BAKI,VOA,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp ölkənin hərbi silah və sursat ehtiyatlarının azaldığı barədə yayılan məlumatları qəti şəkildə təkzib edib. O, ABŞ ordusunun bəzi mühüm silahlarının tükənmək üzrə olduğuna dair xəbərləri “100 faiz yanlış” adlandırıb.
VOA xəbər verir ki, Tramp özünün “Truth Social” səhifəsində yayımladığı bir sıra paylaşımlarda ABŞ-nin silah ehtiyatlarının azalması barədə xəbərlərə münasibət bildirib. ABŞ Prezidenti belə məlumatları hətta “xəyanətkar” adlandırıb.
Son həftələrdə bir sıra media qurumlarında və müstəqil təhlillərdə ABŞ ordusunun bəzi ən güclü silahlarının ehtiyatlarının azaldığı barədə məlumatlar yayılıb. Xüsusilə “Tomaqavk” qanadlı raketləri, “Patriot” hava hücumundan müdafiə raketləri və “THAAD” raket əleyhinə müdafiə sistemləri üçün nəzərdə tutulan raketlərin ehtiyatları ilə bağlı narahatlıqlar gündəmə gətirilib.
Tramp isə bu məlumatların həqiqəti əks etdirmədiyini bildirib. Onun sözlərinə görə, ABŞ ordusunun orta və yüksək səviyyəli döyüş sursatlarının ehtiyatları demək olar ki, tükənməz həcmdədir.
ABŞ Prezidenti ölkədə silah və sursat istehsalının da sürətləndirildiyini açıqlayıb. Tramp Vaşinqtonun hərbi istehsal imkanlarını artırmaq istiqamətində addımlar atdığını vurğulayıb.
Tramp, həmçinin ABŞ-nin müttəfiq ölkələrə silah satışının yenidən başlanacağını bildirib. İranla müharibə fonunda bəzi müttəfiqlərə nəzərdə tutulan silah tədarükündə gecikmələr yaranmışdı.
Məlumata görə, İsveçrə və Yaponiya da daxil olmaqla bəzi ölkələrə silah tədarükü bir neçə ay gecikib. Tramp isə ABŞ-nin həm öz hərbi ehtiyaclarını qarşılamaq, həm də müttəfiqlərinə silah satışını davam etdirmək imkanına malik olduğunu bildirir.