Küveyt Mülki Aviasiya Qurumundan verilən rəsmi bəyanata görə, ölkənin əsas hava qapısı olan Küveyt Beynəlxalq Hava Limanı pilotsuz uçuş aparatları (PUA) tərəfindən hədəf alınıb. Hücum nəticəsində hava limanının fəaliyyəti üçün kritik əhəmiyyət kəsb edən infrastruktur zərər görüb. Bəyanatda vurğulanır ki, partlayışlar nəticəsində hava limanındakı radar sistemlərinə ciddi zərər dəyib. Bu zədələnmənin uçuşların təhlükəsizliyinə və naviqasiya xidmətlərinə necə təsir edəcəyi barədə texniki araşdırmalar aparılır. Hazırda hava limanında uçuşların dayandırılıb-dayandırılmaması ilə bağlı rəsmi qərar gözlənilir.
#İsrail İran hücumu
Əbu-Dabi Hökumətinin Media Ofisindən verilən rəsmi məlumata görə, ölkənin hava hücumundan müdafiə sistemləri paytaxta yönələn ballistik raketi uğurla zərərsizləşdirib. Lakin raketin vurulması zamanı yerə düşən qəlpələr Əbu-Dabi Xəlifə İqtisadi Bölgəsində (KEZAD) yanğınların çıxmasına və mülki şəxslərin yaralanmasına yol açıb.
İsrail mediasının yaydığı məlumata görə, Yəməndəki İran tərəfindən dəstəklənən husilər İsrailin cənub hissəsinə raket zərbəsi endirməyə cəhd ediblər. Bildirilir ki, atılan raket İsrail hava hücumundan müdafiə sistemləri tərəfindən havada zərərsizləşdirilib. İlkin məlumatlara görə, raket hücumu nəticəsində ölən və ya yaralanan olmayıb. Bu hadisə ABŞ-ın İrana qarşı başlatdığı hərbi əməliyyatlardan sonra Yəməndən İsrailə qarşı həyata keçirilən ilk raket hücumu iddiası kimi qeyd olunub.
İran dövlət televiziyasının Qum Valiliyinə istinadən yaydığı məlumata görə, ABŞ və İsrail qüvvələrinin şəhərin yaşayış binalarını hədəf alması nəticəsində insan itkisi artıb. Rəsmi açıqlamada "Amerika-Sionist təcavüzkarların Pərdisan bölgəsindəki bir məhəlləyə təşkil etdiyi hücumda şəhid sayı 18-ə çatdı" ifadələri işlədilib.
Tramp Hörmüz boğazını İranla birlikdə idarə etməyə maraqlıdır. O bunun üçün ortaq şirkət yaradılmasını və payların bölünməsini təklif edə bilər.Bu barədə "The Wall Street Journal" qəzeti məlumatlı mənbələrə istinadən xəbər verib. Bildirilir ki, hazırda Ağ Evdə bu məsələlər ətrafında müzakirələr aparılır: “Bu faktiki Hörmüz boğazında azad naviqasiyanın sonu ola bilər. Eyni zamanda Tramp İran neftinin bir hissəsinə çıxış əldə etmək istəyir. Bu ABŞ-a İranın enerji bazarında söz sahibi olmağa imkan verə bilər. Tramp bundan əlavə İranın mis yataqlarına yatırım etmək və bunu da ortaq şirkətdə birgə idarə etməyi planlaşdırır”.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İctimaiyyətlə Əlaqələr Bölməsi Hörmüz boğazından keçən gəmilərin hərəkəti ilə bağlı kritik qərarını açıqlayıb. Rəsmi bəyanatda bildirilir ki, "İsrail-Amerika ittifaqı"na və onları dəstəkləyən ölkələrə məxsus, eləcə də həmin limanlara istiqamətlənən bütün gəmilərin keçidi marşrutundan asılı olmayaraq qadağan edilib.
Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabi şəhərinin kənarında hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilən ballistik raketin qalıqlarının yerə düşməsi faciəyə səbəb olub. Hökumətin media ofisinin cümə axşamı yaydığı məlumata görə, hadisə nəticəsində iki nəfər həlak olub, üç nəfər isə yaralanıb.
İsrail kİV-ləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsirinin hava zərbəsi nəticəsində həlak olduğunu irəli sürüb. Məlumata görə, Təngsiri Bəndər-Abbas şəhərinə təşkil edilən hava hücumu zamanı hədəf alınıb.
ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başlatdığı hərbi əməliyyatlardan sonra strateji əhəmiyyətli Hörmüz boğazının faktiki olaraq qapanması Asiya ölkələrini dərin enerji böhranı ilə üz-üzə qoyub. Dünyanın dəniz yolu ilə daşınan neft və mayeləşdirilmiş təbii qaz (LNG) ticarətinin 20%-nin keçdiyi bu keçid məntəqəsində gəmi hərəkətinin dayanması Çin, Hindistan, Yaponiya və Cənubi Koreya kimi sənaye nəhənglərində yanacaq təchizatını iflic edib.
Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar ölkənin enerji müstəqilliyi hədəfi istiqamətində mühüm addımların atıldığını bəyan edib. Nazir bildirib ki, "Abdülhamid Han" qazma gəmisi sabah səhər saatlarından etibarən Qara dənizdə fəaliyyətə başlayacaq. Bununla yanaşı, aprel ayında "Fatih" gəmisi ilə yeni quyuların qazılması və Somali sahillərində araşdırmaların aparılması planlaşdırılır.
İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ın bölgədəki hərbi hərəkətliliyini və qoşun yerləşdirmə planlarını yaxından izlədiklərini bəyan edib. O, Vaşinqton administrasiyasına müraciət edərək, "Torpaqlarımızı müdafiə etmək qətiyyətimizi sınamayın" ifadəsini işlədib. Qalibaf "X" sosial media platformasında paylaşdığı mesajında Pentaqonun bölgəyə əlavə qüvvələr göndərəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Məclis sədri qeyd edib ki, generalların və siyasi qərar vericilərin yol verdiyi səhvləri əsgərlər düzəldə bilməz. O, həmçinin ABŞ hərbçilərinin İsrailin Baş naziri Benyamin Netanyahunun xülyalarının qurbanı olacağını vurğulayıb.
İran Qızıl Aypara Cəmiyyətinin sədri Kulivand davam edən müharibənin mülki əhali üzərindəki dağıdıcı təsirləri barədə məlumat paylaşıb. Rəsmi açıqlamaya görə, hücumların başlanğıcından bəri 5 yaşınadək 66 uşaq həyatını itirib. Sentyabrın 28-dən bəri hücumların mərkəzinə çevrilən Tehranda və ölkə genelində dağıntıların miqyası qorxulu həddə çatıb. Məlumata görə, ölkə boyu 85 mindən çox mülki yaşayış məntəqəsinə ziyan dəyib. Bu tikililərin 64 583-nün yaşayış evi, təxminən 20 mininin isə ticari obyekt olduğu qeyd edilib.