Axtarış nəticələri "Hizbullah" (997)

Livanın cənubunda gərginlik artmaqda davam edir. Analitiklər hesab edirlər ki, İsrailin son dövrlər həyata keçirdiyi intensiv hücumlar Baş nazir Benyamin Netanyahunun həm Qəzza cəbhəsində, həm də daxili siyasi müstəvidə artan təzyiqlərdən yayınmaq cəhdi ilə birbaşa bağlıdır. Son günlər Sidqin, Ayn əl-Ədisə və Bint Cübeyl bölgələrində pilotsuz uçuş aparatları və ağır artilleriya vasitəsilə həyata keçirilən zərbələr İsrailin planlı eskalasiya siyasətinə işarə edir. Hücumlar həm Hizbullah-a, həm də beynəlxalq ictimaiyyətə strateji mesaj xarakteri daşıyır.

Livan ordusu açıqlama verərək, ölkənin cənubunda dövlət silah monopoliyasını "effektiv və aydın şəkildə" təmin etdiyini bildirdi, lakin hələ də ərazidə partlamamış sursatların və tunellərin təmizlənməsi üzrə işlərin davam etdiyini vurğuladı. Ordu ilin sonuna qədər cənubda qeyri-dövlət silahlarını təmizləməyi hədəfləmişdi; bu ərazi İsraillə sərhəd bölgəsidir. Məqsəd digər bölgələrə keçməzdən əvvəl cənubda əməliyyat nəzarətini genişləndirmək idi. Bəyanatda, İsrail qüvvələrinin hələ də işğal etdiyi ərazilər istisna olmaqla, cənubda əməliyyat nəzarətinin genişləndirildiyi qeyd olunub.

Şeyx Qəzal Qəzal açıq şəkildə məzhəbçiliyi tənqid etsə də, eyni zamanda onun üzərində mövqe tutur. O, mərkəzsiz (desentral) dövlət modelini müdafiə edir, ən optimal həll yolunun dünyəvilik (sekulyarizm) olduğunu bildirir və Suriyanın yeni hökumətini “tam inteqrasiya olunmuş terror sistemi” kimi xarakterizə edir. Bununla yanaşı, çıxışlarında “ələvi qanı” kimi ifadələrdən istifadə edir, bildirir ki, Əli ibn Əbu Talib olmasaydı, İslam mövcud olmazdı və Suriyanın sahil bölgəsində yaşayan insanları hökumətə qarşı meydanlarda etiraz aksiyalarına çağırır.

Yaxın Şərq hazırda yeni regional böhranın astanasında kritik mərhələdən keçir. Mövcud vəziyyət İsrail–İran qarşıdurması, Tehranın regiondakı silahlı müttəfiqləri – “Hizbullah”, Qəzza zolağında “HƏMAS”, Yəməndə isə husilərin fəaliyyəti fonunda getdikcə daha mürəkkəb və təhlükəli xarakter alır. Analitiklər bildirirlər ki, regionun müxtəlif nöqtələrində inkişaf edən böhranlar artıq ayrı-ayrı proseslər deyil. İstənilən bir cəbhədə baş verən eskalasiya digər bölgələrdə zəncirvari reaksiyalara səbəb ola bilər ki, bu da çoxcəhətli və genişmiqyaslı münaqişə riskini artırır.

ABŞ prezidenti Donald Tramp bildirib ki, Suriya prezidenti Əhməd əl-Şəraa ilə İsrailin baş naziri Beniyamin Netanyahu arasında razılaşmanın əldə olunması üçün çalışacaq. Bununla yanaşı, Tramp HƏMAS-ı silahdan imtina etmədiyi təqdirdə ağır nəticələrlə, İranı isə nüvə proqramını bərpa etməyə cəhd göstərərsə yeni hücumlarla hədələyib.

İsrailin Baş naziri Benyamin Netanyahu bazar ertəsi ABŞ-də Prezident Donald Tramp ilə görüşəcək. İsrailli rəsminin AFP-yə verdiyi məlumata görə, görüş Florida ştatında baş tutacaq və regional təhlükəsizlik məsələləri ilə yanaşı Qəzza zolağında atəşkəs prosesinin növbəti mərhələləri müzakirə olunacaq. Bu səfər Netanyahunun cari il ərzində Tramp ilə ABŞ-də keçirəcəyi beşinci görüş olacaq. Səfər, ABŞ administrasiyası və regional vasitəçilərin İsrail ilə HƏMAS arasında Qəzza üzrə əldə olunmuş kövrək atəşkəs razılaşmasının ikinci mərhələsinə keçidi təşviq etdiyi bir vaxta təsadüf edir.

İsrail ordusu Livanda həyata keçirilən zərbə nəticəsində İranın “Qüds” Qüvvələrinə bağlı elit bölmənin üzvlərindən birinin öldürüldüyünü açıqlayıb. İsrail hərbçilərinin məlumatına görə, öldürülən şəxs İran İnqilab Keşikçiləri Korpusunun tərkibində fəaliyyət göstərən “Qüds” Qüvvələrinin 840-cı bölməsinin əsas əməliyyatçılarından biri olub. Bildirilib ki, sözügedən şəxs Suriya və Livan ərazisindən İsrailə qarşı hücumların planlaşdırılmasında iştirak edib.

Livan hökuməti İsrailin Sidon şəhəri yaxınlığında avtomobili hədəfə alan zərbəsi nəticəsində üç nəfərin həlak olduğunu bildirib. Livanın dövlətə məxsus Milli Xəbər Agentliyi hücumun İsrailə məxsus pilotsuz uçuş aparatı tərəfindən həyata keçirildiyini və hadisənin Sidon şəhərindən təxminən 10 kilometr məsafədə baş verdiyini açıqlayıb. Livanın Səhiyyə Nazirliyi də ölənlərin sayının üç nəfər olduğunu təsdiqləyib. İsrail ordusu isə yayımladığı bəyanatda Sidon bölgəsində Hizbullah üzvlərinin hədəfə alındığını bildirib.

İtaliya 2026-cı il dekabrın 31-də BMT-nin Livandakı Sülhməramlı Qüvvələrinin (UNIFIL) mandatının başa çatmasından sonra da ölkədə hərbi mövcudluğunu davam etdirmək niyyətindədir. İtaliyanın müdafiə naziri Quido Krosetto Livana səfəri zamanı açıqlama verib. O bildirib ki, UNIFIL missiyası başa çatdıqdan sonra da İtaliya beynəlxalq mövcudluğun qorunmasına və Livan silahlı qüvvələrinin potensialının gücləndirilməsinə dəstək verməyə davam edəcək.

Livandakı yüksək vəzifəli rəsmi mənbə “Əş-Şərq əl-Əvsət” qəzetinə bildirib ki, bu imtina “nə protokol, nə də şəxsi səbəblərlə bağlıdır; bu, açıq siyasi mövqedir”. Mənbənin sözlərinə görə, Livan–İran münasibətləri yalnız bərabərhüquqlu əsasda qurula bilər və İran öz münasibətlərini yalnız Livan dövləti və onun legitim institutları ilə məhdudlaşdırmalı, başqa tərəflərlə paralel kanallardan istifadə etməməlidir.

İsrail ordusu Livanda fəaliyyət göstərən “Hizbullah” təşkilatının dənizlə bağlı gizli fəaliyyətlərinə dair yeni iddialar səsləndirib. İsrail tərəfinin açıqlamasına görə, təxminən bir il əvvəl saxlanılaraq İsrailə aparılan İmad Əmhez istintaq zamanı təşkilatın dəniz layihəsi ilə bağlı mühüm məlumatlar verib. İsrail ordusunun ərəbcə rəsmi nümayəndəsi Aviçay Adraei sosial şəbəkədə yaydığı açıqlamada bildirib ki, əməliyyat İsrail Hərbi-Dəniz Qüvvələrinin xüsusi bölməsi tərəfindən, hərbi kəşfiyyatın dəniz bölməsinin yönləndirməsi ilə Livanın şimalındakı Bətrun şəhərində həyata keçirilib. Onun sözlərinə görə, saxlanılma Livan–İsrail sərhədindən təxminən 140 kilometr aralıda baş verib.

Misir Livan və İsrail arasında yaranmış gərginlik fonunda eskalasiyanın qarşısının alınması məqsədilə diplomatik fəaliyyətini davam etdirir. Misirin Baş naziri Mustafa Mədəbuli Beyruta səfəri zamanı bu mövzuda açıqlama verib.Mədəbuli Livanın Baş naziri Nəvvaf Salam ilə birgə mətbuat açıqlamasında bildirib ki, Misir Livan–İsrail xəttində vəziyyətin daha da gərginləşməməsi üçün səylər göstərir. Onun sözlərinə görə, Qahirə regional prosesləri yaxından izləyir və tərəflərlə təmaslarını davam etdirir.

İsrailin Livan hökumətinə Hizbullahın silahsızlaşdırılması üçün verdiyi möhlətin başa çatmasına az qalsa da, qiymətləndirmələrə görə, İsrail ordusu ABŞ-dan açıq razılıq almadan İrana bağlı bu qruplaşmaya qarşı genişmiqyaslı hərbi əməliyyata başlamağa risk etməyəcək. Xatırladaq ki, İsrailin müdafiə naziri İsrael Kats ötən ilin noyabrında Hizbullaha silahlarını ilin sonuna qədər təhvil vermək üçün möhlət qoymuş, əks halda İsrail ordusunun Livanda ona qarşı geniş hərbi əməliyyat həyata keçirəcəyini bildirmişdi.

Livanın xarici işlər naziri Yusuf Rəcci İsrailin Livana qarşı genişmiqyaslı hücumlara hazırlaşdığına dair ərəb və beynəlxalq tərəflərdən xəbərdarlıqlar aldıqlarını bildirib. Nazir Rəcci Qətər mərkəzli “Al Jazeera” ərəb televiziya kanalına gündəmlə bağlı açıqlamalar verib. Rəcci atəşkəsə baxmayaraq İsrailin Livan ərazisinə hücumlarını davam etdirdiyinə diqqət çəkərək, bunun dayandırılması üçün intensiv diplomatik fəaliyyət apardıqlarını qeyd edib.

Livanda Hizbullah tərəfdarları Suriyanın keçmiş prezidenti Bəşşar Əsəd və onun keçmiş media müşaviri Luna əl-Şiblə aid sızdırılmış videolardan sonra ciddi narazılıq ifadə ediblər. Kadrlar hərbi müdafiə xəttində yüzlərlə itki verən və 14 illik müharibə boyunca rejimi ayaqda saxlayan Hizbullahın “lağ obyektinə çevrilməsi” kimi qiymətləndirilib.

İranın əsas müttəfiqi olan Bəşşar Əsədin 8 dekabr 2024-cü ildə devrilməsindən bir il keçib. Buna baxmayaraq, Suriyada İranın necə və hansı mexanizmlə geri çəkilməsi məsələsi hələ də maraq doğurur . Bir il əvvəl Suriyanın hazırkı prezidenti Əhməd əl-Şəraanın rəhbərlik etdiyi islamçı fraksiyalar Şimal-Qərbdən sürətli və gözlənilməz hücumla Dəməşqə daxil olmuş və cəmi bir neçə gün ərzində ölkəni yarım əsrdən çox idarə edən Əsəd rejimini devirmişdilər.

Livan Prezidenti Cozef Aun BMT Təhlükəsizlik Şurasının nümayəndə heyətinə müraciət edərək ölkəsinin İsraillə müharibə istəmədiyini, atəşkəsin tam şəkildə yerinə yetirilməsi və İsrail qüvvələrinin cənub bölgələrindən geri çəkilməsi üçün təzyiq göstərilməsinin vacib olduğunu bildirib.