İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehranda keçirdiyi həftəlik mətbuat konfransında ABŞ ilə aparılan sülh müzakirələri çərçivəsində bu gün Pakistandan olan nümayəndə heyətini qəbul edəcəklərini bildirib. Sözçü qeyd edib ki, Pakistandakı danışıqların əsas məqsədi müharibənin dayandırılması və İranın tələblərinin müzakirə edilməsidir. Görüş zamanı tərəflərin mövqelərinin təfərrüatlı şəkildə nəzərdən keçiriləcəyi vurğulanıb.
#İran–ABŞ danışıqları
ABŞ-ın vitse-prezidenti Cey Di Vens Prezident Donald Trampın İranla məhdud deyil, genişmiqyaslı razılaşma əldə etmək niyyətində olduğunu bildirib. Qeyd olunub ki, Vaşinqton İranın nüvə silahına malik olmamasını təmin edəcək razılaşma üzərində israr edir və bu istiqamətdə müzakirələr davam etdiriləcək.
Səudiyyə Ərəbistanı son 48 saat ərzində regional gərginliyi azaltmaq və mövqeləri koordinasiya etmək məqsədilə diplomatik fəaliyyətlərini genişləndirib. Səudiyyə Xarici İşlər naziri şahzadə Feysəl bin Fərhan İslamabadda ABŞ və İran arasında keçirilən danışıqlardan sonra bir sıra intensiv siyasi məsləhətləşmələr aparıb. Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi indiyədək ictimaiyyətə açıqlanan doqquz diplomatik təmasın baş tutduğunu bildirib. Proses bazar ertəsi nazirin pakistanlı həmkarı İshaq Dar ilə apardığı telefon danışığı ilə başlayıb. Tərəflər Pakistanın vasitəçilik səylərini dəstəklədiklərini və bölgədə onilliklərdir davam edən qeyri-sabitliyi aradan qaldıracaq qalıcı razılaşmanın vacibliyini vurğulayıblar.
Azərbaycan ABŞ ilə tərəfdaşlığını Asiya və Avropa arasında nəqliyyat əlaqəsinin inkişaf etdirilməsi üçün əsas layihələrin irəliləməsində əsas amil kimi görür. Bunu Azərbaycan Respublikası Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Çexiya mediasına müsahibəsində bildirib. "Donald Trampın ikinci prezidentlik müddəti Azərbaycanla ikitərəfli münasibətlərdə yeni bir fəsil açdı. Bu gün demək olar ki, bu münasibətlər keyfiyyət və miqyas baxımından zirvəyə çatıb", -o deyib.
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan pakistanlı həmkarı Məhəmməd İshaq Dar ilə telefon danışığı aparıb. Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrdən əldə edilən məlumata görə, danışıqlar zamanı ABŞ və İran arasında gedən sülh müzakirələri əsas müzakirə mövzusu olub.
"New York Post" qəzetinin yaydığı məlumata görə ABŞ Prezidenti Donald Tramp yaxın iki gün ərzində Pakistan ərazisində İranla yeni danışıqların keçirilə biləcəyini açıqlayıb. ABŞ lideri tərəflərin bir araya gəlməsi üçün "Oraya getməyə daha çox meyilliyik" ifadəsini işlədib.
ABŞ-ın Hörmüz boğazında İran limanlarına giriş-çıxış edən gəmilərə qarşı tətbiq etdiyi dəniz blokadasının ilk 24 saatı ərzində boğazdan dörd gəminin keçid etdiyi qeydə alınıb.
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan ilə İranın Xarici İşlər naziri Abbas Əraqçi arasında telefon danışığı baş tutub. Türkiyə Xarici İşlər Nazirliyindəki diplomatik mənbələrdən əldə edilən məlumata görə, tərəflər regional sabitlik üçün kritik əhəmiyyət kəsb edən məsələləri ətraflı müzakirə ediblər. Danışıqlar zamanı əsas diqqət İran və ABŞ nümayəndə heyətləri arasında davam edən sülh müzakirələrinə və bu prosesdəki son vəziyyətə yönəlib.
Çin Xarici İşlər Nazirliyi ABŞ-ın Hörmüz boğazını blokadaya almaq cəhdini təhlükəli və məsuliyyətsiz addım kimi qiymətləndirib. Nazirliyin sözçüsü Quo Ciakun Pekində keçirilən mətbuat konfransında bildirib ki, tərəflər arasında müvəqqəti atəşkəs qüvvədə olduğu bir vaxtda ABŞ-ın hərbi gücünü artırması və boğazı hədəf alması gərginliyi daha da yüksəldir. Sözçü vurğulayıb ki, bu addım yalnız qarşıdurmanı dərinləşdirir və regionda onsuz da kövrək olan atəşkəs rejimini təhlükə altına qoyur.
İranın Daxili İşlər naziri İskəndər Mumini ölkənin sərhəd bölgələrində vəzifə yerinə yetirən vilayət rəhbərlərinə müraciət edib. Nazir 16 sərhəd valisindən ABŞ-ın dəniz blokadası təhdidini təsirsiz hala gətirmək üçün onlara verilən səlahiyyətlərdən tam istifadə etmələrini istəyib. Mumini bildirib ki, vilayət rəhbərlərinə əlaqədar nazirliklərlə koordinasiyalı şəkildə hərəkət edərək əsas ehtiyac mallarının idxal və ixracı prosesini sürətləndirməlidirlər.
İranın Xarici İşlər Nazirliyi bazar ertəsi günü nazir Abbas Əraqçinin Səudiyyə Ərəbistanının Xarici İşlər naziri ilə telefon əlaqəsi saxladığını açıqlayıb. İran Xarici İşlər Nazirliyindən verilən məlumata görə, telefon danışığı zamanı Abbas Əraqçi Pakistanda (İslamabad) keçirilən İran-ABŞ danışıqlarının gedişatı və əldə olunan son məqamlar barədə Səudiyyəli həmkarını ətraflı məlumatlandırıb.
İran və ABŞ nümayəndə heyətləri bu gün İslamabadda iki raunddan ibarət danışıqlar aparıblar. Bu barədə İranın Dövlət Televiziya və Radio Şirkəti xəbər verib. Məlumata əsasən, tərəflər arasında üçüncü görüşün axşam saatlarında keçirilməsi planlaşdırılır. Qeyd edək ki, Pakistanın vasitəçiliyi ilə keçirilən bu müzakirələrdə İran heyətinə parlament sədri Məhəmməd Baqir Qalibaf, ABŞ heyətinə isə vitse-prezident Ceyms Devid Vens başçılıq edir.