Digər Xəbərlər

İranın islahatçı lideri Mehdi Kərrubi bəzi parlament üzvlərini Rusiya prezidenti Vladimir Putinə “həddindən artıq sədaqət” göstərməkdə ittiham edib. Bu bəyanat parlament sədri Məhəmməd Bağır Qalibafın bir neçə gün əvvəl ölkə daxilindəki tərəfləri Rusiya–İran münasibətlərinə “ziyan vurmaq təhlükəsi” barədə xəbərdarlığından sonra səslənib.

İranın xarici işlər naziri ABŞ-ın nüvə silahı sınaqlarını bərpa etməsi ilə bağlı açıqlamanı, ABŞ prezidenti Donald Trampın gözlənilməz qərarından sonra, “geriyə doğru addım və məsuliyyətsiz davranış” adlandırıb. “Atom silahı daşıyan bir zorba, nüvə silahı sınaqlarını yenidən başlayır. Həmin o zorba, İranın dinc nüvə proqramını şeytanlaşdırırdı.” -deyə Əbbas Əraqçi sosial media paylaşımında yazıb.

Sudan Həkimlər Birliyi ölkənin qərbində yerləşən Şimali Darfur əyalətinin paytaxtı Faşir şəhərində 177 min nəfərin hələ də mühasirədə qaldığını və ölənlərin sayının minlərlə olduğunu bildirib. Birlikdən yayılan açıqlamada, Sürətli Dəstək Qüvvələrinin (RSF) şəhəri ələ keçirməsindən sonra Faşirdə baş verən “vəhşi qırğın və humanitar fəlakət” kəskin şəkildə pislənib. Bəyanatda vurğulanıb ki, Faşirdə baş verənlər “soyqırım, sistematik etnik təmizləmə və tammiqyaslı müharibə cinayətidir.”

İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin diplomatiyaya sarsılmaz sadiqliyini bir daha vurğulayaraq bildirib ki, dialoq kanalları çətin dövrlərdə belə açıq qalır. Çərşənbə günü İranın şimal-qərbindəki Təbriz şəhərində çıxış edən Əraqçi qeyd edib ki, İran diplomatiyasının əsas məqsədi milli ləyaqət və maraqları qorumaqdır. Nazirin sözlərinə görə, İran təhdid və təcavüzə əl atan tərəflərlə danışıqlara girməyəcək.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi İranın nüvə proqramının tamamilə sülh məqsədli xarakter daşıdığını yaxşı bilir. Baqai “Əl-Cəzirə”yə verdiyi müsahibədə qeyd edib ki, Qrossinin əsassız bəyanatları ABŞ və İsrail rejiminin İrana qarşı təcavüzkar hərəkətlərinə zəmin yaradıb. O, ABŞ tərəfindən dəstəklənən İsrailin iyun ayının ortalarında İrana qarşı başladığı hərbi hücuma işarə edib.

Sudan ordusu Darfur bölgəsində sürətlə genişlənən döyüşlər fonunda ön Cəbhə xəttində yerləşən qüvvələrinə dəstək məqsədi ilə yeni hərbi qüvvələr və texnika göndərib. Yeni kolonun hərəkət etdiyi anlar sosial şəbəkələrdə yayılan videolarda əks olunub. Kadrlarda canlı qüvvə və ağır silah-sursatla yüklənmiş zirehli nəqliyyat vasitələrinin döyüş zonasına doğru irəlilədiyi görünür.

Haitinin cənubunda Melissa qasırğasının səbəb olduğu güclü yağışlar nəticəsində La Digue çayının daşması fəlakətə yol açıb. Nəticədə azı 25 nəfər həyatını itirib. Petit-Goave adlı sahil qəsəbəsinin meri Jan Bertrand Subreme, çayın daşması nəticəsində çox sayda evin su altında qaldığını və onlarla insanın enkaz altında qaldığını bildirib. O, hökumətə xilasetmə əməliyyatları üçün təcili yardım çağırışı edib.

ABŞ-ın paytaxtı Vaşinqtona yerləşdirilən Milli Qvardiya bölmələrinin 2026-cı ilin fevralına qədər fəaliyyətini davam etdirəcəyi iddia edilir. CNN-in mövzu ilə bağlı məlumatlı mənbələrə istinadən verdiyi xəbərə görə, Müdafiə naziri Pit Hegseth Milli Qvardiya qüvvələrinin xidmət müddətini uzadıb. Məlumata əsasən, xidməti noyabr ayının sonunda başa çatacaq bölmələrin 2026-cı ilin fevralına qədər paytaxt Vaşinqtonda yerləşməyə davam etməsi gözlənilir.

ABŞ dövlət katibi Marko Rubio, 29 Oktyabr — Türkiyə Respublikasının 102-ci ildönümü münasibətilə təbrik mesajı yayıb. Rubio mesajında ABŞ-Türkiyə münasibətlərinin qlobal sülh, təhlükəsizlik və rifah üçün kritik əhəmiyyət daşıdığını vurğulayıb. “ABŞ və Amerika xalqı adından, Türkiyə xalqını Respublikanızın qurulmasının 102-ci ildönümü münasibətilə ən səmimi arzularımla təbrik edirəm. ABŞ-Türkiyə münasibətləri qlobal sülh, təhlükəsizlik və rifah baxımından həyati önəmə malikdir.Türkiyə Respublikası, köklü və dəyərli bir NATO müttəfiqidir.” – deyə Rubio bildirib.

Çexiya hakimiyyəti, Fransa tərəfindən barəsində beynəlxalq axtarış və həbs qərarı çıxarılan bir israilli ehtiyat hərbçini Praqadakı Vaclav Havel Beynəlxalq Hava Limanında bir neçə saat saxladıqdan sonra ölkədən çıxarıb. İsrailin Yediot Ahronot qəzetinin məlumatına görə, adı açıqlanmayan hərbçi Qəzza və Livandakı hücumlarda iştirak etdiyi iddiası ilə Fransada axtarışa verilib. O, Fransa ərazisinə heç vaxt daxil olmadığını, lakin Fransız hakimiyyət orqanlarının haqqında beynəlxalq həbs qərarı çıxardığını bildirib.

İspaniya hökuməti, Türkiyənin ilk milli reaktiv təlim və yüngül hücum təyyarəsi HÜRJET-in alınmasına rəsmi olaraq razılıq verib. Qərar, İspaniya Nazirlər Şurasının 28 oktyabr tarixli iclasında təsdiqlənib. "Nazirlər Şurası, mövcud AE.09 (F-5) təyyarələrinin yerinə döyüş və hücum təyyarələri üçün Enteqrə Təlim Sistemi (ITS-C) alınmasını, dəyəri təxminən 3 milyard 120 milyon avro olan müqavilə çərçivəsində təsdiqləyib." - deyə bəyanatda qeyd edilib.

Niderlandda keçirilən ümumi seçkilərdə səsvermə prosesi bu gün başlayıb. Ölkədə yerli vaxtla saat 10:30-da başlayan səsvermə 23:00-a qədər davam edəcək. Seçkilərdə 27 siyasi partiya və min 166 namizəd parlamentdəki 150 yer uğrunda mübarizə aparır. Namizədlər arasında 34 türk mənşəli siyasətçi də yer alır. Ekspertlərə görə, heç bir partiyanın 76 deputatlıq çoxluq əldə edərək təkbaşına hökumət qurması gözlənilmir.