BAKI,VOA, Fərid Mikayılov
FIFA İspaniya Futbol Federasiyasına qarşı intizam prosesi başladıb. Buna səbəb İspaniya–Misir hazırlıq oyunu zamanı azarkeşlərin səsləndirdiyi islamofob məzmunlu şüarlardır.
VOA xəbər verir ki, hadisə Barselona yaxınlığındakı RCDE stadionunda baş tutan və 0:0 hesabı ilə başa çatan qarşılaşma zamanı qeydə alınıb.
Stadionda səsləndirilən bəzi şüarlar geniş tənqidə səbəb olub.
Qeyd olunur ki, insident Lamin Yamal, İspaniya hökuməti və federasiya tərəfindən pislənib. Futbolçu bu cür davranışların qəbuledilməz olduğunu vurğulayıb.
Bildirilib ki, məsələ ilə bağlı yalnız FIFA deyil, həm də Kataloniya polis qurumu Mossos d’Esquadra tərəfindən paralel araşdırma aparılır. İş Nifrət Cinayətləri və Ayrı-seçkiliklə Mübarizə üzrə prokurorluq tərəfindən icra olunur.
Eyni zamanda, İspaniyanın xarici işlər naziri Xose Manuel Albares hadisə ilə bağlı Misir tərəfinə rəsmi mövqeni çatdıraraq, hökumətin bu cür irqçi çağırışları qətiyyətlə pislədiyini bildirib.
Məlumata görə, Misir xarici işlər naziri Bedir Abdulati isə İspaniyanın tolerant ölkə olduğunu vurğulayaraq, irqçiliyin qəbuledilməz olduğunu qeyd edib.