BAKI,VOA, Nailə Babazadə
ABŞ və İsrail qüvvələrinin İrana qarşı həyata keçirdiyi hava hücumları nəticəsində paytaxt Tehranın şimal-şərq və cənub bölgələrində güclü partlayış səsləri eşidilib.
VOA xəbər verir ki, hücumlar zamanı şəhərin hava hücumundan müdafiə sistemlərinin aktivləşdiyi və hədəfləri zərərsizləşdirməyə çalışdığı bildirilir.
Qeyd edək ki, İsrail və ABŞ, Tehran ilə Vaşinqton arasında diplomatik müzakirələrin davam etdiyi bir vaxtda – fevralın 28-də İrana qarşı genişmiqyaslı hərbi əməliyyat başladıb. Bu hücumlar nəticəsində İranın ali lideri Əli Xamenei də daxil olmaqla, ölkənin bir çox yüksək rütbəli rəsmisi həyatını itirib.
İran tərəfi bu hücumlara cavab olaraq İsrail ilə yanaşı, ABŞ-ın hərbi bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn kimi ölkələrdəki hədəflərə raket və PUA zərbələri endirib. Hazırda Tehranda və digər strateji nöqtələrdə vəziyyətin gərgin olduğu, tərəflərin qarşılıqlı hücumları davam etdirdiyi qeyd olunur.