İranın Ali rəhbəri Müctəba Xameneinin baş müşaviri və ölkənin nüfuzlu siyasətçilərindən biri olan Əli Əkbər Vilayəti Hörmüz boğazının statusu ilə bağlı mühüm bəyanatla çıxış edib. Vilayəti "X" sosial platformasındakı rəsmi hesabında paylaşdığı mesajda strateji su yolunun gələcəyi barədə kəskin mövqe nümayiş etdirib. O bildirib ki, Hörmüz boğazı dünyaya açıq olsa da, "İran xalqının düşmənlərinə və onların regiondakı hərbi bazalarına hər zaman qapalı qalacaq". Bu açıqlama beynəlxalq enerji daşımaları üçün həyati əhəmiyyət kəsb edən su yolunda gərginliyin daha da artacağından xəbər verir.
#İsrail İran hücumu
ABŞ-ın Bağdaddakı səfirliyi İraqdakı Amerika vətəndaşlarına ölkəni dərhal tərk etmələri barədə növbəti dəfə təcili xəbərdarlıq edib. Səfirliyin "X" sosial platformasındakı rəsmi hesabında paylaşılan bəyanatda bildirilir ki, İranla əlaqəli "iraqlı terrorçu milis qrupları" yaxın 24-48 saat ərzində Bağdadın mərkəzində genişmiqyaslı hücumlar təşkil edə bilər. Diplomatik missiya qeyd edib ki, bu qruplaşmalar artıq İraq Kürd Regional Rəhbərliyi də daxil olmaqla, ölkənin müxtəlif bölgələrində ABŞ vətəndaşlarını və Amerikanın maraqlarını hədəf alan silsilə hücumlar həyata keçiriblər.
İsrailin dövlət televiziyası KAN-ın adı açıqlanmayan yüksək rütbəli rəsmiyə istinadən yaydığı məlumata görə, ABŞ və İran arasında aparılan danışıqlar müsbət nəticə vermir. Xəbərdə iddia olunur ki, Vaşinqton və Təl-Əviv yaxın günlərdə tətbiq ediləcək daha sərt hərbi və siyasi addımlar barədə tam koordinasiya şəraitində hərəkət edirlər. Diplomatik kanalların tıxanması tərəfləri regional gərginliyi artıra biləcək yeni əməliyyat planlarını nəzərdən keçirməyə vadar edib.
Çərşənbə günü Körfəz regionu boyunca hava hücumundan müdafiə sistemləri İran tərəfindən mülki obyektləri və şəxsi mülkiyyəti hədəf alan onlarla raket və dronu zərərsizləşdirməyə davam edib. Gərginliyin artdığı bir vaxtda Körfəz dövlətləri bəyan ediblər ki, regionun gələcək təhlükəsizliyi ilə bağlı imzalanacaq hər hansı sazişdə onlar əsas tərəf kimi iştirak etməlidirlər. Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari keçirdiyi brifinqdə bildirib ki, bütün "qırmızı xətlər" artıq keçilib, xüsusilə infrastruktur və nüvə obyektlərinin hədəf alınması müharibənin miqyasını təhlükəli həddə çatdırıb.
İraq Mülki Aviasiya Qurumu Yaxın Şərqdə davam edən gərginlik və ABŞ-İsrail koalisiyasının İrana qarşı hərbi əməliyyatları səbəbindən ölkənin hava məkanının daha 72 saat müddətinə uçuşlara bağlı qalacağını açıqlayıb. Yazılı bəyanatda bildirilir ki, bu qərar təhlükəsizlik mülahizələri ilə qəbul edilib və 3 aprel, cümə günü yerli vaxtla saat 12:00-a qədər qüvvədə olacaq. Bu addım regional münaqişə zonasında mülki aviasiya uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
İran parlamentinin Milli Təhlükəsizlik Komissiyası Hörmüz boğazının idarə olunması və gəmilərin keçidi üçün xüsusi rüsumların tətbiqini nəzərdə tutan yeni qanun layihəsini qəbul edib. "Fars" xəbər agentliyinin məlumatına görə, komissiya üzvü Müctəba Zarii layihənin detallarını açıqlayaraq bildirib ki, sənəd boğazdan keçən gəmilərdən ölkənin milli valyutası — rial bazasında keçid haqqı alınmasını qanuniləşdirir. Layihədə həmçinin ABŞ və İsrail gəmilərinin boğazdan keçməsinə tam qadağa qoyulması, eləcə də İrana qarşı birtərəfli sanksiyalara qoşulan ölkələrin gəmilərinə məhdudiyyətlərin tətbiqi öz əksini tapıb.
İsrail ordusunun yaydığı rəsmi bəyanatda ABŞ qüvvələri ilə birgə İranda həyata keçirilən hava əməliyyatlarının intensivləşdiyi bildirilir. Məlumata görə, son 48 saat ərzində İranın müxtəlif bölgələrində yerləşən 40-dan çox silah istehsalı müəssisəsi hədəf alınıb. Ötən gecə paytaxt Tehran istiqamətində təşkil edilən hava hücumları zamanı strateji əhəmiyyətli hərbi zavodlara 80-dən çox bombanın atıldığı iddia olunur. İsrail qırıcılarının hədəfləri arasında uzaqmənzilli zenit raketlərinin quraşdırılması fabrikləri, tank əleyhinə raket komponentlərinin istehsalı müəssisələri və ballistik raket mühərriklərinin hazırlandığı nəhəng komplekslər yer alıb.
ABŞ rəsmilərinə istinadən yayılan məlumatlara görə, Prezident Donald Tramp İranda saxlanılan 400 kiloqramdan çox yüksək dərəcədə zənginləşdirilmiş uranın müsadirə edilməsi üçün xüsusi hərbi əməliyyat planlarını dəyərləndirir. Bu əməliyyatın olduqca mürəkkəb və riskli olduğu, ABŞ hərbçilərinin günlərlə İran ərazisində qalmasını tələb edə biləcəyi vurğulanır. Trampın müşavirləri vasitəsilə İrana "müharibənin dayandırılması müqabilində uranın təhvil verilməsi" şərtini qoyduğu iddia edilir. Tehran bu təklifi rədd edərsə, nüvə materialının güc tətbiq etməklə ələ keçirilməsi variantı aktivləşəcək. Bu məqsədlə dəniz piyadaları və paraşütçü desant bölmələrinin bölgəyə yerləşdirilməsi kimi alternativlər hazırlanır.
İsrailin "Kanal 12" televiziyasının yaydığı məlumata görə, rəsmi Vaşinqton və Tel-Əviv İranla aparılan danışıqların razılaşma ilə bitməməsi ehtimalına qarşı hərbi əməkdaşlığı intensivləşdiriblər. ABŞ-ın Yaxın Şərqə hərbi qüvvə toplamağa davam etdiyi və bunun gələcək hərbi əməliyyatlara zəmin hazırlamaq məqsədi daşıdığı iddia edilir.
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) bazar günü yaydığı bəyanatda İsrailin hərbi hava zərbələrindən sonra İranın Xondab bölgəsində yerləşən ağır su istehsalı zavodunun artıq istismara yararlı olmadığını bildirib. Agentlik peyk görüntülərinin müstəqil təhlilinə əsaslanaraq, 27 mart tarixində hücuma məruz qalan müəssisəyə "ciddi ziyan dəydiyini" təsdiqləyib.
ABŞ və İsrail qüvvələrinin İrana qarşı həyata keçirdiyi hava hücumları nəticəsində paytaxt Tehranın şimal-şərq və cənub bölgələrində güclü partlayış səsləri eşidilib. Hücumlar zamanı şəhərin hava hücumundan müdafiə sistemlərinin aktivləşdiyi və hədəfləri zərərsizləşdirməyə çalışdığı bildirilir.
Bəhreyn ordusunun rəsmi sosial media hesabından verilən məlumata görə, ölkənin hava hücumundan müdafiə sistemləri son bir sutka ərzində İrandan gələn intensiv hücumların qarşısını alıb. Açıqlamada son 24 saat ərzində 20 raket və 23 pilotsuz uçuş aparatının (PUA) havada məhv edildiyi bildirilir.