#Nikolas Maduro

ABŞ Prezidenti Donald Tramp Meksika və Kolumbiya ilə bağlı sərt açıqlamalar verərək, regionda təhlükəsizlik və narkotik dövriyyəsi məsələlərini gündəmə gətirib. Florida ştatında istirahətdən Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərə danışan Tramp, Venesuelaya qarşı həyata keçirilən hərbi müdaxilələrin “doğru və haqlı” olduğunu iddia edib. Onun sözlərinə görə, Venesueladan ABŞ-yə böyük həcmdə narkotik daşınır və ölkənin Prezidenti Nikolas Maduro “narko-terror dövləti” idarə edir.

ABŞ Prezidenti Donald Tramp administrasiyasının Venesuelaya qarşı hərbi müdaxiləsi və Venesuela Prezidenti Nikolas Maduronun saxlanılmasına etiraz məqsədilə Vaşinqtonda, Ağ Evin qarşısında nümayiş təşkil olunub. ABŞ-ın Venesuelaya hərbi müdaxiləsini pisləmək üçün toplaşan etirazçılar “Neft naminə qan tökülməsin”, “Bu müharibə qanunsuzdur”, “ABŞ, Latın Amerikasından əlini çək” və “Konqres, Trampın müharibəsini dayandır” şüarları yazılmış plakatlar qaldırıblar.

OPEC+ ölkələri artan siyasi və geosiyasi qeyri-müəyyənliyə baxmayaraq, neft hasilatını sabit saxlamaq barədə prinsipial razılığa gəlib. Səkkiz əsas üzv — Səudiyyə Ərəbistanı, Rusiya, BƏƏ, Qazaxıstan, Küveyt, İraq, Əlcəzair və Oman dünya neftinin yarısını hasil edir. Qrup 2025-ci ilin aprel–dekabr aylarında hasilatı gündəlik 2,9 milyon barel artırsa da, noyabrda əlavə artımı dayandırmaq qərarına gəlib.

Rəsmilərin məlumatına görə, Venesuela Prezidenti Nikolas Maduronun işi ilə bağlı Manhetten Federal Məhkəməsində ilk dinləmənin bazar ertəsi keçirilməsi gözlənilir. ABŞ Ədliyyə Nazirliyinin açıqladığı ittihamnamədə Nikolas Maduro “korrupsiyalaşmış, qanunsuz hökumət” çərçivəsində genişmiqyaslı narkotik qaçaqmalçılığı əməliyyatlarını idarə etməkdə ittiham olunur və bu fəaliyyət nəticəsində ABŞ-a minlərlə ton kokain gətirildiyi bildirilir.

Çinin Xarici İşlər Nazirliyi bazar günü yaydığı bəyanatda ABŞ-ni Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşını dərhal azad etməyə çağırıb, Venesueladakı böhranın isə dialoq və danışıqlar yolu ilə həll edilməli olduğunu bildirib. Nazirliyin rəsmi saytında dərc olunan açıqlamada vurğulanıb ki, ABŞ Maduronun və onun həyat yoldaşının təhlükəsizliyini təmin etməlidir. Bəyanatda onların saxlanılmasının beynəlxalq hüquq və beynəlxalq normaların açıq şəkildə pozulması olduğu qeyd edilib. Məlumatı “Reuters” agentliyi yayıb.

Venesuela Ali Məhkəməsi ölkənin icraçı vitse-prezidenti Delsi Rodriqesin dövlət başçısının səlahiyyətlərini müvəqqəti olaraq icra etməsi barədə qərar qəbul edib. Bu barədə Venesuela Ali Məhkəməsinin hakimi Tania D'Amelio “Venezolana de Televisión” televiziya kanalında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Ali Məhkəmə Respublikanın icraçı vitse-prezidenti Delsi Rodriqesin Venesuela Konstitusiyası və qanunlarına ciddi şəkildə uyğun olaraq dərhal Respublika Prezidenti vəzifələrinin icrasına başlaması barədə göstəriş verib.

ABŞ hakimiyyətin lazımi şəkildə ötürülməsi həyata keçirilənədək Venesuelada mövcudluğunu qoruyacaq. Bunu ABŞ Prezidenti Donald Tramp bu gün keçirilən mətbuat konfransında deyib. “Heç bir hərbi texnika itkisi olmayıb və ən əsası, heç bir hərbçi həlak olmayıb. ABŞ Silahlı Qüvvələri planetin ən güclü ordusudur, düşmənlərimizin belə təsəvvür edə bilməyəcəyi imkanlara və bacarıqlara malikdir. Bizim dünyanın ən yaxşı avadanlıqları var. Bizdə olan texnika başqa heç yerdə yoxdur - bunu sadəcə donanmaya baxmaqla da görmək olar. Dəniz yolu ilə narkotik tədarükünün 97 faizinin qarşısını almışıq və bu narkotiklər əsasən Venesuela adlı ölkədən gəlir”, – deyə o bildirib.

ABŞ Silahlı Qüvvələri Venesuelanın paytaxtında bənzəri olmayan hərbi əməliyyat keçirib. Bunu ABŞ Prezidenti Donald Tramp bu gün keçirilən mətbuat konfransında deyib. “Hərbi əməliyyatın həyata keçirilməsi üçün ABŞ-ın hava, quru və dənizdən ibarət hərbi gücü səfərbər edildi; bu, insanların İkinci Dünya müharibəsindən bəri görmədiyi miqyasda bir zərbə idi. Əməliyyat Karakasın mərkəzində yerləşən güclü şəkildə möhkəmləndirilmiş hərbi istehkamı hədəf alaraq, qanundan kənar elan edilmiş diktator Nikolas Maduronun məsuliyyətə cəlb edilməsi məqsədi daşıyırdı”, - deyə o bildirib.