Omanın Xəsəb şəhəri sahilləri yaxınlığında gəmi naməlum mərmi ilə vurulub. Hadisə sahildən təxminən 33 kilometr məsafədə baş verib. Gəmiyə mənşəyi müəyyən edilməyən mərminin dəydiyi bildirilir. Zərbədən sonra gəmidə yanğın başlayıb. Yanğının daha sonra söndürüldüyü açıqlanıb. Gəminin hazırda təhlükəsiz vəziyyətdə olduğu bildirilir. Hadisə zamanı heyət üzvlərindən heç kimin xəsarət almadığı qeyd olunur. Mərminin haradan atıldığı və hadisənin arxasında kimin dayandığı hələlik məlum deyil
#Oman
İran Hörmüz boğazının yenidən açılmasının avtomatik deyil, müəyyən şərtlərdən asılı olduğunu bildirib. Tehran Omanla razılaşmanın əldə edilməsinin boğazın dərhal əvvəlki qaydada açılması demək olmadığını vurğulayır. İran gəmilərin indiyədək istifadə etdiyi mövcud keçid yolunu qəbul etmir. Tehran Hörmüz boğazından keçid üçün yeni yolun müəyyənləşdirilməsini istəyir. Yeni yolun coğrafi göstəricilərinin İran və Oman arasında razılaşdırıldığı bildirilir. İran məsələnin yalnız Omanla ikitərəfli şəkildə həll edilməsini tələb edir və üçüncü tərəflərin müdaxiləsini rədd edir. Tehran Hörmüz boğazını yalnız ticarət su yolu deyil, strateji təsir vasitəsi kimi də qiymətləndirir. İranın mövqeyi boğazda müharibədən əvvəlki keçid qaydalarının tam şəkildə bərpa edilməyəcəyinə işarə edir.
İran Hörmüz boğazı ilə bağlı Omanla razılaşma əldə etməyə çox yaxın olduğunu açıqlayıb. İranın xarici işlər naziri Abbas Əraqçi danışıqların əsasən gəmiçilik marşrutlarına yönəldiyini bildirib. Onun sözlərinə görə, Tehran daha əvvəl Pakistanda əldə olunmuş anlaşmanın beşinci bəndini yerinə yetirir. Razılaşmaya əsasən, Hörmüz boğazında hərəkətin bir ay ərzində normal vəziyyətə qayıtması nəzərdə tutulurdu. Əraqçi iki həftə ərzində hərəkətin normal səviyyənin 60 faizinə çatdığını bildirib. İran ABŞ-ni Hörmüz boğazında yeni keçid yolları yaratmağa çalışmaqda ittiham edib. Omanla danışıqlarda daimi marşrut müəyyənləşdirilənədək müvəqqəti gəmiçilik yolunun yaradılması müzakirə olunur. İran və Omanın hərbi və dəniz qüvvələri arasında da məsələ ilə bağlı danışıqlar aparılıb.
İran Hörmüz boğazının yenidən açılması üçün müəyyən şərtlərin yerinə yetirilməli olduğunu açıqlayıb. İran İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü Sərdar Möhibi məsələnin Omanla aparılan danışıqlarla əlaqəli olmadığını bildirib. Onun sözlərinə görə, Hörmüz boğazı İran üçün yalnız iqtisadi su yolu deyil. Tehran boğazı ölkənin coğrafi və strateji gücünün mühüm hissəsi hesab edir. Möhibi boğazın açılmasını ABŞ-nin İranın şərtlərini tam qəbul etməsi ilə əlaqələndirib. O, Vaşinqtonun regional danışıqlara müdaxiləni dayandırmalı olduğunu da bildirib. İran rəsmisi ABŞ-nin bu şərtləri qəbul edəcəyi təqdirdə Hörmüz boğazının açılacağını vurğulayıb. Boğazın açılması ilə bağlı qərarın Omanla aparılan danışıqlardan asılı olmadığı qeyd edilib.
ABŞ Prezidenti Donald Tramp İrana qarşı müharibənin yaxın zamanda başa çata biləcəyini və Vaşinqtonun Tehranla aparılan danışıqlarda iştirak etdiyini bildirib. İran isə ABŞ-la birbaşa danışıqlar apardığını inkar edərək yalnız Omanla Hörmüz boğazı məsələsini müzakirə etdiyini açıqlayıb. Tramp həmçinin ötən həftə İrana qarşı planlaşdırılan hərbi əməliyyatı diplomatik irəliləyiş ümidi ilə ləğv etdiyini və ABŞ-ın raket ehtiyatlarının tükəndiyi barədə məlumatları rədd etdiyini deyib.
İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sözçüsü Həsən Qəşqavi Hörmüz boğazı ilə bağlı Omanla çərçivə razılaşmasının əldə olunduğunu açıqlayıb. Onun sözlərinə görə, razılaşmanın ümumi prinsipləri müəyyənləşdirilib və yekun mətn yaxın vaxtlarda açıqlanacaq. Qəşqavi qeyd edib ki, sənədin qüvvəyə minməsi üçün İran rəhbərliyinin yüksək səviyyədə yekun qərarı tələb olunur.
İran və Oman Hörmüz boğazında gəmi hərəkətini tənzimləyəcək yeni razılaşmanın yekunlaşdırılmasına yaxındırlar. Reuters-in məlumatına görə, yeni model Tehranın boğaz üzərində nəzarət imkanlarını artıracaq. Kazım Qəribabadi bildirib ki, ABŞ-nin iyunda imzalanmış memorandum üzrə öhdəliklərinə qayıtması boğazın açılması üçün əsas şərtlərdən biridir. O əlavə edib ki, kommersiya gəmilərinin yeni marşrut üzrə əsasən İranın ərazi sularından keçməsi planlaşdırılır. Eyni zamanda, beynəlxalq gəmiçilik təşkilatları mümkün keçid rüsumlarına qarşı BMT-yə müraciət ediblər.
Dünyanın aparıcı səkkiz gəmiçilik assosiasiyası BMT-ni Hörmüz boğazında keçid rüsumlarının tətbiqinə qarşı mövqe tutmağa çağırıb. Təşkilatlar hesab edir ki, belə bir qərar beynəlxalq dənizçilik qaydalarına ziddir və qlobal iqtisadiyyata, eləcə də dünya üzrə milyonlarla insanın dolanışığına mənfi təsir göstərə bilər. Çağırış İran və Oman arasında boğazın idarə olunmasına dair razılaşmanın yaxınlaşdığı bir vaxtda səsləndirilib.
İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, Tehran və Maskat Hörmüz boğazında gəmiçiliyin idarə olunması üçün yeni model hazırlayırlar. Plana əsasən, yeni marşrutun böyük hissəsi İranın, qalan hissəsi isə Omanın ərazi sularından keçəcək. Mövcud müvəqqəti şimal və cənub marşrutlarının bağlanması nəzərdə tutulur. Yeni dəhlizin ilkin mərhələdə 2–4 ay və ya daha uzun müddət istifadəsi planlaşdırılır.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, Omanla Hörmüz boğazında yeni gəmiçilik marşrutu üzrə əldə olunan razılaşma təhlükəsiz naviqasiyaya avtomatik zəmanət vermir. Onun sözlərinə görə, ABŞ-nin dəniz blokadası və İranın maraqlarına qarşı atılan addımlar bölgədə təhlükəsizlik risklərini qoruyub saxlayır. Tehran hesab edir ki, bu amillər aradan qaldırılmadan boğazda tam təhlükəsizlik təmin oluna bilməz.
İran Xarici İşlər Nazirliyi Tehran və Maskatın Hörmüz boğazında yeni gəmiçilik marşrutunun coğrafi parametrləri üzrə razılığa gəldiyini açıqlayıb. XİN sözçüsü İsmayıl Bəqai bildirib ki, tərəflər hazırda birgə bəyanatın hazırlanmasının son mərhələsindədir. Onun sözlərinə görə, prosesə kənar müdaxilə olmazsa, razılaşma yaxın vaxtlarda rəsmən elan edilə bilər.
İtaliyanın xarici işlər naziri Antonio Tayani iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığında Hörmüz boğazı üzrə danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb. O, boğazda rüsum və məhdudiyyət olmadan sərbəst gəmiçiliyin təmin edilməsinə çağırış edib və ABŞ ilə siyasi dialoqun davam etdirilməsinin əhəmiyyətini qeyd edib. Tərəflər Livandakı vəziyyəti də müzakirə ediblər. Tayani Romada keçirilən Livan–İsrail danışıqlarının müsbət nəticə verəcəyinə ümid etdiyini bildirib.