#Roma papası

Katoliklərin ruhani lideri və Vatikanın rəhbəri Papa XIV Leo çərşənbə günü ümumi auditoriya zamanı çıxış edərək Yaxın Şərq və Ukrayna müharibəsində sülh üçün çağırış edib. O, avqustun 22-ni “sülh, ədalət və silahlı münaqişələrdə əziyyət çəkənlər üçün dua və oruc günü” elan etdiyini bildirib. Papa həmçinin tərəfləri atəşkəsə və dialoqa dəvət edib. Qeyd edək ki, Papa XIV Leo daha əvvəl də İsrailin hücumları altında olan Qəzzada beynəlxalq humanitar hüquqa riayət olunması və atəşkəsin təmin edilməsi çağırışı etmişdi.

Yeddi Qremmi mükafatı laureatı olan Madonna sosial şəbəkə paylaşımında Papadan qarşıdurmaların ortasında qalan günahsız uşaqları xilas etmək üçün humanitar yardım qapılarının tam açılmasına kömək göstərməsini istəyib. ​“Çox gec olmadan işığınızı uşaqlara çatdırın. Mən bir ana olaraq onların əzabına dözə bilmirəm. Dünya uşaqları hamımızındır. Qəzzaya girə biləcək yeganə şəxs sizsiniz” – deyə o bildirib. Madonna, siyasətin dəyişiklik yaratmadığını, yalnız məlumatlılıq gətirdiyini vurğulayıb və heç bir tərəfi günahlandırmadığını, məqsədinin yalnız uşaqların həyatını xilas etmək olduğunu qeyd edib.