#Vaşinqton

ABŞ Nümayəndələr Palatası Suriyaya tətbiq edilən “Sezar Aktı” sanksiyalarının ləğvini nəzərdə tutan qanunvericilik təşəbbüsünü təsdiqləyib. Sənəd qəbul ediləcəyi təqdirdə, 2019-cu ildə qüvvəyə minmiş və Suriya hökumətini müharibə cinayətlərinə görə hədəfləyən “Sezar Aktı” rəsmi olaraq ləğv ediləcək. Qanun layihəsi Ağ Evə Suriyanın yeni hökumətinin terrorizmlə mübarizə tədbirləri və dini-etnik qrupların hüquqlarının qorunması ilə bağlı dövri hesabat təqdim edilməsini də öhdəlik kimi müəyyən edir.

ABŞ hökuməti Venesuela sahilləri açığında sanksiyaya məruz qalmış neft tankerini ələ keçirib. ABŞ Baş prokuroru Pam Bondi bildirib ki, FBI, Daxili Təhlükəsizlik Nazirliyi və Sahil Mühafizəsi ABŞ ordusunun dəstəyi ilə Venesuela və İran neftinin daşınmasında iştirak edən tankerin müsadirəsi üzrə orderi həyata keçirib. Onun paylaşdığı videoda iki helikopterin gəmi üzərinə enməsi və silahlı şəxslərin tankerə endiyi görünür.

Ukrayna ABŞ-a yeni sülh planının yenilənmiş versiyasını təqdim etməyə hazırlaşır. Volodimir Zelenski isə bir daha vurğulayıb ki, Kiyev Rusiya ilə danışıqlarda ərazi güzəştlərinə getməyəcək və ölkənin mövcud sərhədlərinin dəyişdirilməsi “nə hüquqi, nə də mənəvi baxımdan mümkün deyil. Zelenski Avropa və NATO liderləri ilə görüşləri zamanı ABŞ-dan gələn təkliflərə dair mövqeyini sərtləşdirib və Vaşinqtona yeni alternativ plan göndəriləcəyini açıqlayıb. Bu, ABŞ və Ukrayna nümayəndə heyətlərinin son günlərdə apardığı intensiv danışıqların nəticəsiz qalmasının ardından gündəmə gəlib.

ABŞ Prezidenti Donald Tramp Venesuelaya qarşı narkotiklərlə mübarizə çərçivəsində həyata keçirilən əməliyyatların yaxın vaxtlarda qurudan müdaxilələrlə də genişlənəcəyini bəyan edib. Ağ Evdə keçirdiyi mətbuat konfransından sonra jurnalistlərin suallarını cavablandıran Tramp administrasiyasının Venesuela üzərində təzyiqi artırdığını vurğulayıb.

İranın Xarici İşlər naziri Abbas Əraqçi bildirib ki, İran və ABŞ arasında hazırda heç bir danışıqlar aparılmır və Vaşinqton real, ədalətli dialoq üçün zəruri iradəni nümayiş etdirməyib. France 24 kanalına verdiyi müsahibədə Əraqçi qeyd edib ki, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkofla əlaqə kanalları mövcud olsa da, hazırda heç bir danışıqlar prosesi başlamayıb. O əlavə edib ki, müxtəlif vasitəçilər mesajları ötürməyə davam etsələr də, ABŞ tərəfi real danışıqlara hazır deyil.

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Ukraynada sülhün bərqərar olunmasında tətbiq olunan sanksiyaların rolunu şərh edib. Vens sanksiyaların Ukrayna münaqişəsinin həllində üstünlük təmin edəcəyinə dair düşüncələri “ilüziya” adlandırıb və qeyd edib ki, Rusiyaya qarşı tətbiq olunan məhdudiyyətlərin Kiyevə qələbə qazandıracağına inanmaq yanlış olardı.