#Diplomatik danışıqlar

ABŞ Prezidenti Donald Tramp İranla davam edən danışıqlarla bağlı yeni açıqlamalar verib. O bildirib ki, Tehran administrasiyasının vaxt keçdikcə onun mövqeyinin zəifləyəcəyini düşündüyünü hesab edir. Trampın sözləri Ağ Evdə keçirilən kabinet iclası ərəfəsində səsləndirilib və ABŞ–İran danışıqları ətrafında müzakirələrin davam etdiyi bir dövrə təsadüf edib.

ABŞ Prezidenti Donald Tramp İranla aparılan danışıqlarla bağlı yeni açıqlama verib. Ağ Evdə keçirilən kabinet iclasından əvvəl danışan Tramp Tehranın razılaşma əldə etmək istədiyini düşündüyünü bildirib. Bununla yanaşı, ABŞ lideri yekun nəticə ilə bağlı hələ tam razı olmadıqlarını da vurğulayıb. ABŞ Prezidenti açıqlamasında danışıqların yekun nəticəsi ilə bağlı sərt mesaj da verib. “Ya razılaşma olacaq, ya da işi bitirməli olacağıq”, – Tramp qeyd edib.

Ağ Ev ABŞ və İran arasında davam edən danışıqların müsbət şəkildə irəlilədiyini açıqlayıb. Vaşinqton administrasiyası mümkün razılaşmanın ABŞ-ın strateji maraqlarına uyğun olmasının vacibliyini vurğulayarkən, İranın nüvə proqramı ilə bağlı mövqeyin dəyişməz qaldığını bildirib. Açıqlama Ağ Evdə keçiriləcək kabinet iclası ərəfəsində verilib.

ABŞ və İran arasında mümkün razılaşma ilə bağlı yayılan ziddiyyətli məlumatlar fonunda Ağ Evin mövqeyi diqqət mərkəzinə çevrilib. Vaşinqton İran mediasında yayılan iddiaları təkzib etsə də, ABŞ administrasiyasının münaqişənin qısa müddətdə başa çatdırılması və siyasi həll yolunun tapılması istiqamətində maraqlı olduğu bildirilir.

Ağ Ev İran mediasında ABŞ və İran arasında mümkün memorandum layihəsi ilə bağlı yayılan məlumatları rədd edib. Rəsmi Vaşinqton açıqlamasında qeyd edib ki, yayılan iddiaların heç bir rəsmi əsası yoxdur və təqdim edilən məlumatlar həqiqəti əks etdirmir. Son günlər tərəflərdən yayılan ziddiyyətli açıqlamalar fonunda məsələ yenidən diqqət mərkəzinə çıxıb.

ABŞ və İran arasında mümkün sülh prosesi ilə bağlı yayılan yeni məlumatlarda Amerika hərbi qüvvələrinin bölgədəki mövcudluğu əsas müzakirə mövzularından biri kimi ön plana çıxıb. İlkin və qeyri-rəsmi memorandum layihəsinə dair yayılan detallara görə, qüvvələrin geri çəkilməsi, Hörmüz istiqamətində dəniz hərəkətinin bərpası və gələcək hüquqi mexanizmlər üzrə bir sıra məsələlər hələ də tam razılaşdırılmayıb.

İran dövlət mediası Vaşinqton və Tehran arasında mümkün razılaşma ilə bağlı yeni detallar açıqlayıb. Yayılan məlumata görə, ilkin və qeyri-rəsmi memorandum layihəsi Hörmüz boğazında kommersiya dəniz hərəkətinin əvvəlki səviyyəyə qaytarılması və hərbi gərginliyin azaldılması ilə bağlı müddəaları əhatə edir. Məlumatlar tərəflər arasında vasitəçilik səylərinin davam etdiyi bir vaxtda diqqət çəkib.

ABŞ və İran arasında mümkün münaqişənin dayandırılmasına yönəlmiş çoxmərhələli sülh prosesi ilə bağlı yeni məlumatlar yayılıb. İran mənbələrinin açıqladığı detallara görə, təklif olunan mexanizm hərbi qüvvələrin yerləşməsi, diplomatik zəmanətlər və gələcək razılaşmanın beynəlxalq hüquqi statusu kimi məsələləri əhatə edir. Məlumatlar tərəflər arasında intensiv diplomatik təmasların davam etdiyi bir dövrdə gündəmə gəlib.

ABŞ və İran arasında davam edən diplomatik təmaslarla bağlı yeni məlumatlar danışıqlar prosesində müəyyən müsbət dinamikanın yarandığını göstərir. Bildirilir ki, tərəflər arasında müzakirələr irəliləyiş nümayiş etdirsə də, proses hələ də həssas mərhələdə qalır. Məlumata görə, hazırda Anlaşma Memorandumu üzrə müzakirələr aparılır və bu sənəd gələcək danışıqlar üçün hüquqi və siyasi çərçivə yarada bilər. Bununla yanaşı, ekspertlər gərginliyin hələ də yüksək olduğunu və hər an prosesin gözlənilməz maneələrlə qarşılaşa biləcəyini qeyd edirlər.

ABŞ və İran arasında mümkün razılaşma ilə bağlı aparılan danışıqlar həssas mərhələyə daxil olduğu bir vaxtda yeni hərbi və siyasi mübahisələr ortaya çıxıb. Məlumata görə, tərəflər arasında memorandum layihəsinin ümumi çərçivəsi üzrə müəyyən struktur formalaşdırılsa da, proses hələ də kövrək olaraq qalır və kiçik fikir ayrılıqları belə danışıqların dayanmasına səbəb ola bilər. Bu fonda ABŞ-ın son hava zərbələri diqqət mərkəzinə çevrilib. Ağ Ev əməliyyatları müdafiə xarakterli addımlar kimi təqdim etsə də, İran tərəfi və xüsusilə İran İnqilab Keşikçiləri Korpusu hadisəyə fərqli yanaşaraq bunu atəşkəs şərtlərinin pozulması kimi qiymətləndirib. Mütəxəssislər hesab edirlər ki, qarşılıqlı ittihamların artması danışıqlar prosesinin gələcək taleyinə təsir göstərə bilər.

Qətər Xarici İşlər Nazirliyi İranla razılaşmanın yekunlaşdırılması üçün Tehrana 12 milyard dollar təklif edilməsi ilə bağlı yayılan məlumatları təkzib edib. Nazirliyin sözçüsü Macid Əl-Ənsari ABŞ mənşəli sosial şəbəkə platformasında paylaşdığı açıqlamada iddiaların tamamilə əsassız olduğunu bildirib.

İran rəhbərliyi münaqişəni ölkənin iqtisadi və strateji maraqlarına uyğun şəkildə bitirməyə çalışaraq vaxtı uzatmağa hazır olduğunu bəyan edib. Analitik Ross Harrison qeyd edir ki, bu yanaşma İran üçün həm zaman, həm də sağ qalmaq məsələsidir, məqsəd münaqişədən çəkindiricilik imkanlarını qoruyaraq çıxmaqdır. İndiki çəkindiricilik modeli əvvəlki illərdən fərqlənir və dolayısı ilə deyil, birbaşa yeni strategiya əsasında həyata keçirilir. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai tərəflərin müəyyən çərçivədə yaxınlaşdığını qeyd etsə də, razılaşmanın yaxın olduğunu söyləməkdən çəkinib, Harrison isə ABŞ-ın “saatının daha sürətlə işlədiyini” vurğulayıb.