Birləşmiş Ştatlar raket ehtiyatlarının tükənməsi fonunda Yaponiyaya təxminən 400 ədəd "Tomahawk" qanadlı raketinin təhvil verilməsini təxirə saldığını rəsmən Tokioya bildirib. Razılaşmaya əsasən, 2,35 milyard dollar dəyərində olan bu sifarişin 2028-ci ilin mart ayında təhvil verilməsi planlaşdırılırdı. Lakin müharibənin ilk dörd həftəsi ərzində ABŞ ordusu 850-dən çox "Tomahawk" raketindən istifadə edib ki, bu da Pentaqon rəsmiləri arasında ciddi narahatlıq doğurub. Bildirilir ki, müharibədən əvvəl ABŞ-ın ehtiyatında olan 4 min raketdən artıq iki illik istehsal həcmi qədər hissəsi sərf olunub.
#Regional təhlükəsizlik
Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan bin Abdullah ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Səudiyyə Press Agentliyinin (SPA) çərşənbə axşamı yaydığı məlumata görə, tərəflər Yaxın Şərqdə sürətlə dəyişən vəziyyəti və son regional hadisələri ətraflı nəzərdən keçiriblər. Bu diplomatik təmas regionun müxtəlif hissələrində gərginliyin pik həddə çatdığı və beynəlxalq oyunçuların münaqişənin dayandırılması üçün səylərini artırdığı bir dövrə təsadüf edir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü verdiyi bəyanatda Yaxın Şərqin böyük hissəsini əhatə edən müharibənin qlobal iqtisadiyyata vurduğu zərərin artdığını və bu prosesin bütün regionu alova bürümədən dayandırılmasının vacibliyini vurğulayıb. Regionun yenidən qan və barıt qoxusuna büründüyünü bildirən Ərdoğan, diplomatiyaya şans veriləcəyi təqdirdə sülhün mümkünlüyünə inandığını qeyd edib. Bu çağırış İranın xarici işlər naziri Abbas Əraqçinin Vaşinqtonla danışıqlar aparmaqdan imtina etməsi və Tehranın amerikalılarla dialoqda "çox acı təcrübəyə" malik olduğunu bildirməsindən bir gün sonraya təsadüf edir.
SEPAH sözçüsü Əli Məhəmməd Naini İranın ən azı 6 ay intensiv müharibə aparmaq üçün kifayət qədər hərbi resurslarının olduğunu açıqlayıb. Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu bildirib ki, ümumiyyətlə, müharibə dövründə bu kimi bəyanatlar vermək olduqca normaldır: "Analoji olaraq, ABŞ və İsrail də fərqli bəyanatlar verir və bu, müharibə şəraitində normal qəbul edilməlidir. Əsas məsələ isə müharibənin uzanma müddətidir. Bu gün reallıq göstərir ki, ABŞ və İsrailin İranda başlatdıqları əməliyyatda istədikləri uğuru əldə edə bilməyiblər. Onlar gözləyirdilər ki, bombardmandan sonra İran xalqı küçələrə çıxacaq, Xamenei və rejimin dağılmasını tələb edəcək. Lakin belə bir hal baş verməyib. Dəfələrlə xalqa müraciət olunmasına baxmayaraq, ABŞ və İsrailin çağırışları öz təsirini göstərməyib".
Səudiyyə Ərəbistanının müdafiə naziri Şahzadə Xalid bin Salman Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Asim Munirlə Yaxın Şərqdə artan hərbi gərginlik fonunda İranın krallığa qarşı həyata keçirdiyi hücumları müzakirə edib. Şahzadə Xalid şənbə günü sosial şəbəkədə paylaşım edərək bildirib ki, tərəflər İranın hücumlarını və bu hücumların dayandırılması üçün Birgə Strateji Müdafiə Sazişi çərçivəsində görülməsi zəruri olan tədbirləri müzakirə ediblər. O qeyd edib ki, bu cür hərəkətlər regional təhlükəsizlik və sabitliyi zəiflədir və İranın müdriklik göstərərək yanlış addımlardan çəkinəcəyinə ümid etdiklərini vurğulayıblar.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliya baş naziri Georgia Meloni ilə telefon görüşməsi keçirib. Liderlər görüş zamanı Türkiyə–İtaliya ikitərəfli əlaqələri ilə yanaşı, regionda davam edən münaqişəli proseslərin gedişatı başda olmaqla, regional və qlobal məsələləri ətraflı müzakirə ediblər. Prezident Ərdoğan Türkiyə və İtaliya arasındakı əməkdaşlığı ticarət sahəsi başda olmaqla, hər bir istiqamətdə daha da irəliyə aparmaq üçün çalışdıqlarını ifadə edib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın Ankara üzrə səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak ilə görüşüb. Türkiyə Xarici İşlər Nazirliyindən əldə edilən məlumata görə, Ankarada baş tutan görüşdə regional təhlükəsizlik məsələləri və Suriyadakı son vəziyyət müzakirə olunub. Görüşün detalları barədə geniş məlumat verilməsə də, tərəflərin bölgədəki diplomatik koordinasiya mövzusunda fikir mübadiləsi apardıqları bildirilir.
Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan, İran, İraq, Səudiyyə Ərəbistanı, Qətar, Suriya, Misir və İndoneziya Xarici İşlər Nazirləri ilə telefon danışığı aparıb. İran ilə ABŞ arasındakı müzakirələr davam edərkən, İsrail və ABŞ sabah saatlarında İrana birgə hücumlar həyata keçirib.
BMT-nin Baş katibi Antonio Quterreş, Pakistan və Əfqanıstan arasındakı sərhəd toqquşmalarını dərin narahatlıqla izlədiyini bildirib. O, hər iki tərəfi beynəlxalq hüquq çərçivəsindəki öhdəliklərinə əməl etməyə və mülki şəxslərin qorunmasını təmin etməyə səsləyib. Eyni zamanda, Türkiyənin xarici işlər naziri Hakan Fidan gərginliyi azaltmaq üçün Pakistan, Əfqanıstan, Qətər və Səudiyyə Ərəbistanlı həmkarları ilə intensiv telefon diplomatiyası apararaq regional sülhün qorunması yollarını müzakirə edib.
Pakistanın Bəlucistan vilayətində yerləşən Pəncqur bölgəsində baş verən iki ayrı hadisə nəticəsində 8 nəfər həyatını itirib. Motosikletli silahlı şəxslər yoldan keçən iki avtomobili hədəf alaraq onlara atəş açıblar. Avtomobildə olanların cavab atəşi verməsi ilə tərəflər arasında qısamüddətli və şiddətli atışma baş verib. Çatışma başa çatdıqdan sonra nəqliyyat vasitələrindəki 6 nəfərin öldüyü müəyyən edilib. Hücum edən şəxslər hər iki avtomobili yandırdıqdan sonra hadisə yerindən qaçmağa nail olublar.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan Əl Səud ilə telefon danışığı aparıb. Türkiyə Xarici işlər nazirliyindəki mənbələrin verdiyi məlumata görə, söhbət zamanı iki ölkə arasında münasibətlər, eləcə də regional məsələlər müzakirə olunub. Tərəflər qarşılıqlı əməkdaşlığın mövcud vəziyyətini və gələcək perspektivlərini nəzərdən keçirib, bölgədəki son hadisələr ətrafında fikir mübadiləsi aparıblar.
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan ilə Qətərin Baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Sani arasında telefon danışığı baş tutub. Diplomatik mənbələrdən əldə edilən məlumata görə, nazir Fidan və Qətərli həmkarı Al Sani arasındakı görüşdə regionda cərəyan edən son hadisələr və regional inkişaf prosesləri ətraflı müzakirə edilib. Tərəflər həmçinin ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.