir”.

İsrail ordusunun Qəzza zolağında atəşkəs qüvvəyə minsə də, evlərinə qayıtmağa çalışan fələstinlilərə atəş açması nəticəsində 3 nəfər həlak olub. Fələstinin rəsmi WAFA xəbər agentliyinin məlumatına görə, İsrail əsgərləri Qəzzə şəhərinin şimalında, evlərinə dönmək istəyən mülki şəxsləri hədəf alıb. Məlumata əsasən, İsrail ordusu atəşkəs razılaşmasına baxmayaraq, şəhərin Əş-Şucaiyyə məhəlləsində evlərini görməyə gələn fələstinlilərə pilotsuz uçuş aparatlarından (PUA) atəş açıb. Hadisə nəticəsində 3 nəfər həyatını itirib.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Qəzza məsələsi onun təşəbbüsü ilə hazırlanmış Yaxın Şərq sülh planının yalnız bir hissəsidir və əsas məqsəd bölgədə davamlı sülhə nail olmaqdır. Tramp bu fikirləri İsrailə səfəri və Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Sülh Sammitində iştirakından sonra “Truth Social” platformasında paylaşdığı bəyanatda səsləndirib. “Qəzza yalnız missiyanın bir hissəsidir. Əsas məsələ Yaxın Şərqdə sülhü təmin etməkdir. İndi bölgə uğrunda çox çalışmış ölkələr birləşərək bu işi tamamlamaq məcburiyyətindədirlər,” – deyə Tramp qeyd edib.

ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi və İsrail ilə HƏMAS-ın təsdiqlədiyi Qəzzədə sülh planının ilk mərhələsi çərçivəsində dünən Qəzza Zolağında saxlanılan israilli girovlar Fələstin məhbusları ilə dəyişdirildi. HƏMAS dünən səhər saatlarında düz 738 gündür Qəzza Zolağında saxladığı 20 israilli girovu İsrailə təhvil verdi. Xan Yunis şəhərindəki ilk təhvil nöqtəsində 7, ikinci nöqtədə isə 13 israilli girov Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC) nümayəndə heyətinə təhvil verildi.

İsrail və Fələstin arasında Qətər, Misir və Türkiyənin vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində Qəzzə zolağında iki ildir Qəssam briqadaları tərəfindən saxlanılan 20 israilli əsir azad edilib. Qəssam briqadaları tərəfindən saxlanılan israilli əsirlərin iki il ərzində tünellərdə qaldıqları bildirilir. Lakin görüntülərdə və ilkin tibbi hesabatlarda onların fiziki və psixoloji vəziyyətlərinin sabit olduğu qeyd olunur.

Avropa Birliyi (AB) Xarici İşlər və Təhlükəsizlik Siyasəti Ali Nümayəndəsi Kaja Kallas Qəzzada atəşkəs planının uğur qazanması üçün beynəlxalq dəstəyin vacib olduğunu və Birliyin üzərinə düşəni etməyə hazır olduğunu açıqlayıb. Kallas Amerikanın X sosial media platformasında paylaşımında bu gün Yaxın Şərqdə “nadir görülən bir ümid anı”na şahidlik edildiyini qeyd edib.

Qəzzadaki Hökumətin Media Ofisindən verilən açıqlamada, 12 oktyabr bazar günü Qəzza zolağına daxil olan yardımlar barədə məlumat verilib. Atəşkəs razılaşmasının ilk günündə Qəzza zolağına sərhəd keçid məntəqələrindən humanitar yardım yüklü 173 yük maşınının çatdığı bildirilib. Bu yük maşınlarından 3-ü mətbəx qazı, 6-sı isə yanacaq yüklüdür. İsrailin soyqırımı çərçivəsində uzun müddət Qəzza zolağına girişin qarşısını aldığı əsas zəruri malların çatışmazlığına diqqət çəkilib.

ABŞ Prezidenti Donald Tramp Qəzzada əldə olunan atəşkəsin ardından 4 saatdan az davam edəcək səfər çərçivəsində İsrailə gəlib. Trampı daşıyan təyyarə Təl-Əviv yaxınlığındakı Ben Gurion Hava Limanına enib. Qəzzada əldə olunan atəşkəsdən sonra bölgəyə gələn Tramp Ben Gurion Hava Limanında rəsmi mərasimlə qarşılanıb. Onu İsrail Prezidenti İsxak Hersoq, Baş nazir Benyamin Netanyahu və bir çox nazir və rəsmi şəxs qarşılayıb.

İsrail Prezidenti İshaq Hersoq ABŞ Prezidenti Donald Trampa ölkənin ən yüksək mülki ordenini təqdim edəcəyini açıqlayıb. Təltif qərarı Trampın Qəzzada girovların azad edilməsində və müharibənin dayandırılmasında göstərdiyi səylərə görə qəbul edilib. Prezident Hersoqun ofisindən yayılan bəyanatda bildirilib ki, “Tramp tükənməz səyləri ilə təkcə sevdiklərimizin vətənə qayıtmasına kömək etmədi, həm də Yaxın Şərqdə təhlükəsizlik, əməkdaşlıq və sülhə əsaslanan yeni dövrün təməlini qoydu. Onu İsrailin Prezident Şərəf Ordeni ilə təltif etmək mənim üçün böyük şərəf olacaq”.