Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrandan atılan ballistik raket və pilotsuz uçuş aparatlarının (PUA) ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən uğurla dəf edildiyini açıqlayıb. BƏƏ Müdafiə Nazirliyinin yaydığı yazılı bəyanatda bildirilir ki, ölkənin müxtəlif bölgələrində eşidilən partlayış səsləri hava hücumundan müdafiə bölmələri və qırıcı təyyarələrin müdaxiləsi nəticəsində təhdidlərin havada məhv edilməsindən qaynaqlanıb. Nazirlik bütün müdafiə vahidlərinin İran mənbəli hücumlara qarşı tam hazırlıq və yüksək teyakkuz vəziyyətində olduğunu vurğulayıb.
#İsrail və İran gərginliyi
ABŞ Prezidenti Donald Tramp Florida ştatındakı həftəsonu tətilindən Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb və Yaxın Şərqdəki son hadisələrlə bağlı mühüm iddialar irəli sürüb. Tramp İranın "USS Abraham Lincoln" (CVN-72) aviadaşıyıcısını vurduğuna dair xəbərləri qətiyyətlə təkzib edərək, bu iddiaları yalan adlandırıb. "Dünyanın ən böyük gəmilərindən biri olan bu gəmiyə əsla hücum edilməyib, o heç vaxt yanmayıb," diqqətə çatdıran Prezident, sosial mediada yayılan yanğın görüntülərinin saxta olduğunu və reallığı əks etdirmədiyini vurğulayıb.
İranda xarici media qurumu ilə əməkdaşlıq etdikləri iddia olunan bir qrup jurnalistin saxlanıldığı bildirilib. Ölkə rəsmiləri onların İsraillə əlaqəli olmaqda şübhəli bilinən televiziya kanalı ilə əməkdaşlıq etdiyini iddia edir. Məlumata görə, İranın Kəşfiyyat Nazirliyi saxlanılan şəxslərin ABŞ və İsrailin hücumları nəticəsində zərər görən ərazilərin, eləcə də təcili yardım və xilasetmə qruplarının yerləşdiyi nöqtələrin fotoşəkillərini sözügedən kanala göndərdiyini bildirib.
Birləşmiş Ərəb Əmirliklərinin strateji əhəmiyyətli Fuceyra limanı pilotsuz uçuş aparatlarının (PUA) hədəfinə çevrilib. "Bloomberg"in yaydığı məlumata görə, hücum nəticəsində limandakı neft anbarlarında güclü yanğın başlayıb. Hadisə yerindən çəkilən görüntülərdə limandan qatı tüstü buludlarının yüksəldiyi müşahidə olunur. Yanğın və təhlükəsizlik riskləri səbəbindən limandakı bəzi neft yükləmə əməliyyatlarının və digər fəaliyyətlərin müvəqqəti olaraq dayandırıldığı bildirilir.
Artıq iki həftədir ki, İranın Körfəz ölkələrindəki yaşayış məntəqələrini, mülki obyektləri və kritik infrastrukturu hədəf alan raket və pilotsuz uçuş aparatı (PUA) hücumları davam edir. Cümə günü Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) və bölgə dövlətləri bu hücumların təkcə regional təhlükəsizliyi deyil, həm də qlobal iqtisadiyyat və enerji bazarlarının sabitliyini təhdid etdiyini bəyan ediblər.
İranın Mərkəzi əyalətində yerləşən yaşayış məntəqəsinə ABŞ və İsrail qüvvələri tərəfindən hava zərbəsi endirilib. İran dövlət televiziyasının yaydığı məlumata görə, hücum əyalətin Hizab kəndini hədəf alıb. Hadisə zamanı kənddəki evlərdən birinə birbaşa mərmi düşməsi nəticəsində dağıntılar yaranıb. İlkin məlumatlara əsasən, hücum nəticəsində 6 mülki şəxs həyatını itirib, 7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralıların xəstəxanaya yerləşdirildiyi və vəziyyətlərinin izlənildiyi bildirilir.
Səudiyyə Ərəbistanının Hava Hücumundan Müdafiə qüvvələri son 24 saat ərzində Krallığın müxtəlif strateji hədəflərinə yönəlmiş 20 pilotsuz uçuş aparatı (PUA) və bir ballistik raketi zərərsizləşdirib. Müdafiə Nazirliyinin məlumatına görə, cümə günü axşam saatlarından başlayan hücum dalğası ölkənin Şərq vilayəti, Rub-əl-Xali səhrası və şimaldakı Əl-Cof bölgəsini əhal edib. Paytaxt Riyad yaxınlığındakı Şahzadə Sultan Hava Bazasına atılan ballistik raket isə hədəfə çatmadan vurulub.
İranın Səudiyyə Ərəbistanındakı "Şahzadə Sultan" hava bazasına endirdiyi raket zərbələri nəticəsində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus strateji texnikalara ciddi ziyan dəyib. "Wall Street Journal" (WSJ) qəzetinin ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, son günlərdə həyata keçirilən hücumlar zamanı ABŞ-a məxsus 5 yanacaqdoldurma təyyarəsi uçuş zolağında olarkən zərbələrə məruz qalıb. Bildirilir ki, hadisə zamanı can itkisi olmasa da, təyyarələr tamamilə məhv edilməyib, lakin ciddi zədələnib. Hazırda həmin təyyarələrin təmiri istiqamətində işlər aparılır.
İranın cənub-şərqində yerləşən Kerman vilayətinin təhlükəsizlik qüvvələri ölkədə sabitliyi pozmağa və kütləvi iğtişaşlar törətməyə cəhd edən mütəşəkkil qrupun ifşa olunduğunu bildirib. Kerman vilayətinin səlahiyyətli orqanlarının yaydığı rəsmi bəyanatda qeyd olunur ki, həyata keçirilən xüsusi əməliyyat nəticəsində 14 nəfər saxlanılıb. Saxlanılan şəxslər dövlət təhlükəsizliyinə xələl gətirən fəaliyyətlərdə, qanunsuz yığıncaqlar təşkil etməkdə və ölkə daxilində xaos yaratmaq üçün gizli planlar hazırlamaqda ittiham olunurlar.
Qətər Müdafiə Nazirliyi ölkənin hava məkanını və təhlükəsizliyini hədəf alan ciddi bir təhdidin qarşısının alındığını rəsmən açıqlayıb. Nazirliyin ABŞ mərkəzli "X" sosial media platformasındakı rəsmi hesabı vasitəsilə yayılan bəyanatda bildirilir ki, Qətər Silahlı Qüvvələri ölkə ərazisinə yönəlmiş raket hücumunu uğurla dəf edib. Müdafiə sistemlərinin vaxtında müdaxiləsi nəticəsində raket hədəfə çatmadan zərərsizləşdirilib. Nazirlik hadisənin təfərrüatları barədə hələlik əlavə məlumat verməyib.
Türkiyə təhlükəsizlik mənbələri İrandan atılan ballistik raketlərin NATO hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilməsindən sonra Ankaranın rəsmi mövqeyinə dair mühüm açıqlamalar verib. Mənbələr vurğulayıb ki, Türkiyə hazırda davam edən regional müharibənin tərəfi deyil və münaqişənin içinə çəkilməmək üçün son dərəcə ehtiyatlı və soyuqqanlı siyasət yürüdür. Bölgədə yeni gərginlik xətlərinin yaranmaması üçün məsuliyyətlə hərəkət edən Ankara İran tərəfinə sözügedən hücuma görə məsuliyyət daşıyanların dərhal müəyyən edilməsi və lazımi tədbirlərin görülməsi barədə çox net mesajlar çatdırıb.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Mariano Qrossi Moskvada Rusiyanın "Rosatom" Dövlət Nüvə Enerjisi Korporasiyasının baş direktoru Aleksey Lixaçov ilə keçirdiyi birgə mətbuat konfransında Yaxın Şərqdəki gərginliyin nüvə təhlükəsizliyinə təsirləri barədə xəbərdarlıq edib. Qrossi regiondakı nüvə obyektlərinin hazırkı durumunu "son dərəce həssas" kimi qiymətləndirərək, nüvə faktorunun ön plana çıxdığı yeni bir münaqişə dalğasının şahidi olduqlarını bildirib. O, hazırda sülh və müharibə arasında "incə bir xətt" üzərində yeridiklərinə işarə edərək, hərbi əməliyyatların mümkün qədər tez başa çatmasının və danışıqlar masasına qayıtmağın zəruriliyini vurğulayıb.