Digər Xəbərlər

Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu (UNICEF) sözçüsü Tess İngram, Qəzzada elan olunan atəşkəsə baxmayaraq bölgəyə kifayət qədər humanitar yardımın çatmadığını və minlərlə uşağın aclıq içində yatdığını bildirib. “Atəşkəs təkbaşına qıtlığı bitirmir və ya bir ailənin sabah içməli suya çıxışı olacağı anlamına gəlmir. Ailələr hələ də sağ qalmaq uğrunda mübarizə aparır. İnsanların güvəndiyi sistemlər dağılıb, su və tibbi yardıma çıxış çox məhduddur.” - deyə İngram qeyd edib.

ABŞ Prezidenti Donald Tramp çərşənbə günü “Truth Social” platformasında yazaraq bildirib ki, “Biz Cənubi Koreyaya Kanada ilə görüşməyə gəlməmişik!”, ABŞ-ın şimal qonşusu ilə yaşanan ticarət gərginliyi fonunda belə açıqlama verib. Tramp bu gün Koreya yarımadasının şərqində yerləşən Gyeongju şəhərinə gəlib və Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak edəcək.

ABŞ Prezidenti Donald Tramp Tokioda Yaponiya Baş naziri Sanaye Takaişi ilə görüşüb və iki ölkə arasında nadir metalların təchizatının təhlükəsizliyinə dair saziş imzalanıb. Sazişin məqsədi Çinin bu sahədə tətbiq etdiyi ixrac məhdudiyyətləri fonunda hasilat, emal və təchizat zəncirlərini möhkəmləndirməkdir. Görüş zamanı Takaişi ABŞ-a 250 illik münasibətilə 250 albalı ağacı hədiyyə ediləcəyini açıqlayıb və Trampa keçmiş baş nazir Şinzo Abenin şəxsi qolf çubuqlarını təqdim edib. Tramp ABŞ-ın Yaponiyaya tam dəstək verdiyini bildirib və Takaişinin ölkənin ilk qadın baş naziri olmasını “böyük nailiyyət” kimi qiymətləndirib.

Çin Xarici İşlər naziri Vanq Yi dünən ABŞ Xarici İşlər naziri Marko Rubio ilə telefon danışığı aparıb. Görüşdə Vanq Yi bildirib ki, Çin-ABŞ münasibətləri dünyanın gələcəyi üçün böyük əhəmiyyət daşıyır və sağlam, sabit və davamlı ikitərəfli əlaqələr həm hər iki ölkənin uzunmüddətli maraqlarına uyğundur, həm də beynəlxalq ictimaiyyətin gözləntisinə cavab verir. Vanq Yi Çin Prezidenti Si Cinpin və ABŞ Prezidenti Donald Trampın beynəlxalq liderlər olduğunu xatırladaraq, daimi ünsiyyət və qarşılıqlı hörmətin Çin-ABŞ münasibətlərinin ən dəyərli strateji sərvəti olduğunu vurğulayıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, İranın Xarici İşlər nazirinin müavini Kazim Qəribabadi Əfqanıstana səfər edərək iki ölkə arasındakı münasibətlərin gündəliyində olan bir sıra məsələləri, o cümlədən sərhəd təhlükəsizliyini müzakirə edib. Bəqai bu açıqlamanı Tehranda keçirdiyi həftəlik mətbuat konfransında verib. O qeyd edib ki, Qəribabadinin səfəri sərhəd təhlükəsizliyi, su hüquqları, həmçinin hüquqi və məhkəmə əməkdaşlığı kimi mövzuların müzakirəsinə həsr olunub. Bu üç məsələ müvafiq Əfqan rəsmiləri ilə görüşlərdə xüsusi diqqətə alınıb.

Region hazırda əsrin ən böyük işğalı – Qəzzanın İsrail tərəfindən işğalı ilə üz-üzədir. Bu barədə İran Prezidenti Məsud Pezeşkian Tehranda keçirilən ECO Daxili İşlər Nazirlərinin 4-cü iclasında bildirib. Prezident çıxışında son iki ildə Qəzzada baş verənləri dünyada ən dəhşətli soyqırımı və insanlığa qarşı cinayət adlandırıb. ECO üzv ölkələri iqtisadi inkişaf üçün möhkəm infrastruktur yaratmalı, həmçinin regional sabitliyi təmin etməlidir. O, uzun fasilədən sonra keçirilən iclasın üzv ölkələrin əməkdaşlığı gücləndirmək əzmini göstərdiyini vurğulayıb və ECO Vision 2035 strategiyası ilə ECO polis qüvvəsi – ECOPOL-un yaradılmasının əhəmiyyətini qeyd edib.

Avropa İttifaqı (Aİ) ölkələrində Tesla markalı avtomobillərin satışları sentyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə 18,6 faiz azalıb. Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatına görə, ABŞ-li milyarder Elon Maskın sahibi olduğu Tesla şirkətinin satışları Aİ bazarında azalma tendensiyasını davam etdirir. Şirkətin satışları Avropada ardıcıl 9-cu aydır geriləmə göstərir.

Dördüncü İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Daxili İşlər Nazirlərinin iclası İran Prezidenti Məsud Pezeşkianın iştirakı ilə Tehranda öz işinə başlayıb. Tədbir 15 illik fasilədən sonra Tehrandakı Sammit Konfrans Mərkəzində keçirilir. Görüş, İran hökumətinin qonşu ölkələrlə əməkdaşlığı genişləndirmək və regional əlaqələri möhkəmləndirmək siyasəti çərçivəsində təşkil olunub.

ABŞ-ın prezidenti Donald Tramp 2028-ci ildə keçiriləcək prezident seçkilərində yenidən namizəd olma niyyətini açıqlayıb. Asiya turu zamanı jurnalistlərin suallarını cavablandıran Tramp “Bunu etməyi çox istərdim. Sorğularda ən yaxşı nəticələrə sahibəm” deyərək mümkün namizədliyinə işarə edib. Tramp, ABŞ konstitusiyasına görə prezidentlik vəzifəsinin iki müddətlə məhdudlaşdırılması məsələsində “qanuni mübarizə” aparıb-aparmayacağı soruşulduqda isə bu mövzunu hələ düşünmədiyini bildirib.

Bazar ertəsi günü Tehran şəhərində Omanın Daxili İşlər Naziri Həmud bin Faysal əl-Busaidi ilə görüşən Pezeşkian iki qonşu ölkə arasındakı münasibətlərin “qardaşlıq, qarşılıqlı hörmət və xoş niyyət” əsasında qurulduğunu və regional çağırışlar zamanı bir-birlərini dəstəklədiklərini qeyd edib. İran prezidenti Məsud Pezeşkian Omanın bölgədə sülhün təmin olunması istiqamətində diplomatik səylərini alqışlayaraq, Tehranının Muskatla müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Birləşmiş Millətlər Təşkilatının (BMT) 80 illiyi münasibətilə çıxış edərək bildirib ki, İran millətlərin hüquqlarını həqiqətən təmsil edən və ədalət uğrunda dayanan bir BMT-yə inanır. Bazar ertəsi Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutunda keçirilən mərasimdə çıxış edən İsmayıl Baqai deyib ki, hazırkı qlobal vəziyyət bəzi güclərin BMT Nizamnaməsinin əsas prinsiplərinə əməl etməməsinin nəticəsidir.