Ghebreyesus sosial şəbəkədəki paylaşımında, İsrail ordusunun Xan Yunisdəki Nasser xəstəxanasına həyata keçirdiyi iki hücumda dörd səhiyyə işçisi və beş jurnalist daxil olmaqla ən azı 20 nəfərin həlak olduğunu, 50 nəfərin, o cümlədən ağır xəstələrin xəsarət aldığını qeyd edib. Hücumlar nəticəsində xəstəxananın təcili yardım və cərrahiyyə bölməsinin yerləşdiyi əsas bina və təcili yardım pilləkənləri zədələnib. Ghebreyesus, “Qəzzada insanlar aclıq çəkərkən, onların məhdud sağlamlıq imkanları təkrarlanan hücumlarla daha da çətinləşir,” deyərək səhiyyə müəssisələrinə hücumların dərhal dayandırılmasını və atəşkəs çağırışını təkrarlayıb.
#Qəzza zolağı
Reuters-in baş redaktoru Alessandra Galloni və AP-nin baş redaktoru Julie Pace, İsrailin baş naziri Benyamin Netanyahu, müdafiə naziri Yisrael Katz, xarici işlər naziri Gideon Saar, Baş Qərargah rəisi Eyal Zamir və hökumətin mətbuat xidmətinin direktoru Nitzan Chenə ünvanlanmış bəyanatda, Nasser xəstəxanasına edilən hücumda Reuters-dən Hosam əl-Masri, AP və Reuters üçün çalışan Məryəm Əbu Dekka və Muaz Əbu Taha da daxil olmaqla beş jurnalistin həlak olduğunu qeyd edib. Hücumda Reuters-in fotojurnalisti Hatəm Xalidin də yaralandığı vurğulanıb.
İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağının cənubundakı Xan Yunisdə yerləşən Nasser xəstəxanasına edilən və 5-i jurnalist, 5-i tibb işçisi olmaqla 20 nəfərin həlak olduğu hücumu “faciəli qəza” adlandıraraq üzr istəyib. Lakin İsrailin Kanal 14 telekanalının hesabatına görə, hücumda iştirak edən əsgərlər bu əməliyyatın İsrail ordusunun yüksək komandanlığı tərəfindən təsdiqləndiyini və koordinasiya edildiyini açıqlayıb. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, hücumda Reuters-dən Hosam əl-Masri, Əl-Cəzirədən Mohamed Salamah, Müstəqil Ərəbistan və AP-dən Məryəm Əbu Dekka, NBC News-dan Muaz Əbu Taha və Əhməd Əbu Əziz kimi jurnalistlər həlak olub. İsrail ordusu, 7 oktyabr 2023-cü ildən bəri Qəzzada 244 jurnalistin öldürüldüyünü rəsmən qəbul etsə də, jurnalistləri hədəf almadığını iddia edərək istintaqa başladığını bildirib.
İsrail hökuməti Qəzza zolağında insanlığa aid bütün dəyərləri məhv edir. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib. “İsrailin bu gün Qəzzadakı xəstəxanaya təşkil etdiyi hücum nəticəsində beşi jurnalist olmaqla azı iyirmi fələstinli həlak olub. Baş nazir Netanyahunun rəhbərlik etdiyi hökumət insanlığa aid bütün dəyərləri məhv etmək üçün amansız hücumlarını fasiləsiz davam etdirir” – deyə, o vurğulayıb.
İsrailin Qəzza zolağında yerləşən xəstəxanaya endirdiyi zərbə atəşkəsin vacibliyini bir daha göstərir. Bu sözlər Böyük Britaniyanın xarici işlər naziri Devid Lemminin “X” sosial şəbəkəsindəki paylaşımında yer alıb.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə xarici işlər nazirləri iclasından sonra qəbul edilən birgə bəyanatda İsrailin mövqeyi kəskin şəkildə pislənib və bütün dövlətlərə fələstinlilərə qarşı təcavüzün davam etməsinin qarşısını almaq üçün hüquqi və praktik addımların atılmasına dair çağırış edilib. Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən iclasın yekununda vurğulanıb ki, İsrailin Qəzza zolağına hücumun başlanmasından iki ilə yaxın vaxt keçməsinə baxmayaraq vasitəçilərin sülh təşəbbüslərinə cavab verməkdən imtina etməsi, əməliyyatları genişləndirməkdə israrı və atəşkəs çağırışlarını qulaqardına vurması qəbuledilməzdir.
Fələstin Qeyri-Hökumət Təşkilatları Şəbəkəsi BMT Təhlükəsizlik Şurasını fələstinlilərə beynəlxalq qoruma təmin etməyə çağırıb. Çağırış, İsrailin Qəzzada mülki əhaliyə qarşı davam edən hücumları, mülki qurumların hədəfə alınması və BMT-nin bölgədə aclığın baş verdiyini rəsmən elan etməsi fonunda edilib.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ciddədə keçirilən fövqəladə iclasında sədrliyə Hakan Fidan rəhbərlik edib. Nazir Fidan iclasda çıxış edərək, Fələstin xalqının üzləşdiyi problemlərin həlli üçün beynəlxalq ictimaiyyətin birgə səylərinin zəruriliyini qeyd edib. O, İsrailə qarşı koordinasiyalı və güclü təzyiqin vacibliyini vurğulayaraq, Qəzzanın gələcəyə hazırlanması üçün ərəb-İslam dünyasının əlindən gələni etməli olduğunu bildirib. Fidan həmçinin İsrailin Fələstinlərə qarşı hücumlarının regionda sabitliyi pozan daha geniş bir planın bir hissəsi ola biləcəyini ifadə edərək, Netanyahu rejiminin Suriya, Livan və İrana qarşı həyata keçirdiyi qeyri-qanuni əməliyyatların Yaxın Şərqdə ciddi təhdidlər yarada biləcəyini diqqətə çatdırıb.
Fələstin səhiyyə rəsmiləri bazar ertəsi baş verən hücumda Nasser Xəstəxanasının dördüncü mərtəbəsinin ikiqat zərbə nəticəsində vurulduğunu bildirib. İlk raket hücumundan sonra xilasedicilərin hadisə yerinə gəldiyi anda ikinci raket dəyib, nəticədə həlak olanlar arasında Reuters-in operatoru Hussam əl-Masri də olub. Reuters-in fotoqrafı Hatem Khaled isə hücumda yaralanıb. Qəzzanın cənubunda yerləşən və bölgənin ən böyük tibb müəssisəsi olan Nasser Xəstəxanası 22 aylıq müharibə dövründə dəfələrlə hücumlara və basqınlara məruz qalıb. Səhiyyə rəsmiləri xəstəxananın tibbi ləvazimat və personal çatışmazlığı ilə üzləşdiyini, bu vəziyyətin humanitar böhranı daha da ağırlaşdırdığını qeyd edib.
Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin baş direktoru Munir əl-Burş, son 24 saatda ikisi uşaq olmaqla 11 fələstinlinin aclıq və qida çatışmazlığından həyatını itirdiyini açıqlayıb. Burş, 2023-cü ilin oktyabrından bəri Qəzzada aclıqdan ölənlərin sayının 300-ə, onlardan 117-sinin uşaq olduğunu vurğulayıb. Birləşmiş Millətlər Təşkilatının dəstəklədiyi İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatı (IPC) hesabatına görə, Qəzza şəhərində 15 avqust 2025-ci il tarixinə qədər aclıq “fəlakətli” səviyyədədir. Hesabatda 22 aylıq münaqişə nəticəsində yarım milyondan çox insanın aclıq, yoxsulluq və ölüm təhlükəsi ilə üzləşdiyi qeyd olunur.
İslam Müqavimət Hərəkatı (HƏMAS) İsrailin baş naziri, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışda olan Benyamin Netanyahunu vasitəçilərin atəşkəs sazişi əldə etmək cəhdlərini pozmaqda ittiham edib. Hərəkat bildirib ki, Netanyahunun HƏMAS-ın vasitəçilərin təklifini qəbul etməsindən sonra belə Qəzzanın işğal planlarını təsdiqləməsi onun hər hansı razılaşmanı əngəlləməkdə israrlı olduğunu göstərir.
Qəzza hökuməti İsrailin şimal bölgələrindən cənuba 1,3 milyon insanı köçürmək planının həyata keçirilməsinin faktiki olaraq mümkünsüz olduğunu açıqlayıb. Hökumətin Media Bürosundan verilən məlumata görə, cənub şəhərlərinin bu qədər insanı yerləşdirəcək potensialı yoxdur, sığınacaq çatışmazlığı isə 96 faizi keçib. Bəyanatda bildirilib ki, İsrail ordusunun elanına baxmayaraq, indiyədək yalnız 10 min çadırın Qəzzaya daxil olmasına icazə verilib. Halbuki, real ehtiyac 250 min çadır və karvan təşkil edir. Bu, tələbatın cəmi 4 faizinə bərabərdir. Bundan əlavə, İsrailin beynəlxalq yardım təşkilatlarının işinə qoyduğu məhdudiyyətlər səbəbindən sərhəd-keçid məntəqələrində sığınacaq materiallarının çatışmazlığı yüz minlərlə köçkün üçün vəziyyəti daha da ağırlaşdırır.