BAKI,VOA
Dubay Beynəlxalq Hava Limanı fəaliyyətini müvəqqəti dayandırıb.
VOA xəbər verir ki, bu barədə Dubay hökumətinin media ofisi sosial şəbəkə platforması X-də məlumat yayıb.
Bildirilib ki, sərnişinlərin, hava limanı əməkdaşlarının və aviaşirkət ekipajlarının təhlükəsizliyini təmin etmək məqsədilə Dubay Beynəlxalq Hava Limanının (DXB) fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Qeyd olunub ki, bütün prosedurlar müəyyən edilmiş təhlükəsizlik qaydalarına uyğun həyata keçirilir.
Anadolu agentliyinin Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, ölkənin hava hücumundan müdafiə sistemləri İrandan gələn ballistik raketlər və pilotsuz uçuş aparatları təhlükəsinə qarşı fəaliyyət göstərir.
Nazirliyin açıqlamasında bildirilib ki, BƏƏ-nin hava hücumundan müdafiə sistemləri ballistik raketləri zərərsizləşdirib, döyüş təyyarələri isə pilotsuz uçuş aparatları və qanadlı raketləri məhv edib.
Həmçinin qeyd olunub ki, ölkənin müxtəlif bölgələrində eşidilən partlayış səsləri hava hücumundan müdafiə sistemlərinin ballistik raketləri, eləcə də döyüş təyyarələrinin pilotsuz uçuş aparatları və qanadlı raketləri məhv etməsi ilə bağlıdır.
Xatırladaq ki, bir həftə əvvəl Dubay hava limanı da hücuma məruz qalmışdı.