İran rəsmisi atəşkəs rejiminə baxmayaraq hərbi hazırlığın davam etdiyini bildirib. İran Ordusunun sözçüsü Məhəmməd Əkrəmi Niya ABŞ ilə əldə olunan atəşkəsin ölkələri üçün faktiki olaraq müharibə şəraitindən fərqlənmədiyini açıqlayıb. Məlumata əsasən, o, televiziya çıxışında İran Silahlı Qüvvələrinin hər zaman döyüş hazırlığında olduğunu vurğulayıb.
#İran-ABŞ qarşıdurması
“Bloomberg” agentliyi diplomatik mənbələrə istinadən xəbər verir ki, ABŞ və İran tərəfləri mövcud atəşkəsin daha iki həftə müddətinə uzadılmasını müzakirə edirlər. Mənbənin sözlərinə görə, bu addım tərəflərə sülh sazişi üzərində danışıqları davam etdirmək üçün əlavə vaxt qazandırmaq məqsədi daşıyır. Məlumatda qeyd olunur ki, İslamabadda başlayan birbaşa danışıqlar hələ ilkin mərhələdədir və tərəflər arasında ciddi fikir ayrılıqları qalmaqdadır. Buna baxmayaraq, müvəqqəti atəşkəsin uzadılması həm regional sabitlik, həm də enerji bazarlarının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Pakistanın Baş Qərargah rəisi marşal Asim Munirin rəhbərlik etdiyi nümayəndə heyətinin ABŞ-ın ismarışını çatdırmaq və iki ölkə arasında danışıqların ikinci raundunu planlaşdırmaq məqsədilə İrana yola düşdüyü bildirilib. İranın "Mehr" xəbər agentliyinin məlumatına görə Pakistanın yüksək rütbəli hərbi heyəti artıq İslamabaddan Tehrana hərəkət edib.
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan ilə İranın Xarici İşlər naziri Abbas Əraqçi arasında telefon danışığı baş tutub. Türkiyə Xarici İşlər Nazirliyindəki diplomatik mənbələrdən əldə edilən məlumata görə, tərəflər regional sabitlik üçün kritik əhəmiyyət kəsb edən məsələləri ətraflı müzakirə ediblər. Danışıqlar zamanı əsas diqqət İran və ABŞ nümayəndə heyətləri arasında davam edən sülh müzakirələrinə və bu prosesdəki son vəziyyətə yönəlib.
Çin Xarici İşlər Nazirliyi ABŞ-ın Hörmüz boğazını blokadaya almaq cəhdini təhlükəli və məsuliyyətsiz addım kimi qiymətləndirib. Nazirliyin sözçüsü Quo Ciakun Pekində keçirilən mətbuat konfransında bildirib ki, tərəflər arasında müvəqqəti atəşkəs qüvvədə olduğu bir vaxtda ABŞ-ın hərbi gücünü artırması və boğazı hədəf alması gərginliyi daha da yüksəldir. Sözçü vurğulayıb ki, bu addım yalnız qarşıdurmanı dərinləşdirir və regionda onsuz da kövrək olan atəşkəs rejimini təhlükə altına qoyur.
Fransa Prezidenti Emmanuel Makron Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırış edib. Məlumata əsasən, Fransa lideri həm İran Prezidenti Məsud Pezeşkian, həm də ABŞ Prezidenti Donald Trampla telefon danışığı apardığını bildirib. Qeyd olunub ki, Makron bölgədə əldə olunmuş atəşkəs rejiminin, o cümlədən Livanı da əhatə etməklə, bütün tərəflər tərəfindən ciddi şəkildə qorunmasının zəruri olduğunu qeyd edib.
Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol Yaxın Şərqdəki münaqişənin dünya enerji bazarlarında tarixin ən böyük böhranlarından birini yaratdığını bildirib. O qeyd edib ki, mart ayında əvvəldən yüklənmiş enerji daşımaları həyata keçirilə bilsə də, apreldə yeni yükləmələr demək olar ki, dayanıb.
İranın Xarici İşlər Nazirliyi bazar ertəsi günü nazir Abbas Əraqçinin Səudiyyə Ərəbistanının Xarici İşlər naziri ilə telefon əlaqəsi saxladığını açıqlayıb. İran Xarici İşlər Nazirliyindən verilən məlumata görə, telefon danışığı zamanı Abbas Əraqçi Pakistanda (İslamabad) keçirilən İran-ABŞ danışıqlarının gedişatı və əldə olunan son məqamlar barədə Səudiyyəli həmkarını ətraflı məlumatlandırıb.
İran ABŞ-nin “dəniz ablukası” ilə bağlı bəyanatlarından sonra bölgədəki limanların təhlükəsizliyi ilə bağlı sərt mövqe ortaya qoyub. Məlumata əsasən, Zülfiqari qeyd edib ki, İran öz ərazi sularında təhlükəsizliyi təmin etməkdə qərarlıdır. O bildirib ki, ABŞ və İsraillə əlaqəli gəmilərin Hörmüz boğazından keçidinə icazə verilməyəcək, digər gəmilər isə koordinasiya əsasında hərəkət edə biləcəklər.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Komandanlığı sosial şəbəkə üzərindən paylaşdığı açıqlamada Hürmüz boğazında hərbi nəzarətin təmin edildiyini bildirib. Bəyanatda qeyd olunub ki, “istənilən yanlış addım düşməni Hürmüz boğazında ölümcül vəziyyətə sala bilər” və bölgədə bütün hərəkətlərin silahlı qüvvələrin nəzarəti altında olduğu vurğulanıb.
Fransa Prezidenti Emmanuel Makron şənbə günü Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə telefon əlaqəsi saxlayaraq, İslamabadda davam edən İran-ABŞ sülh danışıqlarını müzakirə etdiyini açıqlayıb. Liderlər bölgədəki vəziyyətlə bağlı sıx təmasda qalmaq barədə razılığa gəliblər. "X" sosial platformasındakı paylaşımında Makron atəşkəsə verdiyi dəstəyi yenidən ifadə edib. Fransa lideri vurğulayıb ki, hazırkı atəşkəsə tam əməl olunmalı və bu proses gecikmədən Livanı da əhalə etməlidir. Makron, həmçinin regiondakı humanitar və iqtisadi sabitlik üçün Livanın təhlükəsizliyinin vacibliyini qeyd edib.
İran Prezidenti Məsud Pezeşkian Pakistanın vasitəçiliyi ilə keçirilən ABŞ-İran müzakirələrinə dair mühüm açıqlamalar verib. Prezident İslamabaddakı diplomatik prosesin gedişatından asılı olmayaraq, ölkə daxilində xidmətlərin fasiləsiz davam edəcəyini vurğulayıb. Pezeşkian hazırda Pakistanda olan yüksək səviyyəli İran nümayəndə heyətinin fəaliyyətini yüksək qiymətləndirib: "Pakistandakı heyətimiz bütün varlığı ilə İranın maraqlarını qoruyur və bu istiqamətdə cəsurca danışıqlar aparır". O bildirib ki, diplomatik komanda Tehranın milli təhlükəsizlik və iqtisadi maraqlarından geri addım atmadan müzakirələri davam etdirir.