BAKI,VOA
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bəzi xarici media qurumlarında Azərbaycanla bağlı həqiqətə uyğun olmayan və ictimai rəyi çaşdırmağa yönəlmiş məlumatların yayıldığını bildirib. Agentlik sentyabrın 2-də Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğın hadisəsi ilə bağlı Polşada yerləşən “Nexta” kanalının yaydığı məlumatı buna nümunə göstərib.
VOA xəbər verir ki, Medianın İnkişafı Agentliyinin bəyanatında “Nexta”nın yanğın hadisəsini subyektiv mülahizələr əsasında dövlətlərarası siyasi münasibətlərlə əlaqələndirməyə çalışdığı bildirilib. Agentlik yayılan məlumatın ictimai rəyi çaşdırmaq məqsədi daşıdığını qeyd edib.
Bəyanatda aparılan təhlillərin baş verənlərin vahid mərkəzdən idarə olunan qarışıq informasiya kampaniyasının tərkib hissəsi olduğunu göstərdiyi iddia edilib. Agentlik bəzi Qərb media qurumlarını Azərbaycana qarşı dezinformasiya kampaniyası aparmaqda ittiham edib.
Qurumun mövqeyinə görə, regionda qonşu dövlətlər arasında münasibətlərin normallaşması, sabitliyin və rifahın möhkəmlənməsi müəyyən dairələrin maraqlarına uyğun gəlmir. Agentlik bunun nəticəsində Azərbaycanın informasiya məkanında çaşqınlıq və süni təşviş yaratmağa yönəlmiş məlumatların intensivləşdiyini bildirib.
Medianın İnkişafı Agentliyi ümumi informasiya mühitinin izlənilməsi və təhlili zamanı son dövrlərdə bir sıra Qərb media qurumlarında Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması hallarının müşahidə edildiyini açıqlayıb.
Bəyanatda Böyük Britaniyanın “The Independent” və “The Guardian” qəzetləri, “BBC” yayım qurumu, ABŞ-nin “CNN” telekanalı, Fransanın “Le Monde” qəzeti və Polşanın “TVP” telekanalının adı çəkilib. Agentlik bu qurumlarda yayımlanan bəzi materiallardakı yanaşmaları birtərəfli və əsassız adlandıraraq onları Azərbaycanın beynəlxalq nüfuzunu hədəfə alan informasiya kampaniyasının tərkib hissəsi kimi qiymətləndirib.
Agentlik bu cür fərziyyə və iddiaların yayılmasını informasiya manipulyasiyasının təzahürü hesab etdiyini bildirib. Qurum Azərbaycanın suverenliyinə, daxili və xarici siyasətinə, eləcə də beynəlxalq nüfuzuna kölgə salmağa yönəlmiş hesab etdiyi halların araşdırılması və dezinformasiya cəhdlərinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirəcəyini açıqlayıb.