BAKI,VOA
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında aviasiya əlaqələrinin genişləndirilməsi imkanları müzakirə edilib.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) İdarə Heyətinin sədri Samir Rzayev sosial media hesabında paylaşım edib.
"Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri İssam bin Saleh əl-Cüteyli ilə bu gün keçirilən görüşümüzdə ölkələrimiz arasında dostluq münasibətləri və aviasiya sahəsində əməkdaşlığın perspektivləri üzrə fikir mübadiləsi apardıq.
Regionda baş verən geosiyasi proseslərin hava nəqliyyatına təsirini və Azərbaycan Hava Yollarının Səudiyyə Ərəbistanına uçuşları ilə bağlı mövcud vəziyyəti müzakirə etdik. Həmçinin Azərbaycan Hava Yollarının inkişaf strategiyası, donanmanın genişləndirilməsi və marşrut şəbəkəsinin inkişafı barədə danışdıq.
İnanıram ki, birgə səylərimiz Azərbaycan və Səudiyyə Ərəbistanı arasında aviasiya əlaqələrinin genişlənməsinə və sərnişinlər üçün yeni səyahət imkanlarının yaranmasına xidmət edəcək", - paylaşımda qeyd edilib.