#İran–ABŞ danışıqları

İran Xarici İşlər Naziri Abbas Əraqçi ABŞ-ın “ziddiyyətli və həddindən artıq davranışlarını” diplomatik proseslərdə ciddi maneə hesab edib. Əraqçi Pakistan Daxili İşlər Naziri Mohsin Naqvi ilə görüşündə keçmişdəki vədlərin pozulmasının Tehranın ABŞ-a qarşı dərin etimadsızlığının səbəbi olduğunu vurğulayıb.

ABŞ və İran arasında Yaxın Şərqdə müharibənin dayandırılması ilə bağlı danışıqlarda yaranan dalan qlobal enerji bazarlarında narahatlığı artırıb. Diplomatik prosesdə irəliləyişin olmaması fonunda neft qiymətləri 3 faizdən çox bahalaşıb.

ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun İranın müharibənin dayandırılması ilə bağlı təklifə cavabını bu gün alacağını gözlədiyini bildirib. ABŞ dövlət katibi bildirib ki, cavabın məzmunu növbəti mərhələnin müəyyən olunması baxımından mühüm əhəmiyyət daşıyacaq.

Donald Tramp administrasiyası İranla gərginliyin davam etdiyi bir şəraitdə Hürmüz boğazında dəniz nəqliyyatını yenidən canlandırmaq üçün beynəlxalq koalisiya formalaşdırmağa başlayıb. ABŞ Dövlət Departamentinin rəsmisi Hürmüz boğazı ilə bağlı yeni koalisiya cəhdləri barədə yayılan xəbərləri təsdiqləyib. "Wall Street Journal" (WSJ) qəzetinin ilk olaraq paylaşdığı məlumata görə, yeni yaradılan "Dəniz Yolu Azadlığı Bölməsi" (MFC) gəmilərin bu sulardan təhlükəsiz keçidini təmin etmək üçün fəaliyyət göstərəcək. Qurum real vaxt rejimində məlumat mübadiləsi, təhlükəsizlik təlimatları və koordinasiya işlərini həyata keçirəcək.

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin əvvəlki danışıqlar prosesində ABŞ və İsrailin hücumlarına məruz qaldığını xatırladaraq, bənzər cəhdlərin təkrarlanma ehtimalının hələ də qaldığını bildirib. "Fars" xəbər agentliyinin məlumatına görə, İran Prezidenti Məsud Pezeşkian ilə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı baş tutub. Regional məsələlərin və ikitərəfli əlaqələrin müzakirə edildiyi görüşdə Pezeşkian rəsmi Tehranın münaqişələri dialoq və diplomatiya yolu ilə həll etmək tərəfdarı olduğunu vurğulayıb. Lakin o, acı təcrübəni də diqqətə çatdırıb: "İran məsuliyyət hissi çərçivəsində ixtilafları hər zaman diplomatiya yolu ilə həll etməyə çalışıb. Lakin danışıqlar getdiyi bir vaxtda ABŞ və İsrail iki dəfə İrana hücum etdi. Belə bir addımın yenidən atılma ehtimalı var".

ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən aprelin 19-da ələ keçirilən İrana məxsus "Touska" yük gəmisinin heyət üzvlərindən 6 nəfərinin sərbəst buraxıldığı bildirilib. İranın rəsmi "Tasnim" xəbər agentliyinə danışan adı açıqlanmayan rəsmi nümayəndə, gəmidə olan 28 heyət üzvündən 6-sının artıq azad edilərək İrana qayıtdığını təsdiqləyib. O, yerdə qalan 22 nəfərin də sərbəst buraxılması üçün diplomatik səylərin və rəsmi cəhdlərin davam etdiyini qeyd edib.

ABŞ Prezidenti Donald Tramp "Axios" xəbər platformasına verdiyi müsahibədə İranın nüvə proqramı ilə bağlı Vaşinqtonun narahatlıqlarını tam şəkildə aradan qaldıran bir razılaşma imzalanana qədər bu ölkəyə qarşı tətbiq edilən dəniz blokadasının davam edəcəyini bildirib. Prezident Tramp Tehranın "əvvəlcə Hörmüz boğazı açılsın, nüvə razılaşması isə sonraya qalsın" şəklindəki son təklifini qəti şəkildə rədd etdiklərini vurğulayıb. O, İran tərəfinin iqtisadi vəziyyətə görə razılığa gəlmək istədiyini, lakin nüvə silahı təhlükəsi aradan qalxmadan blokadanın qaldırılmayacağını qeyd edib.

İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ və İsrailin ölkəni daxildən zəiflətmək üçün yeni bir mərhələyə keçdiyini bildirib. Rəsmi IRNA agentliyinin məlumatına görə, Qalibaf bu strategiyanın dörd əsas istiqamət üzərində qurulduğunu vurğulayıb: dəniz blokadası, mediya vasitəsilə aparılan təbliğat, iqtisadi təzyiqlər və cəmiyyət daxilində nifaq salmaq cəhdləri.

ABŞ Prezidenti Donald Trampın İranın limanlarına qarşı tətbiq edilən dəniz blokadasının müddətini uzatmaq barədə məsləhətçilərinə tapşırıq verməsi həm regional hərbi gərginliyi, həm də qlobal enerji bazarlarını yeni mərhələyə daşıyıb. "Wall Street Journal"ın (WSJ) ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, Tramp bu addımla Tehranı nüvə proqramında ciddi güzəştlərə məcbur etmək və ölkənin iqtisadi resurslarını tamamilə tükəndirmək niyyətindədir.

Son 72 saat ərzində aparılan peyk müşahidələrinə görə, İrana məxsus 52 gəmi ABŞ ordusunun yaratdığı dəniz blokadası xəttini keçərək hərəkət edib. Fars Xəbər Agentliyinin dünən gecə yerel saatla 22:00-a qədər olan məlumatlarına istinadən bildirdiyinə görə, bu gəmilərdən 31-i neft tankeri, 21-i isə müxtəlif yük gəmiləridir. Eyni zamanda, strateji Hörmüz boğazından keçən cəmi 30 gəmidən 11-nin (6 neft tankeri və 5 yük gəmisinin) birbaşa İrana aid olduğu qeydə alınıb.