#HƏMAS

İsrailin Dohaya endirdiyi hava zərbəsi nəticəsində Qətər təhlükəsizlik qüvvələrinin bir əməkdaşı həlak olub, bir neçəsi isə yaralanıb. Bu barədə Qətərin Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirliyin açıqlamasına görə, ilkin məlumata əsasən, daxili təhlükəsizlik qüvvələrinin hərbi qulluqçusu – onbaşı Bader Saad Məhəmməd əl-Xumeydi əd-Dusari xidməti vəzifəsini yerinə yetirərkən hücumun hədəfi olan obyektdə həyatını itirib. Hadisə zamanı bir neçə təhlükəsizlik əməkdaşı da xəsarət alıb.

Qətər Daxili İşlər Nazirliyi İsrailin Dohadakı HƏMAS rəhbərlərinə qarşı həyata keçirdiyi hücumdan sonra hadisələrin gedişatını diqqətlə izlədiyini və bütün zəruri tədbirləri gördüyünü bildirib. Bu barədə nazirliyin verdiyi açıqlamada qeyd olunur. “Səlahiyyətli orqanlar hədəf bölgəni araşdırmaqda və təhlükəsizliyi təmin etməkdə davam edir. Daxili İşlər Nazirliyi daxili təhlükəsizlik qüvvələri ilə birlikdə hadisələrin gedişatını diqqətlə izləyir və vətəndaşların, eləcə də sakinlərin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür” - deyə, açıqlamada vurğulanıb.

İsrailin Qətərin paytaxtı Dohada HƏMAS rəhbərliyinə qarşı təşkil etdiyi hücumdan sonra İsraildən Türkiyəyə qarşı təhdid xarakterli açıqlamalar səsləndirilib. Tez-tez Türkiyə əleyhinə açıqlamalar verən israilli jurnalist, İvrit Universitetinin müəllimi Meir Masri sosial şəbəkədə paylaşım edib. Paylaşımda “Bugün Qətər, sabah Türkiyə”, - deyə qeyd olunub və Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan və İranda qətlə yetirilən HƏMAS lideri İsmayıl Haniyyənin fotosu yer alıb.

Birləşmiş Ərəb Əmirlikləri İsrailin Dohada HƏMAS rəhbərliyinə qarşı həyata keçirdiyi hücumu qətiyyətlə pisləyib və bunu Qətərə qarşı “qorxaq hücum” adlandırıb. Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. Bəyanata görə, BƏƏ-nin baş nazir müavini və xarici işlər naziri şeyx Abdullah bin Zayed Al Nəhyan İsrailin Qətər dövlətinə qarşı törətdiyi bu hücumu sərt şəkildə qınayıb. O, hücumun Qətərin suverenliyinin kobud şəkildə pozulması, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə zidd olması, həmçinin regional və beynəlxalq təhlükəsizlik üçün məsuliyyətsiz eskalasiya yaratdığını vurğulayıb.

Səudiyyə Ərəbistanı bütün imkanlarını Qətərə dəstək üçün səfərbər edir. Bu sözləri Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri şahzadə Məhəmməd bin Salman Qətər əmiri şeyx Təmim bin Həməd Al Tani ilə telefon danışığında deyib. O, Qətərin təhlükəsizliyini qorumaq, suverenliyini müdafiə etmək məqsədilə gördüyü tədbirləri tam şəkildə dəstəkləyir.

Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin Dohadakı HƏMAS liderlərini hədəf aldığı hücumu pisləyib. Bu barədə nazirliyin yaydığı bəyanatda deyilir. “İsrailin Qətərin paytaxtı Dohada HƏMAS-ın danışıqlar heyətinə qarşı həyata keçirdiyi hücumu qətiyyətlə lənətləyirik. Atəşkəs danışıqları davam edərkən HƏMAS müzakirə heyətinin hədəf alınması, İsrailin müharibəni davam etdirmək niyyətində olduğunu göstərir" - deyə, bəyanatda vurğulanıb.

BMT-nin baş katibi Antonio Quterreş İsrailin Dohada HƏMAS rəhbərlərini hədəfə alan hücumunu pisləyərək, bunu Qətərin suverenliyinin və ərazi bütövlüyünün açıq şəkildə pozulması kimi qiymətləndirib. Quterreş əlavə edib ki, “Qətər Qəzzada atəşkəsin əldə olunması və bütün əsirlərin azad edilməsi prosesində son dərəcə müsbət rol oynayıb”. O həmçinin bütün tərəfləri Qəzza zolağında münaqişəyə yox, daimi atəşkəsə nail olmaq üçün işləməyə çağırıb. Eyni kontekstdə, Türkiyə də İsrailin Qətərdə HƏMAS-a hücumunu pisləyib. Türkiyə Xarici İşlər Nazirliyi bəyan edib ki, bu hücum İsrailin ekspansiya və terroru dövlət siyasəti kimi qəbul etdiyini göstərir.

İsrail ordusunun Qətərdə HƏMAS rəhbərlərinə qarşı hücum həyata keçirdiyini elan etməsindən sonra, çərşənbə axşamı qlobal maliyyə bazarlarında gərginlik artdı. Bu bölgədə münaqişəni daha da kəskinləşdirdi və investorları təhlükəsiz sayılan aktivlərə yönəlməyə məcbur etdi. Nəticədə qızılın qiyməti tarixi rekord səviyyəni aşaraq ən yüksək göstəricisinə yüksəldi. Təsir yalnız qızıl ilə məhdudlaşmadı; yapon yeni və isveçrə frankı gün ərzində qazandıqları mövqeləri qorudu. Neftin qiyməti isə bir barel üçün təxminən 1 dollar artaraq 67 dollara yaxınlaşdı.

HƏMAS liderləri İsrailin təşkil etdiyi sui-qəsddən xilas olub. Bu barədə Qətərin “Əl Cəzirə” telekanalı HƏMAS mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, hücum zamanı HƏMAS-ın atəşkəs üzrə danışıqlar aparan heyəti iclasda olub. Bildirilib ki, nümayəndə heyəti ABŞ prezidenti Donald Trampın Qəzzada atəşkəs üçün təqdim etdiyi təklifi müzakirə edərkən hədəfə alınıb.

Qətərin paytaxtı Dohada bir neçə partlayış səsi eşidilib, şəhərin mərkəzindən tüstü qalxdığı bildirilib. Şahidlər, hadisənin mərkəzi məhəllələrdən birində baş verdiyini təsdiqləyiblər. İsrail mediası yüksək rütbəli israilli rəsmiyə istinadla, Dohada baş verən partlayışların İsrailin HƏMAS rəhbərliyinə qarşı həyata keçirdiyi suiqəsd əməliyyatı olduğunu bildirib. İsrail ordusunun radio kanalı da açıqlamasında hücumu üstlənib. “İsrail, Qətərdəki HƏMAS rəhbərliyini hədəf alıb. Əməliyyat HƏMAS liderliyinin ən yüksək səviyyəsini vurmaq məqsədi daşıyırdı”- deyə bildirib.

İsrailin müdafiə naziri İsrael Katz, ordunun Qəzza şəhərinə qarşı hücumları genişləndirməyə hazırlandığını bildirərək, bu gün bölgədə “şiddətli hücumlar” həyata keçiriləcəyini bəyan edib. Katz, ABŞ mərkəzli X sosial media platformasında yazdığı paylaşımda, Qəzzadakı çoxmərtəbəli binaların və digər tikililərin hədəfə alınacağını açıqlayıb.