BAKI,VOA, Fərid Mikayılov
UEFA prezidenti Aleksander Ceferin İtaliyanın Avro-2032 turnirinə ev sahibliyini itirə biləcəyini bildirib.
VOA xəbər verir ki, onun sözlərinə görə, stadionların vəziyyəti yaxşılaşdırılmazsa, çempionat ölkədə keçirilməyəcək.
Bu açıqlama İtaliya milli futbol komandasının ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilməməsi fonunda verilib. Komanda pley-off mərhələsində Bosniya və Herseqovina milli futbol komandasıya penaltilər seriyasında 1:4 hesabı ilə məğlub olub.
Qeyd olunur ki, İtaliya Avro 2032 turnirini Türkiyə ilə birlikdə təşkil etməlidir. Lakin UEFA rəhbərliyi ölkədə futbol infrastrukturu ilə bağlı ciddi problemlərin olduğunu vurğulayır.
Ceferin bildirib ki, məsuliyyəti yalnız məşqçi və ya oyunçuların üzərinə qoymaq düzgün deyil. O, həmçinin Qabriele Qravinanı müdafiə edərək əsas problemin futbol siyasəti ilə ümumi siyasi sistem arasındakı münasibətlərdə olduğunu qeyd edib.
UEFA prezidenti əlavə edib ki, İtaliya futbol baxımından böyük ənənələrə malik ölkədir və yenidən zirvəyə qayıda bilər. Lakin mövcud problemlər aradan qaldırılmazsa, vəziyyətin daha da pisləşəcəyi istisna olunmur.