İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) ötən gecədən etibarən ölkənin hava məkanında kəşfiyyat uçuşları həyata keçirən İsrailə məxsus iki müasir pilotsuz uçuş aparatının (PUA) zərərsizləşdirildiyini açıqlayıb. Yarı-rəsmi "Fars" xəbər agentliyinin məlumatına görə, PUA-lardan biri paytaxt Tehran, digəri isə Buşəhr əyalətinin Cem şəhəri səmasında ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən hədəfə alınıb. Vurulan aparatlardan birinin İsrail istehsalı olan "Hermes", digərinin isə "Heron" tipli olduğu bildirilir.
#İsrail və İran
ABŞ Milli İqtisadi Şurasının direktoru Kevin Hassett "CBS News" telekanalına verdiyi müsahibədə Donald Tramp administrasiyasının İrana qarşı başlatdığı hərbi əməliyyatların maliyyə yükünü açıqlayıb. Hassettin sözlərinə görə, hücumların başladığı gündən bəri ABŞ-ın hərbi xərcləri 12 milyard dolları ötüb. O, ABŞ-ın hazırkı silah ehtiyatlarının kifayət qədər olduğunu və bu mərhələdə Konqresdən əlavə büdcə tələb etməyi planlaşdırmadıqlarını bildirib.
Artıq iki həftədir ki, İranın Körfəz ölkələrindəki yaşayış məntəqələrini, mülki obyektləri və kritik infrastrukturu hədəf alan raket və pilotsuz uçuş aparatı (PUA) hücumları davam edir. Cümə günü Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) və bölgə dövlətləri bu hücumların təkcə regional təhlükəsizliyi deyil, həm də qlobal iqtisadiyyat və enerji bazarlarının sabitliyini təhdid etdiyini bəyan ediblər.
Türkiyə təhlükəsizlik mənbələri İrandan atılan ballistik raketlərin NATO hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilməsindən sonra Ankaranın rəsmi mövqeyinə dair mühüm açıqlamalar verib. Mənbələr vurğulayıb ki, Türkiyə hazırda davam edən regional müharibənin tərəfi deyil və münaqişənin içinə çəkilməmək üçün son dərəcə ehtiyatlı və soyuqqanlı siyasət yürüdür. Bölgədə yeni gərginlik xətlərinin yaranmaması üçün məsuliyyətlə hərəkət edən Ankara İran tərəfinə sözügedən hücuma görə məsuliyyət daşıyanların dərhal müəyyən edilməsi və lazımi tədbirlərin görülməsi barədə çox net mesajlar çatdırıb.
Tehranın bələdiyyə sədri Əlirza Zakani İran dövlət televiziyasına verdiyi açıqlamada ABŞ və İsrailin ölkəyə qarşı həyata keçirdiyi hərbi əməliyyatların görünməmiş miqyasına diqqət çəkib. Zakani bildirib ki, cari müharibənin ilk 10 günü ərzində ölkə ərazisində 9 min nöqtə hücumlara məruz qalıb. Müqayisə üçün o xatırladıb ki, ötən ilin iyun ayında baş verən və 12 gün davam edən silahlı münaqişə zamanı cəmi 1450 nöqtə hədəf alınmışdı. Hazırda paytaxtda və digər şəhərlərdə genişmiqyaslı dağıntıların aradan qaldırılması və dağıntılar altından təmizləmə işlərinin aparıldığı vurğulanıb.
İspaniya hökuməti İsraildəki fövqəladə və səlahiyyətli səfirini vəzifəsindən geri çağırmaq barədə rəsmi qərar qəbul edib. Rəsmi qəzetdə dərc olunan məlumata görə, səfirin geri çəkilməsi barədə qərar çərşənbə günü qüvvəyə minib. Bu addım Avropa ölkələri arasında İsrailin regional hərbi əməliyyatlarına və diplomatik gərginliyə qarşı göstərilən ən kəskin reaksiyalardan biri kimi qiymətləndirilir. İspaniya tərəfi bu qərarla Tel-Əviv ilə diplomatik əlaqələrin xarakterini rəsmən dəyişdirmiş olur.
ABŞ və İsrailin İrana qarşı başlatdığı "Epic Fury" (Destansı Öfke) əməliyyatının ilk 36 saatına dair yayımlanan hərbi analizlər hücumların miqyasını və intensivliyini ortaya qoyur. Aparılan araşdırmalara görə, hücumların ilkin mərhələsində 3 mindən çox yüksək dəqiqlikli idarə olunan sursat və önləyici raketdən istifadə edilib. Bu qədər intensiv sursat sərfi Qərbin müdafiə sənayesinin tədarük zənciri və ehtiyatların yenilənməsi imkanları üzərində ciddi təzyiq yaradır. Analizlər göstərir ki, ABŞ ordusu əməliyyatın ilk 36 saatında təkcə GBU-31, GBU-32 və GBU-38 tipli JDAM idarəetmə dəstlərindən təxminən 250 ədəd istifadə edib.
Diqqət ABŞ və İsrailin İrana qarşı apardığı müharibəyə yönəldiyi bir vaxtda, Qəzza zolağı getdikcə daha mürəkkəb şərtlərlə üz-üzə qalır. Ötən ilin oktyabrında əldə edilmiş atəşkəs şərtlərinin icrasına yönəlmiş siyasi səylər dondurulub, bu isə bölgədəki humanitar böhranı daha da dərinləşdirir. HƏMAS və digər Fələstin qruplaşmaları "Tramp planı"nın ikinci mərhələsinə keçməyə ümid etsələr də, İranla müharibənin nəticələri bu yolu qeyri-müəyyənliyə itələyib. Atəşkəs sazişindən bəri İsrail bir neçə mühüm addımı gecikdirir. Rəsmi Təl-Əviv Qəzzanın idarə edilməsi üçün yaradılan "Milli Komitə"nin anklava daxil olmasına mane olur və qruplaşmaların tərksilah edilməsi üçün təzyiqləri artırır. Eyni zamanda, Vaşinqtonun xahişi ilə açılmış keçid məntəqələri yenidən bağlanıb.
Xəbər verdiyimiz kimi, İran ərazisindən Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu həyata keçirilib. Dron qalıqlarının videosunu təqdim edirik. Dron qalıqlarının videosunu təqdim edirik. Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM), bəzi sosial media hesablarında paylaşılan "Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrana hücum edərsə, Türkiyə üçün qanuni hədəf olacaq" şəklindəki iddiaların həqiqəti əks etdirmədiyini açıqlayıb. Mərkəzin sosial şəbəkə hesabından edilən rəsmi açıqlamada bildirilir ki, Türkiyə Respublikasının dövlət qurumları tərəfindən bu yöndə heç bir bəyanat və ya qiymətləndirmə verilməyib.
ABŞ Dövlət Departamenti regional gərginliyin sürətlə artması səbəbindən Qətər, İordaniya, İraq, Bəhreyn və Küveytdəki fövqəladə hallarda çalışmayan personalına və onların ailə üzvlərinə ölkəni tərk etmək tapşırığı verib. Təhlükəsizlik vəziyyəti ilə bağlı verilən rəsmi açıqlamalarda həmin ölkələrə səyahət edilməməsi xəbərdarlığı yenilənib. Dövlət Departamenti qeyd edib ki, sözügedən ölkələrdə qalan ABŞ vətəndaşları və personalı vəziyyətin pisləşəcəyi təqdirdə alternativ planlar hazırlamalıdırlar. Eyni zamanda, ABŞ-ın Doha səfirliyinin ehtiyat tədbiri olaraq rutin konsulluq xidmətlərini müvəqqəti dayandırdığı bildirilib.
Səhər saatlarında İsrail döyüş təyyarələri İranın paytaxtı Tehranın müxtəlif bölgələrini hədəf alıb. Yerli medianın yaydığı məlumata görə, İsfahan şəhərində də güclü partlayış səsləri eşidilib. Hücumların şəhərin konkret hansı nöqtələrinə edildiyi barədə hələlik rəsmi açıqlama verilməyib. Fevralın 28-dən etibarən İsrail və ABŞ-ın İrana qarşı başlatdığı hərbi əməliyyatlar genişlənməkdə davam edir. İran tərəfi bu hücumlara cavab olaraq İsraillə yanaşı, ABŞ bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn kimi ölkələrdəki müəyyən hədəfləri vurduğunu açıqlayıb.