#HƏMAS

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) mənbələri, Türkiyənin Qəzzada yaradılacaq beynəlxalq müşahidə qüvvəsində yer alıb-almayacağı ilə bağlı açıqlama verib. Nazirlik, Türk Silahlı Qüvvələrinin barışın bərqərar olunması və qorunmasında böyük təcrübəyə sahib olduğunu və üzərinə düşəcək hər cür vəzifəyə hazır olduğunu bildirib. Prezident Rəcəb Tayyib Ərdoğanın, HƏMAS ilə İsrail arasında əldə edilən atəşkəs razılaşmasının yerində tətbiqini izləyəcək beynəlxalq qüvvədə Türkiyənin də iştirak edəcəyini açıqlamasının ardından, Ankara hökumətinin bu prosesə necə töhfə verəcəyi diqqət mərkəzinə çevrilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı bəyan edib ki, Türkiyə Qəzza zolağının yenidən qurulmasına və atəşkəsin yerinə yetirilməsinə nəzarət mexanizminə fəal şəkildə töhfə verəcək. Ərdoğan vurğulayıb ki, İsrail Qəzzaya humanitar yardımın daxil olmasına icazə verməli, hücumlarını dərhal dayandırmalı və imzalanmış razılaşmada nəzərdə tutulan xətlərə geri çəkilməlidir.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi Qəzzada əldə olunmuş və tezliklə qüvvəyə minməsi gözlənilən atəşkəs razılaşmasının bölgə xalqları üçün "ədalət və sabitlik dolu bir gələcək ümidi qapısını araladığını" bildirib. Sisi yazılı açıqlamasında Şarm əl-Şeyxdə razılaşmaya gəlindiyini xatırladaraq, dünyanın bu anla “sülh iradəsinin zəfərini təcəssüm etdirən tarixi bir hadisəyə” şahidlik etdiyini qeyd edib.

Ərdoğanın açıqlamaları, Türkiyə hökumətinin nümayəndə heyətinin Misirin Şarm əş-Şeyx şəhərinə - İsrail və HƏMAS arasında aparılan dolayı danışıqlarda iştirak etmək üçün yola düşməsindən sonra gəlib. Ankara ilə HƏMAS arasında uzunmüddətli siyasi əlaqələr mövcuddur və Tramp bu əlaqələrdən yararlanmağa çalışır. Buna qarşılıq olaraq, Türkiyə bu vasitəçilikdən müəyyən siyasi və diplomatik qazanc əldə etməyi hədəfləyir. Analitiklərə görə, Ankara bu missiya vasitəsilə müharibədən sonrakı Qəzzədə söz sahibi olmaq, yenidənqurma və təhlükəsizlik mexanizmlərində iştirak etmək niyyətindədir.

İsrailin maliyyə naziri və ifrat sağçı “Dini Sionizm” partiyasının lideri Betsalel Smotriç Qəzzədə atəşkəs və girovların azad edilməsi barədə əldə olunan razılaşmaya qarşı çıxdığını bəyan edib. Bu barədə məlumatı İsrailin “Ynet” xəbər portalı yayıb. Nazir bildirib ki, razılaşma HƏMAS-ın tam məhv edilməsinə mane olur və bu səbəbdən onun partiyası hökumət müzakirəsində sənədin lehinə səs verməyəcək.

İsrail Baş naziri Benyamin Netanyahunun ofisi cümə axşamı bəyan edib ki, Qəzzada girovların azad edilməsini nəzərdə tutan razılaşma yalnız hökumət tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək. “Bəzi ərəb mediasında yayılan məlumatların əksinə olaraq, 72 saatlıq gerisayım yalnız Nazirlər Kabinetinin razılaşmanı təsdiqlədiyi iclasdan sonra başlayacaq. Bu iclasın axşam saatlarında keçirilməsi gözlənilir.”-deyə bəyanatda qeyd olunur.

HƏMAS hərəkatından bir mənbə Frans Press agentliyinə açıqlamasında bildirib ki, Misirdə aparılan dolayı danışıqlar nəticəsində İsraillə əldə olunan razılaşmanın birinci mərhələsi Qəzza zolağında saxlanılan israilli girovların azad edilməsi ilə yanaşı, İsrail həbsxanalarında olan 2000-dən çox fələstinli məhbusun azad olunmasını nəzərdə tutur.

Misirdə aparılan atəşkəs danışıqları nəticə verib. İsrailin iki ildir davam edən soyqırımı ilə üzləşən Qəzzada atəşkəsin qüvvəyə mindiyi elan olunub. HƏMAS məsələ ilə bağlı yaydığı açıqlamada vasitəçilik edən ölkələrə təşəkkür edib. “Qətər, Misir və Türkiyədəki vasitəçi qardaşlarımızın səylərini böyük təşəkkürlə qarşılayırıq. Həmçinin müharibənin tamamilə dayandırılmasını və işğalçı İsrailin Qəzza zolağından tam şəkildə geri çəkilməsini hədəfləyən ABŞ Prezidenti Donald Trampın səylərini də yüksək qiymətləndiririk,” – deyə bəyanatda bildirilib.

HƏMAS hərəkatı yayımladığı bəyanatda Qəzzada atəşkəs razılaşmasının əldə olunduğunu təsdiqləyib. Təşkilat bildirib ki, razılaşma müharibənin dayandırılması, işğalçı qüvvələrin çəkilməsi, humanitar yardımların girişinə icazə verilməsi və əsir mübadiləsini nəzərdə tutur.

Qəzza Mülki Müdafiə Xidməti cümə axşamı səhər saatlarında İsrail ordusunun bölgənin müxtəlif hissələrinə bir neçə hava zərbəsi endirdiyini təsdiqləyib. Bu hücumlar ABŞ prezidenti Donald Trampın İsrail ilə HƏMAS arasında atəşkəs razılaşmasının əldə edildiyini elan etməsindən dərhal sonra baş verib. Frans Press agentliyinə açıqlama verən Qəzza Mülki Müdafiə Xidmətinin nümayəndəsi Məhəmməd əl-Muğayr bildirib: “Bu gecə Qəzzədə atəşkəs təklifinə dair razılaşma elan olunduqdan sonra bir neçə partlayış baş verib, xüsusilə Şimali Qəzza bölgəsində.”

BMT-nin Baş katibi Antonio Quterreş İsraillə HƏMAS arasında Qəzzada atəşkəs planının ilk mərhələsinin razılaşdırılmasını müsbət dəyərləndirib. BMT Baş katibinin sözçülüyü vasitəsilə yayılan yazılı açıqlamada Quterreş bildirib ki, ABŞ Prezidenti Donald Trampın təklifi əsasında əldə olunan razılaşma həm atəşkəsin təmin olunması, həm də girovların azad edilməsi baxımından mühüm addımdır.