ABŞ, İsrail və İran arasında müharibə alovlanan kimi Tehranın Körfəz ölkələrinə hücumlar təşkil etməsi mühüm bir sualı gündəmə gətirdi: Müharibə tərəfləri arasında razılaşma və eskalasiya tərəddüdləri davam etdiyi bir vaxtda, bu aramsız hücumlar qarşısında bitərəf qalmaq mümkündürmü?
#İsrail və İran
Bəhreyn Silahlı Qüvvələri son 24 saat ərzində ölkə səmasına daxil olan və İrandan buraxılan 16 pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlayıb. Ordunun rəsmi sosial media hesabında paylaşılan bəyanatda bildirilir ki, İranın "hücum dalğalarına" qarşı bütün müdafiə bölmələri ən yüksək hazırlıq vəziyyətindədir. Bu son əməliyyat fevralın 28-dən bəri davam edən regional gərginliyin tərkib hissəsi kimi qiymətləndirilir.
İran Silahlı Qüvvələrinin Baş Qərargah sözçüsü briqada generalı Əbülfəzl Şikarçi ABŞ-ın mümkün quru hücumu ilə bağlı kəskin bəyanatlarla çıxış edib. Dövlət televiziyasında çıxış edən Şikarçi, ABŞ Prezidenti Donald Trampın hədələrini dəyərləndirərək, Tehranın hər cür ssenariyə hazır olduğunu bildirib. "Biz Amerikanın quru hücumunun başlamasını gözləyirik. Onlara elə bir dərs verəcəyik ki, dünyanın ən zəif ölkəsini belə işğal etməyi xəyallarına gətirə bilməyəcəklər," — deyə general vurğulayıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) amerikalı uçuş mühəndisləri və döyüş pilotlarının toplandığı "gizli nöqtənin" ballistik raketlərlə hədəf alındığını iddia edib. Korpusun yaydığı rəsmi bəyanatda bildirilir ki, BƏƏ-dəki bazalardan kənarda yerləşən və ABŞ hərbi personalı üçün gizli görüş yeri kimi istifadə edilən obyekt ballistik raketlərlə dəqiqliklə vurulub. Bu iddia regionda ABŞ-İsrail və İran arasındakı hərbi qarşıdurmanın yeni və daha təhlükəli mərhələyə keçdiyini göstərir.
Küveyt Dövlət Neft Şirkəti (KPC) Əl-Əhmədi limanındakı strateji neft emalı zavodunun pilotsuz uçuş aparatları (PUA) tərəfindən hədəf alındığını açıqlayıb. Küveytin rəsmi xəbər agentliyi KUNA-nın yaydığı məlumata görə, hücum sübh saatlarında baş verib və nəticədə zavodun bir neçə əməliyyat blokunda yanğınlar başlayıb. Şirkət rəsmiləri hadisədən dərhal sonra fövqəladə hallar və yanğınsöndürmə briqadalarının müdaxilə planlarını işə saldığını və yanğının digər sahələrə yayılmaması üçün intensiv iş apardıqlarını bildiriblər.
Birləşmiş Ərəb Əmirlikləri beynəlxalq hüququn kobud şəkildə pozulması olan İranın Küveyt Dövlətindəki hərbi düşərgəyə qarşı törətdiyi və silahlı qüvvələrin 10 üzvünün yaralanması ilə nəticələnən səbəbsiz terror hücumunu ən sərt şəkildə pisləyib. Xarici İşlər Nazirliyi (XİN) verdiyi bəyanatda bu təcavüzün Küveyt Dövlətinin suverenliyinin pozulması və təhlükəsizliyinə və sabitliyinə təhdid təşkil etdiyini və bundan əlavə, KƏŞ dövlətlərinin və daha geniş regionun təhlükəsizliyini təhdid edən təhlükəli bir eskalasiyanı təmsil etdiyini təsdiqlədi.
Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi ölkənin hava məkanını hədəf alan yeni pilotsuz uçuş aparatı (PUA) hücumlarının qarşısının uğurla alındığını elan edib. Nazirliyin "X" sosial media platformasındakı rəsmi hesabından verilən məlumata görə, krallığın hava hücumundan müdafiə sistemləri ölkə səmasına daxil olan 4 ədəd PUA-nı aşkar edərək vaxtında məhv edib. Rəsmi açıqlamada hücumların konkret olaraq hansı bölgəni hədəf aldığı barədə təfərrüat verilməsə də, bütün hədəflərin zərərsizləşdirildiyi vurğulanıb.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyi ölkədə yaşayan İran vətəndaşlarının kütləvi şəkildə deportasiya ediləcəyi və onlara qarşı giriş qadağası qoyulduğu barədə yayılan məlumatlara rəsmi münasibət bildirib. Nazirliyin bəyanatında bu cür iddialar qətiyyətlə təkzib olunub və vurğulanıb ki, İran icması BƏƏ-nin "sosial toxumasının ayrılmaz bir hissəsidir". Açıqlamada ölkədə 200-dən çox millətin nümayəndəsinin dinc yanaşı yaşadığı, bu vəziyyətin isə Əmirliklərin tolerantlıq və birgəyaşayış dəyərlərinə sadiqliyinin bariz nümunəsi olduğu qeyd edilib.
İsrailin dövlət televiziyası KAN-ın adı açıqlanmayan yüksək rütbəli rəsmiyə istinadən yaydığı məlumata görə, ABŞ və İran arasında aparılan danışıqlar müsbət nəticə vermir. Xəbərdə iddia olunur ki, Vaşinqton və Təl-Əviv yaxın günlərdə tətbiq ediləcək daha sərt hərbi və siyasi addımlar barədə tam koordinasiya şəraitində hərəkət edirlər. Diplomatik kanalların tıxanması tərəfləri regional gərginliyi artıra biləcək yeni əməliyyat planlarını nəzərdən keçirməyə vadar edib.
Böyük Britaniyanın Baş naziri Kir Starmer İrana qarşı davam edən müharibənin ölkəsinin gələcəyinə ciddi təsir göstərəcəyi ilə bağlı xəbərdarlıq edib. Baş nazir bu münaqişənin Britaniya üçün həm uzunmüddətli iqtisadi, həm də milli təhlükəsizlik baxımından dərin fəsadlar törədə biləcəyini vurğulayıb. Bununla belə, Starmer Londonun bu münaqişəyə birbaşa cəlb olunmayacağı barədə qətiyyətli mövqeyini ifadə edərək, krallığın hərbi əməliyyatlarda iştirak etmək niyyətində olmadığını bildirib.
Yəməndəki husi hərəkatı ("Ənsarullah") İsrailə qarşı yeni raket hücumu həyata keçirdiyini bəyan edib. Husilərin rəsmi nümayəndəsi bu əməliyyatın İran və Livanın "Hizbullah" qruplaşması ilə sıx koordinasiya şəraitində gerçəkləşdirildiyini bildirib. Açıqlamada qeyd olunur ki, bu hücum İsrailin regionun müxtəlif ölkələrinə, xüsusilə Livan və İrana qarşı davam edən hərbi təcavüzünə cavab xarakteri daşıyır. Yəmən qruplaşması İsrailin hücumlarını dayandırmayacağı təqdirdə eskalasiyanı daha da artırmağa hazır olduqlarını vurğulayıb.
"Emirates" hava yollarının rəsmi internet səhifəsində yayımlanan təcili xəbərdarlıqda bildirilir ki, İran pasportu daşıyan sərnişinlərin Birləşmiş Ərəb Əmirliyinə (BƏƏ) girişinə və ya ölkə ərazisindən tranzit keçidinə artıq icazə verilməyəcək. Dərhal qüvvəyə minən bu qərar, etibarlı BƏƏ yaşayış vizasına malik olan şəxslər də daxil olmaqla, istisnasız olaraq bütün İran vətəndaşlarını əhatə edir. Qaydaya əsasən, sözügedən şəxslərin Dubay Beynəlxalq Hava Limanına daxil olması və buradan digər ölkələrə uçması tamamilə dayandırılıb.