#Qəzza böhranı və ərəb mövqeyi

Qəzza zolağında məcburi köçkün düşən fələstinlilərin yaşadığı çadırların 93 faizinin çökdüyü, istifadə üçün yararsız hala gəldiyi və artıq sığınacaq kimi istifadə oluna bilmədiyi bildirilib. Qəzzadakı hökumətin Media İdarəsinin rəhbəri İsmayıl əs-Səvabite açıqlama verib. “135 min çadırdan 125 mini çöküb və yaşamaq üçün yararsız hala gəlib. İsrailin mart ayından bu yana tətbiq etdiyi sərt blokada səbəbindən yeni çadır təmin edilə bilmir, humanitar yardımın bölgəyə daxil olması əngəllənir.” - deyə Səvabite qeyd edib. Səvabite qeyd edib ki, İsrailin son iki il ərzində davam edən hücumlarında on minlərlə çadır birbaşa bombalanaraq sıradan çıxarılıb, digərləri isə isti hava və güclü külək kimi təbii təsirlər nəticəsində zərər görüb.

İsrail ordusu, işğal məqsədilə başladığı quru hücumlarına paralel olaraq, Qəzza zolağına hava bombardmanlarını da intensivləşdirib. Son 24 saat ərzində 140-dan çox hava hücumu həyata keçirilib. Hücumlar, aclıq və qırğınlara baxmayaraq, torpaqlarını tərk etmək istəməyən fələstinlilərin sığındığı Qəzza şəhərində xüsusilə sıxlaşıb. İsrail ordusu, bölgədə yaşayan fələstinliləri qırğınlarla şimala və cənuba doğru köçməyə məcbur edir. Qəzza şəhəri həm hava, həm də quru əməliyyatları ilə bombalanır. Buna baxmayaraq, yüz minlərlə fələstinli şəhərdə qalmağa davam edir. İsrailin hücumları yalnız Qəzza şəhəri ilə məhdudlaşmayıb, həmçinin Qəzza zolağının orta və cənub hissələrində də davam etməkdədir.

Fələstin İqtisadiyyat Nazirliyi, İsrailin işğal altındakı İordan çayının qərb sahilində yerləşən və "dünyaya açılan yeganə qapı" kimi tanınan Kral Hüseyn (Allenby) körpüsünü bağlama qərarına kəskin reaksiya verib. Nazirlik bildirib ki, sərhədin bağlanması iqtisadi, sosial və humanitar fəlakətə yol aça bilər. Yazılı açıqlamada qeyd olunub ki, Kerame adlandırılan bu sərhəd keçidi Fələstin xalqının ixrac və idxal əməliyyatları üçün həyati əhəmiyyət daşıyır. Fələstin istehsalçılarının dünya bazarına çıxışı, ərzaq təhlükəsizliyi və humanitar yardımların çatdırılması bu keçid məntəqəsindən asılıdır.

İsrail ordusu işğal altında olan İordan çayının qərb sahilinin şimalında bir evi mühasirəyə alaraq 2 fələstinlini qətlə yetirib. Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın verdiyi məlumata görə, İsrail əsgərləri gecə saatlarında qərb sahilində yerləşən Tuba şəhərinə bağlı Tammun qəsəbəsində bir evi mühasirəyə alıblar. Əsgərlərin bölgəyə snayperlər yerləşdirdiyi və mühasirəyə aldıqları evə atəş açdığı bildirilir. Hücum nəticəsində iki fələstinli həyatını itirib.

HƏMAS, İspaniya hökumətinin İsrailə silah tədarükünü tamamilə qadağan etməsini, Tel-Əvivə soyqırımı və etnik təmizləmə cinayətlərini dayandırmaq üçün təzyiq göstərmək baxımından mühüm addım kimi qiymətləndirib. HƏMAS bu barədə, İspaniyada azlıqda olan sol koalisiya hökumətinin İsrailə qarşı tam silah embarqosu tətbiq edən Kral fərmanını təsdiqləməsinə dair verdiyi açıqlamada bildirib. “İspaniya hökumətinin İsrailə tam silah embarqosu gətirən fərmanı təsdiqləməsi, İspaniyanın Qəzza zolağında xalqımızın üzləşdiyi vəhşilik və müharibə cinayətlərinə qarşı mübarizədə mənəvi və siyasi öhdəliyini əks etdirir və müharibə cinayətkarı Netanyahuya soyqırımı və etnik təmizləmə siyasətini dayandırmaq üçün təzyiq göstərməkdə mühüm bir addımdır.” - deyə açıqlamada qeyd edilir.

İsrailin Qəzza Zolağında həyata keçirdiyi hava və artilleriya hücumlarında 28-i Qəzza şəhərində olmaqla 33 fələstinli həlak olub.Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, Qəzza şəhərinin şərq, cənub və şimal-qərb bölgələri güclü artilleriya atəşinə tutulub, şəhər səmasında çoxlu sayda pilotsuz uçuş aparatı (PUA) müşahidə olunub. Xəstəxana mənbələrinin verdiyi məlumata əsasən, İsrailin Qəzza Bələdiyyəsinə məxsus, Firas Bazarında yerləşən və məcburi köçkünlərin sığındığı anbarları hədəfə alması nəticəsində, aralarında uşaqların da olduğu 20 nəfər həlak olub, çox sayda insan yaralanıb.

İsrailin Baş naziri Benyamin Netanyahu, işğal altındakı İordan çayının qərb sahilində (Qərbi Şəriə) yaşayan fələstinlilərin ölkədən çıxmaq üçün istifadə etdiyi yeganə sərhəd qapısını bağlayacağını açıqlayıb. İsrail ordu radiosunun müxbiri Doron Kadoş xəbərində, Netanyahu-nun bu qərarı bir çox ölkənin Fələstin dövlətini tanımasına etiraz olaraq verdiyini bildirib. Məlumata görə, Netanyahu işğal altındakı Qərbi Şəriədən İordaniyaya çıxışı təmin edən və İsrailin nəzarətində olan “Kral Hüseyn Körpüsü” sərhəd keçid məntəqəsinin insan və yük daşımalarına növbəti xəbərdarlığa qədər tamamilə bağlanması barədə göstəriş verib.

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə endirdiyi hücumlar nəticəsində azı 7 fələstinli həlak olub. Hücumlarda əsas hədəflər yenə də sivil əhali, qaçqınların sığındığı çadırlar, yaşayış binaları və mülki nəqliyyat vasitələri olub. Xəstəxana mənbələrinin və görən şahidlərin məlumatına görə, Qəzza şəhərinin mərkəzində yerləşən Ömər əl-Muxtar küçəsindəki Haccac binasına hava zərbəsi endirilib. Bu hücum nəticəsində 4 nəfər ölüb, çox sayda insan yaralanıb, onlarca nəfərin enkaz altında qaldığı bildirilir.

İsrailin hücumları və ciddi blokadası altındakı Qəzza zolağındakı xəstəxanalarda yaşanan yanacaq çatışmazlığı böhranının son dərəcə təhlükəli bir mərhələyə daxil olduğu və xəstəxanaların fəaliyyətinin dayanmasına cəmi bir neçə gün qaldığı barədə xəbərdarlıq edilib. Qəzzə Səhiyyə Nazirliyi İsrailin hücumları ilə yanaşı, humanitar yardım və yanacaq girişinə qoyduğu məhdudiyyətlər nəticəsində Qəzzədəki xəstəxanalarla bağlı açıqlama yayıb. "Yanacağın tükənməsi səbəbindən xəstəxanaların xidmətlərinin dayanmasına bir neçə gün qalıb. Qəzza zolağındakı xəstəxanalarda yaşanan yanacaq çatışmazlığı böhranı son dərəcə təhlükəli mərhələyə çatır." - deyə açıqlamada qeyd edilib.

Fələstin Dövlət Başçısı Mahmud Abbas bildirib ki, İsrailin hücumları altında olan Qəzza zolağının idarə olunması və təhlükəsizliyi ilə bağlı tam məsuliyyəti daşımağa səlahiyyətli yeganə qurum Fələstin Dövlətidir. Abbas bu fikirləri Fransa və Səudiyyə Ərəbistanının təşəbbüsü ilə BMT çərçivəsində təşkil edilən “Fələstin məsələsinə həll tapılması və İki Dövlətli Həllin həyata keçirilməsi” mövzusunda keçirilən Yüksək Səviyyəli Beynəlxalq Konfransda çıxışı zamanı bildirib. ABŞ-ın Fələstin heyətinə viza verməməsi səbəbilə Abbas tədbirdə video bağlantı vasitəsilə iştirak edib və konfransda qəbul edilən sülh planını həyata keçirmək üçün ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanı, Fransa, Birləşmiş Millətlər Təşkilatı və digər tərəfdaşlarla əməkdaşlığa hazır olduqlarını qeyd edib.

İsrail ordusunun hücumları və blokadası altında olan Qəzzə zolağında bir uşaq xəstəxanası ilə bir göz xəstəxanasının fəaliyyətini dayandırdığı, bir səhiyyə obyektinin isə dağıldığı bildirilib.Qəzzadaki Səhiyyə Nazirliyinin verdiyi açıqlamada, İsrail ordusunun xəstəxana və səhiyyə mərkəzlərinə qarşı qanun pozuntularını davam etdirdiyi qeyd olunub. İsrailin aramsız hücumları nəticəsində Qəzza şəhərində yerləşən Rantisi Uşaq Xəstəxanası ilə Göz Xəstəxanasının fəaliyyətini dayandırdığı, şəhərdə yerləşən Tibbi Yardım Mərkəzinin isə tamamilə dağıldığı bildirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Ədalət və rifah üçün Türkiyənin diplomatik vizyonu” başlıqlı məqaləsi ABŞ-ın nüfuzlu nəşrlərindən olan Newsweek jurnalında ingilis dilində dərc olunub. Ərdoğan məqaləsində dünyanı təhdid edən münaqişələr, qeyri-sabitlik, terror hücumları, pandemiyalar, iqlim böhranları və artan ədalətsizliklər fonunda Türkiyənin ədalət, sülh və həmrəylik mərkəzli xarici siyasət yürütməyə davam etdiyini vurğulayıb. O, "Dünya beşdən böyükdür" ifadəsi ilə BMT sisteminə yönələn tənqidin təkcə bir şüar deyil, eyni zamanda bəşəriyyətin ortaq gələcəyinə dair bir baxışın ifadəsi olduğunu qeyd edib.