#İsrailin İran hücum planı

ABŞ Prezidenti Trampın İranın enerji infrastrukturuna hücum planını 5 gün müddətinə təxirə saldığını açıqlamasından dərhal sonra, İsrail ordusu paytaxt Tehrana qarşı yeni bir hərbi əməliyyat başladığını duyurub. Vaşinqtonun hücumları müvəqqəti dayandırmaq qərarına baxmayaraq, İsrail tərəfi Tehranın strateji nöqtələrini hədəf almağa davam edir. Paytaxtın müxtəlif ərazilərindən partlayış səsləri eşidilir və hava hücumundan müdafiə sistemlərinin aktivləşdiyi bildirilir. İsrail rəsmiləri bu hücumların "təhlükəsizlik təhdidləri tamamilə aradan qaldırılana qədər" davam edəcəyini vurğulayıblar.

İran bazar ertəsi günü bəyanat yayaraq, ABŞ və İsrail tərəfindən sahillərinə və ya adalarına hər hansı hücum olacağı təqdirdə Körfəz sularına "dəniz minaları" yerləşdirəcəyi ilə hədələyib. Dövlət mediası tərəfindən yayılan Müdafiə Şurasının bəyanatında qeyd edilib. "Düşmən tərəfindən İran sahillərinə və ya adalarına edilən hər hansı hücum cəhdi, təbii olaraq və mövcud hərbi təcrübəyə uyğun olaraq, Körfəzdəki bütün giriş yollarının və rabitə xətlərinin, o cümlədən sahillərdən buraxıla bilən müxtəlif növ dəniz minaları ilə minalanmasına səbəb olacaq." - deyə bəyənatda qeyd edilib.

İran parlamentinin (Məclisinin) Hörmüz boğazından keçən gəmilərdən keçid haqqı alınmasını nəzərdə tutan qanun layihəsini təsdiqləməyə hazırlaşdığı bildirilib. Yarımrəsmi ISNA xəbər agentliyinə danışan Parlamentin İqtisadiyyat Komissiyasının üzvü Səid Rəhmətzadə Hörmüz boğazından keçən gəmilərdən rüsum alınması ilə bağlı hazırlanan qanun layihəsi barədə məlumat verib.

İran Atom Enerjisi Təşkilatı ABŞ və İsrailin Nətənz nüvə obyektinə qarşı hücum həyata keçirdiyini elan edib. Təşkilatın rəsmi sosial media hesabından verilən məlumatda bildirilir ki, uranın zənginləşdirilməsi fəaliyyətləri üçün kritik əhəmiyyət kəsb edən "Şəhid Əhmədi Ruşən" Nüvə Mərkəzi ABŞ və İsrail tərəfindən hədəf alınıb. Bəyanatda bu hərəkətin beynəlxalq öhdəliklərə məhəl qoyulmadan reallaşdırıldığı vurğulanıb.

İraqın paytaxtı Bağdadda Mərakeş Səfirliyinin yaxınlığına pilotsuz uçuş aparatı (PUA) düşüb. Bölgədəki Anadolu Agentiliyi müxbiri Bağdadın Mənsur rayonunda yerləşən Mərakeş Səfirliyi yaxınlığında PUA-nın düşməsi nəticəsində ərazidən tüstü yüksəldiyini bildirib. Hücumun kim tərəfindən həyata keçirildiyi hələlik məlum deyil. İraq rəsmiləri hadisə ilə bağlı hələ ki rəsmi açıqlama verməyiblər.

ABŞ-ın maliyyə naziri Skott Bessent dənizdə gözləyən İran neftinin satışına imkan yaradan məhdud və qısamüddətli ümumi lisenziya yayımladıqlarını açıqlayıb. Bessent sosial media hesabında etdiyi paylaşımda İranı qlobal terrorizmin mərkəzi adlandırıb və ABŞ Prezidenti Donald Trampın "Dastani Qəzəb Əməliyyatı" sayəsində bu mübarizəni gözləniləndən daha sürətli qazandıqlarını qeyd edib. Nazir vurğulayıb ki, Tramp administrasiyası qlobal enerji axınını maksimuma çatdırmaq və bazar sabitliyini təmin etmək üçün Amerikanın iqtisadi və hərbi gücündən istifadə etməyə davam edəcək.

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi ABŞ, İsrail və İran arasındakı müharibə fonunda Türkiyə-İran sərhəd xəttində bütün zəruri tədbirlərin görüldüyünü açıqlayıb. Nazir bütün sərhəd-keçid məntəqələrinin nəzarət altında olduğunu və hazırda hər hansı bir problemin yaşanmadığını vurğulayıb. Nazir Çiftçi Təhlükəsizlik və Fövqəladə Hallar Koordinasiya Mərkəzində (GAMER) media nümayəndələrinin suallarını cavablandırarkən bildirib ki, müharibə başlayandan bəri sərhədyanı vilayətlərin valiləri ilə daimi təmasdadırlar. O, qeyd edib ki, Türkiyə vətəndaşları İran tərəfindən Türkiyəyə rahatlıqla keçə bilirlər və bu istiqamətdə heç bir məhdudiyyət yoxdur.

Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi cümə günü səhər saatlarından etibarən 26 pilotsuz uçuş aparatının (PUA) qarşısının alındığını və məhv edildiyini təsdiqləyib. Eyni zamanda Küveyt və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hakimiyyət orqanları da raket və PUA təhdidləri ilə mübarizə apardıqlarını bildiriblər. Küveyt Neft Korporasiyasının "Mina Əl-Əhmədi" limanındakı neft emalı zavodu yenidən İranın PUA hücumlarına məruz qalıb və nəticədə müəssisənin bir neçə bölməsində yanğın baş verib.

Küveyt Dövlət Neft Şirkəti (KNPC) ölkənin strateji əhəmiyyətli obyektlərindən biri olan Mina əl-Əhmədi neft emalı zavodunun pilotsuz uçuş aparatları (PUA) tərəfindən hücuma məruz qaldığını elan edib. Hücum nəticəsində zavodun ərazisində yanğın baş verdiyi bildirilir. Şirkətin rəsmi bəyanatında qeyd olunur ki, hadisə zamanı hər hansı xəsarət alan olmayıb. Lakin təhlükəsizlik tədbirləri çərçivəsində və yanğının genişlənməsinin qarşısını almaq məqsədilə neft emalı zavodundakı bəzi istehsalat vahidlərinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

İran Kəşfiyyat Nazirliyi "İsrail əsgərləri" olduqları iddiası ilə 97 nəfəri həbs edib. Dövlət mediasının cümə axşamı verdiyi məlumata görə, bu, müharibənin başlanğıcından bəri yüzlərlə insanın İsrail və ABŞ ilə əlaqəli olduqları iddiası ilə saxlanıldığı təhlükəsizlik əməliyyatlarının son mərhələsidir. Bundan əvvəl, cümə axşamı səhər saatlarında Alborz vilayətinin polis rəisi xaricdəki müxalif media kanallarına video göndərdikləri üçün 41 nəfərin həbs edildiyini bildirib.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Müdafiə Nazirliyi İran mənbəli 7 ballistik raket və 15 pilotsuz uçuş aparatının (PUA) qarşısının alındığını elan edib.Nazirliyin yazılı bəyanatında bildirilir: "Müdafiə sistemlərimiz İrandan gələn 7 ballistik raket və 15 PUA-nı uğurla zərərsizləşdirib". Açıqlamada qeyd olunub ki, İranın başlatdığı hücumlar çərçivəsində indiyədək BƏƏ müdafiə sistemləri tərəfindən ümumilikdə 334 ballistik raket, 15 qanadlı raket və 1714 PUA məhv edilib.